MEHMAN AĞAYEV: “BİZƏ KƏŞFİYYATLA BAĞLI YANLIŞ MƏLUMAT VERİLMİŞDİ” Tarix hər zaman özündən sonra yazılıb. Və bu tarixin yazılmasında heç şübhəsiz ki, bir az da obrazlı şəkildə desək, o tarixi yaradanların xatirələri əvəzedilməzdir.
Biz də ən yeni tariximizin doğru-dürüst yazılması üçün Qarabağ uğrunda gedən döyüşlərin ən aktiv fazası olan 1992-ci ildə Laçın və Ağdərə rayonu ərazisində keçirilən hərbi əməliyyatların əsas iştirakçılarından olan 713 nömrəli hərbi hissənin şəxsi heyətinin xatirələrini hissə-hissə geniş ictimaiyyətə təqdim edirik.
713 nömrəli hərbi hissənin keçdiyi şərəfli döyüş yolu o zamankı hərbi və siyasi rəhbərlik tərəfindən bu və ya digər şəkildə dediyimiz geniş ictimaiyyətə çatdırılmasa da, sonradan bu döyüşkən hərbi hissənin qaziləri tərəfindən bütün həqiqətlər ortalığa qoyuldu və bu gün də qoyulmaqdadı. Təsadüfi deyil ki, AXC-Müsavat hakimiyyəti 1992-ci il 9 oktyabrda Bakıda müstəqil Azərbaycanın ilk hərbi paradını düzənləyib bunu vətənpərvərlik hissinin yüksəldilməsində böyük rol oynamasını vurğulayanda artıq əsil paradı 713 nömrəli hərbi hissənin qəhrəmanları Hoçaz yüksəkliyinə dövlətimizin bayrağını sancmaqla qeyd etmişdilər.
Amma onların bu qəhrəmanlıqları nə yazıq ki, o zamankı hakimiyyətin yükümlüləri tərəfindən qiymətləndirilmədi. Və yenə də nə yazıq ki, bu proses sonradan da davam etdirildi. Siyasi oyunbazlar Bakıda mağara-məbədə çəkilib öz siyasi rituallarını icra edirdilər. Və sonradan da sanki bu gerçəklər unutduruldu...
713 nömrəli hərbi hissə və Azərbaycan üçün qazanılan ən böyük uğurBəli, əsil paradı o zaman 713 nömrəli hərbi hissənin əsgərləri Laçında, Hoçaz yüksəkliyində düzənləmişdilər. Deyilənlərə inansaq, "o zamankı müdafiə naziri Rəhim Qazıyev parad düzənləmək üçün hansısa hərbi hissələri hansısa mövqedən çıxarıb Bakıda hərbi şou düzənləyəndə" 713-ün qəhrəmanları birbaşa Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi hücum əməliyyatını 701 saylı briqadanın tərkibində olan 713 saylı hərbi hissənin birinci bölüyün komandiri Rəhman İsgəndərovun hazırladığı əməliyyat planı əsasında darmadağın etmiş, düşmənin böyük itki verərək geri çəkilməsinə nail olmuşdular.
Hoçaz yüksəkliyini ələ keçirməklə Laçın koridoruna nəzarətin ələ alınması Azərbaycan üçün ən böyük uğur idi. Məhz bu uğurdan əvvəl 713 nömrəli hərbi hissə Laçın rayonunun Pircahan kəndinə qədər gedib çıxmış, bir çox strateji nöqtələri nəzarət altına almışdı. Sonradan bu hərbi hissənin Ağdərədəki döyüş xəttinə gətirilməsi və bu döyüş xəttində 713-ün keçirdiyi əməliyyatlar həm də sonrakı uğurlar üçün sanki bir təlim məşq oldu. Amma nədənsə o zamankı hakimiyyət bu uğuru sanki görməzliyə vurdu...
Vəng əməliyyatıyla bağlı “dazor qrupu”nun başçısı danışır Təbii ki, sonradan baş verən proseslər ayrıca bir mövzunun söhbəti olduğu üçün biz bunlara toxunmuruq. Heç 713 nömrəli hərbi hissənin hansı zərurət üzündən döyüş mövqeyindən çıxarılıb Ağdərəyə gətirilməsinin nədənlərinə də toxunmuruq. Şübhəsiz ki, bütün bunlara da günün birində döyüşçülərin öz dilləriylə aydınlıq gətiriləcək...
Hələliksə 713-ün canlı tarixləri Ağdərə rayonunda düzənlənən Vəng əməliyyatıyla bağlı xatirələrini danışacaq. Bu əməliyyata başlamazdan öncə öndə gedən “dazor qruppası”nın rəhbəri və bu qrupun üzvləri öz xatirələriylə o günlərə işıq salacaq. O xatirələrə işıq salacaq adamsa Vəng əməliyyatında “dazor qruppası”nın rəhbəri olmuş AĞAYEV MEHMAN AĞA OĞLUdur.
“150 metr Qabağa getmişdik ki, tank əleyhinə mina aşkarladıq” “Vəng əməliyyatına 2 sentyabr 1992-ci ildə başlanıldı. O zaman məni “dazor qruppası”nın komandiri təyin etdilər. Qrupumuzda 5 nəfər döyüşçü var idi: mən, Sahib, Əfilağa, Ağa və Asif. Bizə məlumat verilmişdi ki, axşamdan kəşfiyyat gedib. Biz də döyüş tapşırığı əsasında yol ilə Vəngə doğru getməli idik. Üstümüzdə özümüzə aid silahlar və rabitə əlaqəsi saxlamaq üçün radiostansiya da var idi. Tapşırığa əsasən biz hər yüz, yüz əlli metrdən bir arxaya, komandanlığa məlumat verməli idik. Təbii ki, yol boyunca gözlənilməz situasiya ilə üzləşərdiksə o məsafədən asılı olmayaraq dərhal komandanlığa məlumat verəcəkdik. Və beləcə biz döyüş tapşırığını yerinə yetirmək üçün hərəkətə başladıq.
Haradasa 100-150 metr qabağa getmişdik ki, yolda tank əleyhinə basdırılan minanı aşkarladıq. Minanın üstünə ağac budaqlarından da qırıb tökmüşdülər. Bu minanın basdırıldığı koordinatla bağlı komandanlığa məlumat verdik. Yenə də bir az getmişdik ki, qarşıda yolun üstündə qamışdan düzəldilmiş daxmaya oxşar bir daldalanacaq gördük. Əvvəlcə dayanıb həmin ərazini ətraflı şəkildə müşahidə etdik. Orada nəzərə çarpan bir şey olmadığını gördük. Bununla bağlı yenə də arxamızca gələn qüvvələrə məlumat verdik.
Sonra bir az getmişdik ki, səslər eşitdim. Diqqətlə qabağa baxanda qarşıda 50-60 nəfərin oturduğunu gördük. Artıq onlar da bizi görmüşdülər. Mən də özlüyümdə fikirləşdim ki, doğrudanmı bunlar bizim axşamdan gedən kəşfiyyatın uşaqlarıdır!? Çaşıb qalmışdım. Hamısı da oturmuşdular. Gedib düz ermənilərin üstünə çıxmışdıq. Ani olaraq bunları gözdən keçirəndə gördüm ki, bunlardan birinin əlində əl pulemyotu var, özü də düz bizə sarı tuşlanıb. Qalan ermənilərsə başlarını aşağı salıb hərəsi öz işiylə məşğul idi. Hamısı da yaşlı, saqqallı ermənilər idi. Onlara yaxınlaşdıq , onların qollarındakı bayraqdan anladım ki, bunlar ermənilərdir. Burada artıq azərbaycan dilində danışılası bir şey yox idi. Bunlar da tam sakitcə dayanıblar. Mən beynimdə atılacaq addımlarımızı saf-çürük edirəm. Ani bir ehtiyatsızlıq hər birimizin məhvinə səbəb olacaqdı. Mən tez-tez əlində pulemyot olan erməniyə diqqət kəsilirəm ki, bu oğraş əlini aşağı salan kimi mən uşaqlara “dağılışın!” əmrini verim. Bunun da əli bir az aşağı enən kimi dərhal pulemyotu yenə də qaldırıb bizə sarı tutur. Mənim üstümdəki yük də çox idi. Bir çiynimdə avtomat, o biri çiynimdə snayper, özüm üçün götürdüyüm patronlardan əlavə içində 1000 ədəd patron olan sumka da mənim çiynimdən asılmışdı, üstümdəki əl qumbaraları və sair...
“Pulemyotçunun əlini aşağı salacağı anı gözləyirdim və...” Özlüyümdə fikirləşirdim ki, bu oğraş pulemyotu bir dəfə fırlasa bizim hamımızı qıracaq. Arxadan da bizim canlı qüvvə gəlir. Mən bunları görürdüm. Ancaq fikrim elə qabaqdadı, düşdüyümüz vəziyyətdən necə çıxacağımızın yollarını arayırdım. Bircə uşaqlara onu deyə bilmişdim ki, həə, uşaqlar biz artıq çatdıq. Nə üstümdə 2 dənə qumbaradan, nə də digər silahlardan istifadə etmək imkanım artıq yox idi. Azca əlimi tərpətsəydim, heç şübhəsiz ki, ermənilər hamımızı gülləbaran edəcəkdilər. Elə çətin bir situasiya yaranmışdı ki, sanki əl qolum hər tərəfdən bağlı idi. Amma yenə də fikirləşdim ki, nə olmasından asılı olmayaraq vəziyyətdən çıxmalıyıq.
Mən hərəkətlərimdəki aldadıcı nüanslar daha da inandırıcı olsun deyə bunlara bir az da yaxınlaşıb rus dilində qışqırdım ki, komandiriniz kimdir. Gördüm ki, bunlar hamısı şübhəli nəzərlərlə mənə baxmağa başladılar. İkinci dəfə sual etdim ki, komandiriniz kimdir. Gördüm ki, arxadan bir nəfər uzun oğlan ayağa qalxdı və mənə yaxınlaşdı. Arxamızca gələn birinci bölüyün komandiri Rəhman İsgəndərov da artıq bizi görmüşdü. Bu uzun oğlan mənə yaxınlaşanda buna dedim ki, sənin xəbərin var ki, Qarabağ probleminin həlli istiqamətində artıq danışıqlar prosesi başlayıb. Məsələnin sülh yoluyla həll edilməsi müzakirələrin predmetinə çevrilib. İndi bizlər də burada o danışıqlara xələl gətirə biləcək addımlar atmamalıyıq. Mən belə danışa-danışa həm vaxtı udmaq istəyir, həm də əlində pulemyot olan erməninin əlini aşağı salacağı anı gözləyirdim. Belə olacağı anda dərhal öz uşaqlarımıza “dağılışın!” komandası verib silahları işə salmağı düşünürdüm.
“Hiss elədim ki, məndən ət iyi gəlir”
Bu uzun erməni mənə baxıb gülümsəməyə başladı. Bu anda hiss etdim ki, arxada nəsə səs gəlir. Dönüb baxanda gördüm ki, erməninin biri yaxınlaşıb əlini Ağanın kürəyinə sarı uzadıb radiostansiyanı almaq istəyir. Ağa lap axırda durmuşdu. Radiostansiya da Ağanın kürəyində idi. Mən dərhal ona yaxınlaşıb, sən neynirsən və üzümü bu uzun oğlana tutub dedim ki, sən necə komandirsən ki, sənin əsgərin belə hərəkətlərə yol verir. Çox qəribə bir vəziyyətə düşmüşdük. Biz özlüyümüzdə vəziyyətdən çıxış yolunu arayır, özlüyündə bunlarda da çox güman ki, “beş nəfər 60 nəfərin qarşısında nə edə bilər ki?” əminliyi yaranmışdı. Silah işlətməyin özü belə bizim üçün mümkünsüz hala gəlmişdi. Mən elə hey pulemyotçunu güdürdüm. Artıq o da tam hazır vəziyyətdə dayanmışdı. Ermənilər silahlarını bizə sarı tuşlamamışdılar, bircə həmin pulemyotçudan başqa. Onlar da əslində baş verənlərin nədən ibarət olmasını heç anlamırdılar. Çünki bizim belə qorxmazcasına bunların içərisinə girməyimiz onlar üçün müəyyən şübhələrə səbəb olmuşdu. Sonradan “komandirləri”ylə danışıqlar aparanda artıq bunlar fikirləşirdilər ki, azərbaycanlılar öz ayaqlarıyla gəlib bizim əlimizə düşüblər, bunlar üçün onsuz da çıxış yolu tükənib. Mən də vaxt uzandıqca hiss edirdim ki, artıq saniyələrin hökmünə az qalıb. Ani olaraq pulemyotçuya nəzər saldım. Onun əli aşağı düşən kimi dərhal bərkdən “uşaqlar, dağılışın!” deyə əmrini verib özüm də arxaya tullandım. Elə bu anda həmin pulemyotçu atəş açmağa başladı. Açılan güllələrin tam əksəriyyəti mənim çiynimdən asılan “komissionnı”nın sumkasındakı patronlara dəyirdi. Hiss elədim ki, ət iyi gəlir. Hər yanı atəş səsi bürüdü. O zaman deyəsən Sahib də əl pulemyotuyla ermənilərin topasına atəş açmağa başladı. Əfilağa üzüaşağı düşdü. Mən ağzım üstə uzanmışdım.
“
Atışmanın səsindən Vaqif müəllim məni eşitmirdi” Çiynimdəki silahlar, patronlar başımın üstündən yerə aşdı. Ağzım üstə yerə uzanıb əllərimlə başımı örtmüşdüm. Hər yandan güllə yağırdı. Uşaqlar hərəsi bir yerə dağılışmışdı. Mən də istəyirəm ki, sürünə-sürünə gedib silahı götürə bilim. Qırğın başlayıb. Bir anlığa fikirləşdim ki, bizimki elə bura qədərmiş. Heç kimdən də xəbərim yox idi. “Malıııış, Talıııış” deyə uşaqları səslədim. Biz “Malış” ləqəbiylə Asifi, “Talış” ləqəbiylə də Əfilağanı çağırırdıq. Ancaq heç kimi görmədim. Ağanın da sağ olduğunu gördüm. Gördüyüm həm də o idi ki, hər yandan alov çıxırdı. Bir balaca başımı qaldırıb ətrafa göz gəzdirdim. Asəf gəlib məni çevirib bir dənə şprislə ağrıkəsici iynə vurdu. Sürünərək yerimi dəyişib silahımı götürə bildim. Ağaya dedim ki, mən atdıqca sən də patronları doldur. Aşağıda bulaq var idi, bulağın yanındakı erməniləri görürdüm. Əvvəlcə hiss etməsəm də, sonradan gördüm ki, erməni pulemyotçusunun açdığı atəşdən yaralanmışam. Məndən gələn ət iyi aləmi bürümüşdü. Ancaq bütün bunlara baxmayaraq fikrimi ancaq qarşıdakı ermənilərə atəş açmağa yönləndirmişəm.
Bir də gördüm ki, yuxarıdan ikinci bölüyün komandiri Vaqif müəllim ayaq üstə güllə ata-ata gedir. Mən də qışqırdım ki, “Vaqif, aşağı əyil, aşağı əyil”. Güclü atışmanın səsindən Vaqif məni eşitmirdi. Baş verənlər elə sürətlə cərəyan edirdi ki, az bir zaman ötəndən sonra artıq mən Vaqifi görə bilmədim.
“Birinci bölüyün uşaqları şiddətli döyüşə girmişdilər” Atışma getdikcə qızışırdı. Arxadan gələn birinci bölüyün döyüşçüləri sepşəkilli yayılaraq şiddətli döyüşə girmişdilər. Mən də bu imkandan istifadə edərək yavaş-yavaş arxaya sürünməyə başladım. Bütün gücümü toplayıb döyüş xəttindən arxada olan həkimə doğru hərəkət edirdim. Bu zaman kimsə “məni vurublar” deyirdi. Bu da deyəsən Fərrux idi. Yuxarı çıxanda gördüm ki, orada tank dayanıb. Onlara dedim ki, yolda mina var idi. Dedilər ki, xəbər eləmişdilər. Onu da dedilər ki, arxadan Göyçay bölüyü gəlir. Dedim axı burada neynirsiniz, axı hücum qabaqdadı. Sonra tankistə koordinat verdim, o da vurdu. Mən haradasa döyüş xəttindən təxminən 250 metr uzaqlaşmışdım ki, orada gördüm ki, rəhmətlik mayor Əhmədov və rəhmətlik Mehdi Rüstəmov dayanıb. Mehdi məni görəndə təəccübləndi. Onlara “budu bizə deyilən kəşfiyyat?” deyə sual etdim. Gördüm ki, onların özləri də çaşqınlıq içində idilər ki, kəşfiyyatla bağlı bizə yanlış məlumat verilmişdi. Mənə burada ilkin yardım göstəriləndən sonra silahları təhvil verdik və bizi Kəlbəcərə hərbi hospitalına gətirdilər...
İGİD TEYMURLU
Tv 713. az