DataLife Engine / HİKMƏT HACIYEVİN "25-CI KADR"İ

HİKMƏT HACIYEVİN "25-CI KADR"İ



HİKMƏT HACIYEVİN "25-CI KADR"İ


ETİBAR HÜSEYNOV
III yazı

Bu 3-cü yazımdır. Ötən 2 yazı Hikmət Hacıyevin mətbuat üzərində nə qədər hökm sahibi olduğunu üzə çıxardı. Yazdıqlarımı hamı oxudu; əl-ələ gəzdi, oxuyanlar oxumayanlara göndərdi. Amma..amma nəinki saytında dərc etməyə, adicə fikir bildirməyə, "bəyənmə" işarəsi qoymağa belə bir çoxları cəsarət etmədi. Heç birini də qınamıram: bəziləri Hikmətdən pul alıb, bir çoxlarınınsa almaq planı var. Mətbuatı ələbaxımlı etmək, şəxsi istifadə üçün trola çevirmək elə bu cür olur. Çünki eyni səpkili yazılar hakimiyyətdəki bir başqa çinovnik haqda yazılsaydı indi FB "çat verib-partlamışdı." İndi susanlar, o cümlədən məni qınayanlara haşiyəyə çıxaraq sual verirəm: təxminən 40-a yaxın sayta 6 ay ərzində hər ay üçün 3000 man.pul ayrıldı. 6 aydan sonra da eyni miqdarda (bəlkə də daha çox) maliyyə ayrılacaq. Hesablayın: təxminən 1milyon 500 min manat pul eləyir. 1.5 milyon e, a kişi, 1.5 milyon. Əksəriyyəti də (hamısı deməyək) mətbuatda heç bir ictimai-siyasi çəkisi olmayan troll dəstəsi. Özü də necə deyərlər ilin-günün bu vaxtı. Ağır karantin və müharibə yaşamış bir ölkədə. İndi hesablayın: həmin 1.5 milyona nələr etmək olardı? İşğaldan azad olunmuş ərazilərdə hərbçılərimizə neçə kazarma, məktəb, bağça, artezian quyusu, transformator, nə bilim daha nələr inşa etmək olardı. Həmin pula babat bir kənd salmaq da olardı vallah. Şəhid ailələrinə, Qazilərə 3000 manatdan paylansaydı 500 nəfərə artıqlamasıyla çatırdı. Amma Hikmət Hacıyev üçün ələbaxan troll dəstəsi daha önəmlidir. Onu tərifləyən, göylərə qaldıran, lazım gələndə "şulux"ların üstünə qısqırtmaq üçün əmrə müntəzir "qul dəstəsi". Həmin troll dəstəsi ki, müharibə dövründə ondan az qala qələbənin əsas memarı, əsas sərkərdəsi obrazını yaratdı. Yalan deyirəm? Açın saytları, baxın Yutuba, FB-yə, lap elə Tik-toka ..sorğu keçirib görün millət hansı Hikməti çox tanıyır?: Müharibənin əsl sərkərdələri olan Hikmət Mirzəyevi, Hikmət Həsənovu, yoxsa "xalqın sevimlisi" Hikmət Hacıyevi?
***
Bismarkın məhşur bir sözü var: "İnqilabı dahilər fikirləşir, fanatiklər həyata keçirir, fürsətcillərsə bəhrələnir." Bunun acı təcrübəsini öz həyatımda dəfələrlə yaşamışam. Ayrı-ayrı dönəmlərdə "mətbuat müharibələri"ndə fanatiklik etmişəm; bəhrəsini Hikmət kimi fürsətcillər görüb.
İndi jurnalist tayfasını anladıq: onlar söz sahibinə çevrilmək, medianın kapitanı, generalı nə bilim oliqarxına çevrilmək arzusuyla yaşayır, çalışırlar. Bəs Prezident köməkçisi Hikmət Hacıyevin arzu və hədəfləri nədir görəsən? Sosial şəbəkələrdə on minlərlə abunəçisi olan neçə-neçə özəl səhifələr yaratmaq, özünə şerlər yazdırmaq, portretlər, musiqili kliplər çəkdirmək, o cümlədən "xalqın sevimlisi", " xalqın güvəndiyi lider", "müharibənin qalib sərkərdəsi" tipli sloqanlardan ibarət "zəhmətkeş məktubları" təşkil edərək bunu sosial şəbəkələrdəki ŞƏXSİ səhifələrində yerləşdirməkdə məqsəd nədir? Bu dərəcədə də özünə vurğunluq, narsistlikmi olar? Təsadüfdürmü sizcə? Mən inanmıram. Niyəsini sabah yazacam..

IV yazı

Sonuncu yazımda Hikmət Hacıyevin bir sıra sosial şəbəkələrdə özünə səhifələr açması və bu səhifələrdə ifrat özünüreklamla məşğul olmasına təəccübümü ifadə etmişdim. Bir daha sual edirəm: siz dünyada ikinci bir Prezident köməkçisi tanıyırsınızmı sos-şəbəkələrdə özünü reklamla məşğul olsun? Açın baxın səhifəsinə; başdan ayağa özü haqda yazılmış şerlər, mahnılar, portretlər, şəninə yazılan "tost"lar və.s Adamın əti tökülür. Bəs nədir bu ifrat özünəvurğunluq və narsistlik? Nədir məqsəd və amalı? Bilmək üçün Hacıyevin səhifəsinə diqqətlə baxın. Diqqətlə. Deməli nə edilir? Səhifədə əsasən Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev və Milli qəhrəmanlarımızın fotoları paylaşılır. Və bunların fonunda Hikmət Hacıyevin fotoları, klipləri, portretləri və.s. Çox professional və hiyləgərcəsinə aparılan proses. Yəni adam əvvəlcə ustalıqla özünü cəmiyyətin sevdiyi, rəğbət bəslədiyi və lider hesab etdiyi şəxslərlə eyniləşdirib bir cərgəyə qoyur; daha sonrasa bunu toplumun şüuraltısına yeridir.
***
Reklam tarixçəsində "25-ci kadr" deyilən bir termin var. Bizdə bu əsasən "subliminal"-yəni şüuraltına ötürülən mesaj kimi istifadə olunur. Onun qısa tarixçəsini nəql edirəm, diqqətlə oxuyun. Deməli 1957-ci ildə amerikalı marketoloq Ceyms Vikeri belə bir eksperiment edir: O kinoteatrlarda film nümayişi zamanı çox ani bir zamanda ekranın küncünə "acsansa popkorn ye, susayıbsan da Coca Cola iç" yazısını verdi. Bu proses çox qəfil, 1-3000 saniyə sürəti ilə baş verdi. Lakin filmdən sonra foyedə satışa qoyulan bütün Cola və Pop kornlar tamamilə satıldı. Və o vaxtdan da Ceymsin bu metodu bütün dünyada vüsət aldı. Bəs nə üçün "25-ci kadr"? Ona görə ki, alimlər də sübut edib ki, insan şüuru normalda saniyə ərzində yalnız 24 kadrı qavraya bilir. Növbəti 25-ci kadr isə yalnız şüuraltına ötürülür. Və diqqət! Sonra baş verən proses nəticəsində insan şüurunda məhz həmin "25-ci kadr" qalır. Normalda baxılan 24 tezlik silinib gedir. Bunu mən demirəm, bu bütün dünya alimləri tərəfindən sübut olunmuş bir faktdır. Və bu gün də Yutubda bundan bəhs edən onlarla süjet var.
****
Buradan görünən odur ki, bizim "sevimli" Hikmət Hacıyev də "25-ci kadr" variantını mükəmməl şəkildə mənimsəyib və çox böyük ustalıqla şüuraltına yetirməklə məşğuldur. Səhifəsində "25-ci kadr" kimi özünün nurlu portretləərini, işıqlı fotolarını, melodik kliplərini, patriotik şerlərini yerləşdirir. Ancaq informasiya olaraq Hikmət Hacıyevin nəzərinə onu da çatdırım ki, bir qədər sonra Vikerinin "25-ci kadr" variantının çox zərərli bir tendesiya olduğu aşkar olundu. Və buna görə də bu gün dünyanın əksər ölkələrində qadağan edilib. Ona görə də zərərli vərdişlərə aludə olmayın.
****
Bu gün diqqət etdim ki, Hikmət Hacıyev məlum müsahibəm olan verilişi Yutubdan sildirib. O cümlədən səhifəsindəki bəzi klip və şerləri də çıxarıb. Amma bəzilərini vaxtında skrin edə bilmişik. Bu günlük Hikmətə həsr olunmuş şer və portretlərdən məmnun olun. Sabah tik-tokda yayımladığı klipini yayımlayacağam.

Qeyd: yazıda haqqında məlumat verilən fotolar müəllifin fb səhifəsində yerləşdirilib.
11-07-2021, 17:42
Вернуться назад