LAÇINLAŞAN ARİF PAŞA
İGİD TEYMURLUO, CİSMƏN DİRİ ŞƏHİDDİR!Bizi Laçına və itirilmiş yurd yerlərimizə qovuşduran Allaha həmd olsun! Bu gün işğaldan azad edilmiş torpaqlarımız kontekstində hələ ki, öz əlimizin öz başımıza tam şəkildə çatması üçün də görünür zamana ehtiyac var. İnşəAllah o gün də gələcək. Yetər ki, bizlər öz unutqanlığımıza və qara durna balaları tək bir-birimizin başına döyəcləməyə son qoyaq...
Ortalıqda fərqli düşüncələrin, fərqli yanaşmaların olmasında qorxulu şey yoxdur...Zatən həyatda ideal olan şey və ideal obraz yoxdur. Mənim üçün ideal olan bir kəs sənin üçün ideal olmaya da bilər. Amma bir qulun haqqına girmək əsla olamaz...
30 ilə yaxın bir müddətdə içimizi saran LAÇIN İTKİSİ bu zaman kəsiyində ARİF PAŞA adlı Allahın bir qulunu əsas diqqət mərkəzində saxladı. Bütöv mətbuatımız Laçından söz düşən kimi Arif Paşanı axtardı. Ortalıqda laçınlaşan Arif Paşa var idi və var. Amma zaman-zaman Arif Paşanı hədəf götürənlər nə etdilərsə laçınlaşa bilmədilər. Allahın Arif Paşa adlı qulunun haqqına girməyin!
Vətənləşən, yurdlaşan soydaşlarımız yetərincədir, Arif Paşa da bunlardan biri.
Bu gün Azərbaycanın hansı küncünə getsən orada həmin vətənləşən soydaşlarımızın bir "evi", bir "ocağı" var. Və bu ev, bu ocaq sahiblərinin bayraqdarları Şəhidlərimizdir. Sağ qalan ocaq sahibləri, yurdsevərlərimizsə cismən diri Şəhidlərimizdir. Arif Paşa da diri Şəhidlərimizdəndir.
Kimin necə qəbul etməsindən asılı olmayaraq Arif Paşa artıq tariximizin bir parçasına çevrilib. Pisiylə, yaxşısıyla o, bizimdir. Yetər ki, bu kateqoriyadan olan insanlarımızı öz qədərində göstərək, ondan əskiyinə, yaxud artığına yox.
Arif Paşa dövlətçiliyimizə, millətçiliyimizə, mənəvi prinsiplərimizə bağlı adamdır. Adam canından çox sevdiyi vətənində hər cür təzyiqə, hər cür təqibə məruz qaldı, amma çoxları kimi yadlara əl açıb Dövlət Babanın bostanına daş tullamadı. Sözünü açıq deyib, indi də deyir. Dövlətin, millətin mənafeyi söz konusu olanda şəxsi mənfəətlər baxımından zillətlə üzləşsə də susub. Hətta hansısa məsələdə onun suçu olsa belə ötən illərin ağrı acısı həmin suçun bədəlidir, yetmədimi!?
Yüzillər ötsə belə Arif Paşa hər zaman söz konusu olacaq. Məmləkətimizdə yüzlərlə hərbçi, yüzlərlə siyasətçi var ki, müharibə tariximizdə atdığı addımlar kontekstində hətta fəaliyyətdə olduğu dövrdə belə unudulub. Çünki onlar yurdlaşa bilməyiblər. Amma hərbçi Arif Paşa və millətinin, dövlətinin varoluşu uğrunda daim canını fəda etməyə hazır olan ideya, fikir adamı Arif Paşa onlardan fərqli olaraq hər zaman diqqət mərkəzindədir.
Arif Paşa təkbaşına bir tabordur, Arif Paşa təkbaşına bir siyasi institutdur. Arif Paşa təkbaşına bir vətəndaş cəmiyyətidir. Və belə insanlarımız Azərbaycanımızda çox azdır. Məmləkətimizə onu yaşadan insanıyla sahib çıxaq!
Arif Paşa haqqında deyilən guya 1992-ci ildə Cəbhə hakimiyyəti üçün hansısa oyunlar oynayırmış ifadəsini söyləyənlər, Allahınızı yaddan çıxarmayın! Elə idisə, nə əcəb Arif Paşanı elə həmin cəbhəçilər hakimi-mütləqlər səviyyəsinə qaldırmadılar, nə əcəb özləri kimi lüks şəraitlə təmin etmədilər?..
AMMA CƏBHƏDAXİLİ MÜBARİZƏDƏ BÜTÜN İDDİALI VƏ OYUN OYNAYAN FUNKSİONERLƏRİN HAMISI ARİF PAŞANIN ADINDAN, POTENSİALINDAN YARARLANMAQ İSTİQAMƏTİNDƏ ADDIMLAR ATDILAR. Arif Paşasa bu prosesdə əxlaqa söykənən siyasət yürüdüb namərd körpüsündən keçmədi, heç kimə yem olmadı...
Bunca illər ərzində Arif Paşa haqqında söylənilən min cür latayırın şahidi oldum, amma konkret fakta söykənən sübutları ortalıqda görmədim. İnsafınız olsun. Azərbaycanın göbəyində olan rayonlarda ermənilər min cür vəhşiliklər törətdilər, məntiqlə bu vəhşilikləri ermənilər birbaşa sərhəddə yerləşən Laçında daha tez edə bilərdilər.
AMMA EDƏ BİLMƏDİLƏR...
NİYƏ?..
Deyimmi? Çünki orada Laçının qeyrətli oğlanları bir canfədailər ordusu formalaşdırmaqla həm də milli ordumuzun təməlini qoymaqda, düşmənə can yanğısını göstərməkdə idilər!
Arif Paşa və Arif Paşa kimi Oğlanlar var idi orada. Bu günün prizmasından o illərə boylananlar unutmasınlar ki, 1988-1992-ci illərdə Laçında başda Arif Paşa olmaqla özünümüdafiə batalyonunun döyüşçüləri olmasaydı, ermənilər Laçını qan çanağına döndərərdilər. Laçının da, Şuşanın da getməsi ermənini Cənubi Qafqazda təbəəliyə götürüb sonradan onlara oyuncaq dövlət quran rusların bu zatıqırıqlarla işbirliyinin, 300 illik mənfur planlarının sonucu olaraq ortaya çıxdı. Və burada fərd olaraq kimlərinsə buraxdıqları səhvlər həm ermənilər, həm ruslar üçün bir tutalğac oldu...
Bəli, hər şeyin zamana ehtiyacı var. İnşəAllah, zamanın işığında hər şey aydın görünəcək - məmləkətimizin bu başından o başına qədər. Öyləsə, bu qara durna taleyini yaşamaq neyçün? Nədən bizdən bir addım öndə gedənlərimizi daşlayırıq. Axı bizim də arxamızca gələnlər var....
18-05-2021, 21:06
Вернуться назад