DataLife Engine / Tarixi utanc

Tarixi utanc

Tarixi utanc

XAQANİ CƏFƏRLİ



Kommunist Çinin Şərqi Türküstanda müsəlman uyğur türklərinə qarşı soyqırım siyasətini pisləyən 44 ölkənin BMT-yə etdiyi müraciətin altında bir müsəlman dövlətinin imzası olmadığı kimi, türk dövlətlərindən heç birinin də imzası yoxdur. Bir neçə yüz min bədəvi ərəbə görə Türkiyə ilə İsrail arasında münasibətləri düşmənçilik səviyyəsinə çatdıran “Bütün türklərin lideri” Rəcəb Tayyib Ərdoğan Çinin Şərqi Türküstanda törətdiyi soyqırıma etiraz etməkdən çəkindiyi kimi, uyğur türklərinin müdafiəsinə qalxan 44 ölkəyə dəstək verməkdən yayınıb. Bu tarixi utanc özünü müsəlman və türklərin lideri hesab edən dövlət başçılarının siyasi bioqrafiyasından silinməyəcək.

ABŞ, Almaniya, Avstraliya, Kanada, Fransa, Böyük Britaniya, Yaponiya və daha 37 ölkə müsəlman uyğur türklərinin müdafiəsinə qalxdığı bir zamanda 57 İslam ölkəsinin liderləri susduğu kimi, Kommunist Çinin insanlıq əleyhinə cinayətlərini bütün İslam aləmində pisləyən nüfuzlu bir din xadimi də tapılmadı.

Çox təəssüf ki, İslam və türk dünyasında Kommunist Çinin Şərqi Türküstanda müsəlman uyğur türklərinə qarşı törətdiyi soyqırıma qarşı etiraz hərakatları da təşkil edilmir. Siyasi liderlər, nüfuzlu ziyalılar Çinin insanlıq əleyhinə cinayətini pisləyən, məhkum edən çağrışlar etmirlər.

Bu vəziyyətdən daha da ürəklənən Çinin kommunist rəhbərliyi Şərqi Türküstanda uyğur türklərinə qarşı soyqırım siyasətin davam etdirdiyi kimi, bu soyqırıma etiraz edən ölkələri ittiham etməkdən qalmır.

Bir neçə on il keçəcək və bu gün Çinin uyğur türklərinə qarşı soyqırımına səssiz qalanların xələfləri də sələflərinin də yerinə utancaq, sələflərini məhkum edəcəklər.

Şərqi Türküstanda uyğurların soyqırıma məruz qalmasına görə Çini ittiham edən 44 dövlətlə həmrəylik göstərək və Çin mallarını baykot edək. Tarixi utanca şərik olmayaq!
10-07-2021, 17:16
Вернуться назад