Tələbə kreditləri daha çox dövlət sifarişi qalmaqla yanaşı, öz hesabına təhsil alan tələbələri əhatə edəcək. Burada məqsəd ali təhsilin hər kəs üçün əlçatan edilməsidir.
Tv 713 .az xəbər verir ki, bunu Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, bununla sosial həssas qruplardan olan vətəndaşların ali təhsil almaq imkanı artacaq:
"Növbəti tədris ilindən daha çox tələbənin maliyyələşməsini təhsil tələbə kreditləri ilə həyata keçirə biləcəyik. Qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra növbəti tədris ilindən tətbiq ediləcəkdir" .
Nazir bildirib ki, tələbə kreditləri iki qrupa veriləcək:
"Sosial həssas ailə qruplarına və standart qrupa aid olan tələbələrə veriləcək. Təhsil tələbə kreditləri veriləndə ilkin mərhələdə ehtiyacla yanaşı, giriş balları da nəzərə alınacaqdır. Yüksək bal burada öncül rolu oynayacaq. Bununla rəqabətliliyi də təmin edə biləcəyik. Tələbənin qiymətləri yüksəkdirsə, güzəştlər də nəzərdə tutulacaqdır. Təhsil tələbə krediti kommersiya yox, təhsilin əlçatanlılığı xarakteri daşıyır. Fond dövlət büdcəsindən maliyyələşir. Tələbə öz təhsilini bitirdikdən sonra təxminən 20 il ərzində vəsaiti ödəyə biləcək. Tələbə hərbi xidmətdə olduğu müddətdə, yaxud da işləmədiyi müddətdə kiçik möhlət hüququ veriləcəkdir".