Şörəyel mahalının çox hissəsi hazırda Türkiyə ərazisində yerləşir. Əhalisi bütünlüklə Azərbaycan türklərindən ibarət olmuşdur. Mahalın Rusiya tərəfindən işğal olunmuş hissəsi Ermənistan SSR rayonlaşdırılarkən 3 inzibati rayona – Düzkənd, Agin və Ərtik rayonlarına bölünmüşdür.
Qədim şaman inanclı türklər olan Şirək tayfalarının e.ə. III-II əsrlərdə Don və Terek çayları ətrafında yaşadığı və xəzərlərin bir qolu olan bu tayfaların Qafqaz dağlarını aşaraq Azərbaycana gəlmələri, Araz və Arpaçayı boyu yerləşmələri yazılır. Dədə Qorqud dastanında da adı çəkilən ərazi "Şəruk" kimi qeyd edilir. Düzkənd rayonunda Şirək adlı qala və kənd də mövcud idi.
“Şörəyel” sözünün mənasına gəlincə, bu ad daha qədimdir, baxmayaraq ki, çox-çox sonralar söz mənşəyindən fərqli, təhrif olunmuş “Şirak” şəkilində işlədib.
“Şirak düzənliyi” ifadəsini buna örnək kimi göstərə bilərik. Başqa bir nümunə isə SSRİ dövründə burada yerli icra hakimiyyətinin orqanı olan “Şirak” adlı qəzetin dərc olunmasıdır.
Əslində isə bu ad “Şirək” kimi yazılıb-deyilməli idi. Şörəyel sözü də Şirək (Sıraq) sözündəndir.
Bəs “Şirək” nədir və ya kimlərdir?
Sıraqlar türk tayfalarıdır. Tarixdən məlumdur ki, bu türk tayfaları Avropada - Don, Dnepr vadilərində yaşamış, bu torpaqlardan digər ərazilərə yayılmışlar. Bu da məlumdur ki, şamanizm siraqlar arasında geniş yayılmışdı. Ağbaba dağının zirvəsini və ya Şiştəpənin bir ocaq, pir yeri kimi ziyarət edilməsi də bu faktla bağlı olmalıdır.
E.ə. VII əsrdə sıraqların bu bölgəyə axın edib, məskunlaşmasından sonra region Şirək eli, Şörəyel adı ilə tanınmağa başlayıb.
Şörəyeldə Tunc dövrü ilə bağlı abidələr də var. Təkcə e.ə. X-VIII əsrlərə aid 200-dən çox abidə var. Bundan əlavə bölgədə qıpçaq və oğuz mədəniyyəti ilə bağlı abidələr də mövcud idi. Bir sıra qəbirüstü abidələri, o cümlədən qoç hekəllərini buna nümunə göstərə bilərik. Bir sıra qazıntılar da bu bölgənin türk mədəni arealına daxil olduğunu sübut edir. Məsələn, gil qablar-çanaqlar, küplər və s. bir tərəfdən əhali arasında dulusçuluq sənətinin geniş inkişaf etdiyini göstərirsə, digər yandan onların dörd qulp kimi çətin konfiqurasiyalarda işlənməsi buradakı həyat tərzinin yüksək səviyyədə olduğuna işarə edir. Bunun başqa bir sübutu kimi qazıntılar nəticəsində tapılan su borularını göstərmək olar.
Bir sözlə, Şörəyel, yəni Şirək eli qədim türk tayfası olan sıraqların adı ilə bağlıdır.
Şörəyel mahalında yer-yurd adları arasında İbiş, Öksüz, Dəlisərsəran, Çələb, İlanlı adlarına rast gəlinir. Adların mənşəyi burada yaşayan tayfaların adları və inancları ilə bağlı idi. Qədim türk dilində Allah anlamını verən “çələb” sözü Ağbaba və Şörəyel ərazisində türklərin animistik və topomistik görüşləri ilə əlaqədar olan yer adı kimi ifadə edilirdi. Müqəddəs ruhlarla və bu ruhların obraz kimi çıxış etdiyi heyvanlara münasibət, eləcə də şaman inancının izləri özünü xalçalarda əks etdirirdi.
Ağbabada və Şörəyeldə yaşayan türklər islamı qəbuletdikdən sonra yeni din onların dünyagörüşünə sirayət etmişdir. Bölgədə olan məscidlər və evlər üçün toxunan namazlıq xalçalar burada yaşayan türklərin islam dövrü mədəniyyətini əks etdirir. Bu, bir daha göstərir ki, Şörəyeldə tarixən türklər yaşamış və zamanın bütün dönəmlərində öz dünyagörüşlərinin izlərini abidələrə, xalçalara həkk etmişlər. İnanclar xalqın ruhunu yaşadan xalçalarda maddiləşib, işarələrə çevrilib və bu günə ötürülüb.
Qədim türk torpağı olan Şörəyel və Ağbababda “Kitabi-Dədə Qorqud”un və digər dastanların izlərini az qala hər kəndin, hər dərənin, hər dağın adında görmək olar. Dastanda adı çəkilən Ənsə Qoca oğlu Oxçu adından Oxçuoğlu kəndi, Qazan xanın adını çəkdiyi Köçkə dağının adından Göy dağın, Dəli Domrulun adından Güllücə kəndi yaxınlığındakı Domrul qalaçasının, Qazan xanın qardaşı Qaragünənin adından Qara Güney təpəsinin, Dəmir Donlu Mumağın adından isə Mumu xanın adı götürülmüşdür.
Dastanda Pasinik Qara Dərbənd adı da çəkilir. Bu toponim bir ərazi olaraq indiki Şörəyel vadisinin şimal-qərb tərəfi ilə lokalizə olunur. Pasin-Yakut Əl Həməvidə “Basin-i Ulya”, “Basin-i Sufya” kimi qeyd edilmişdir.
Həmin illər Ağbaba və Şörəyelin bir çox kəndlərinin sakinləri öz təsərrüfatları ilə birgə (Molla Musa, Daharlı, Haqqıxlı və s. həmçinin Arpa çayı boyu Baş Şörəyelin bütün kəndləri, Ağbabadan isə Çal, Mumuxan, Xənçəlli, Söyüdlü, Mustuqlu, Ördəkli, Qarabulaq və s.) erməni zülümündən canlarını qurtarmaq üçün tam şəkildə iç Anadolu torpaqlarına köçmək məcburiyyətində qaldılar.
Şörəyel sultanlığı İrəvan xanlığının şimali-qərbində, Alagöz (Ələyəz) dağının ətəyində yerləşirdi. Sultanlıq şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Talın və Seyidli-Ağsaqqallı mahalları, şərqdən isə Pəmbək əyaləti və Abaran mahallarını ayıran dağlarla əhatə olunmuşdu. Arpaçay çayı Şörəyel sultanlığını Qars paşalığından ayırırdı. Sultanlığın mərkəzi Ərtik (Artik) idi. “İrəvan əyalətinin icmal dəftəri”də Şörəyel sancağında (Pəmbək əyaləti ilə birlikdə) 172 kəndin mövcudluğu göstərilir. Nadir şahın dövründə verilən məlumata görə, İrəvan xanlığının tərkibinə daxil olan mahal kimi Şörəyeldə 109 kənd mövcud olmuşdur. 1804-cü ildə Şörəyel sultanlığının rus qoşunları tərəfindən işğalından sonra bir neçə kənd istisna olmaqla, qalan bütün kəndlərə Türkiyədən köçürülüb gətirilən ermənilər məskunlaşdırılmşdı.
1802-ci ilin mayında Naxçıvan xanı Kəlbalı xan öz qoşunu ilə Şörəyelə gəlib Qars paşası Məhəmməd paşadan qarapapaq ailələrini geri qaytarmağı tələb edir. Pəmbəkdə yerləşən rus qoşunlarının komandanı polkovnik Qaryagin Qars paşası Məhəmməd paşa ilə gizli əlaqələr qurduğuna görə türk qoşunlarının köməyinə gəlir. Şörəyelin Qapalı kəndi yaxınlığında qərar tutan Kəlbalı xanın qoşunları 1802-ci ilin mayın 28-də Qars paşalığına hücuma keçir. Rus qoşunları Qarakilsə kəndi yaxınlığında Kəlbəli xanın qoşunlarının qarşısına çıxır. Məmməd paşanın qoşunları ilə birləşən rus qoşunları Arpaçayın sahilində Kəlbalı xanın qoşunları ilə üç saat vuruşur. Kəlbalı xanın qoşunları 500-ə qədər itki verərək geri şəkilir. Türk qoşunları 70 ölü və yaralı verir.
Lakın rus komandirləri türk qoşunları ilə müttəfiqliyə bel bağlamağından Qarakilsəyə geri çəkilirlər. Kəlbalı xan 10 min nəfərlik qoşunu ilə Ərtiyə (Artikə) gəlib qış üçün taxıl tədarük edərək, rus qoşunlarına qarşı hücuma hazırlaşsa da, payızda bu fikirdən vaz keçilir və qoşun İrəvana qayıdır
1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən 2 min erməni gizlincə qaçaraq rusların himayəsinə keçmiş və onlar Loru-Pəmbək bölgəsində məskunlaşdırılmışdılar. Həmin il rus qoşunları Şörəyelə daxil olur. 1805-ci il oktyabrın 20-də Gəncədə Gürçüstanın ali hakimi knyaz Sisianovun və Gəncənin mollası Yaqubun iştirakı ilə Budaq sultan özünün və ailəsinin, habelə Şörəyel əyalətinin Rusiyanın tabeliyinə keçməsi və imperatora sədaqət göstərəcəyi haqqında Qurana and içir. Bunun nəticəsi olaraq 7 maddədən ibarət qərar imzalayır, qərarın altından Budaq sultan, molla Yaqub və knyaz Sisianov öz möhürlərini basırlar. Qərarın 2-ci maddəsində qeyd edildiyi kimi, Şörəyel əyaləti bundan sonra əbədi olaraq Gürcüstan, eyni zamanda Rusiya İmperiyasına birləşdirilir, Şörəyel əhalisi həmişəlik olaraq Gürcüstan sakinlərindən heç nə ilə fərqlənməyəcək.
Şörəyelin Arpa çayından sağ hissəsini ruslar işğal edirlər. Rusları Şörəyeldən qovmaq və bununla da rus ordusunun Türkiyə ərazisindən keçib Hindistana çıxmaq təhlükəsinin qarşısını almaq məqsədilə türk sərkərdəsi Yusif paşa 8 iyun 1807 – çi ildə Arpaçayını keçərək Gümrüyə daxil olur.
Ruslar İranan xanlığını ələ keçırdikdən sonra Erməni vilayəti təşkil edirllər. Məhz bundan sonra həmin ərazidə yaşayan türklərin qaçqınlıq dövrü başlanmışdır. Şörəyel kəndlərinin Qarapapaq boyundan olan əhalisinin bir hissəsi 1807-ci il rus-türk müharibəsi nəticəsində öz yer-yurdlarını tərk edərək İrəvan xanlığının və Qars paşalığının ərazilərində sığınacaq tapmışdılar…
1837-ci ildə Arpa çayından 2 km sahildə Gümrü hərbi-istehkram qalası tikilir. 1855-ci ildə rus ordusu Şörəyel üzərindən bir daha Qarsa hücum edir. 5 aydan sonra şəhəri təslim etsə də, şəhərə “Qazı” ünvanı verilir. Rus ordusu 30 mart 1856-cı il Paris müqaviləsinə əsasən yenidən sağ sahilinə çəkilir. Əhalisinin əksəriyyətini Azərbaycan türkləri (qarapapaq-tərəkəmə) təşkil edən Şörəyelin Arpa çayının hər iki tərəfində yerləşən kəndləri qanlı döyüşlərdə talan edildiyindən tədricən köçməyə məcbur olurlar. 1879-cu ildə etibarən Qars vilayətinə kütləvi surətdə ermənilər, yunanlar, ruslar və yezidi kürdlərin yerləşdirilməsindən sonra yerli əhali (əsasən azər türkləri) sıxışdırılaraq Türkiyənin içərilərinə köçməyə məcbur olmuşdu.
1914-cü ilədək Qars vilayətində 110 min erməni, 27 min yezidi kürd, 19 min rus (əsasən molokanlar və duxoborlar) yerləşdirilmisdi. Həmin ərəfədə Ərdahan, Qazığman, Qars və Oltu dairələrində təşkil edilmiş Qars vilayətində 150 mindən artıq türk yaşayırdı. 1829-cu ilə - yəni Rusiya-Türkiyə müharibəsindən sonra ermənilərin rəsmi köçürülməsinə qədər Şörəyel-Pəmbək distansiyasına 1536 ailə (5425 nəfər kişi cinsi) köçürülmüşdü. Sonra isə Türkiyədən 3148 ailə (10575 nəfər kişi cinsi) köçürülmüşdü.
1832-ci ilin sonu, 1833-cü ilin əvvəlində Türkiyədən Zalqaya köçürülən ermənilərdən 182 ailə (674 nəfər kişi cinsi) yenidən Şörəyel-Pəmbək distansiyasına köçürülmüşdülər. Köçürülənlərin arasında 169 yunan və 963 nəfər erməni katolikləri (frankları) var idi.
Şörəyel-Pəmbək bölgəsində 100-ə yaxın kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdilər. Şörəyel bölgəsinin (Gümrü ətrafı - indiki Axuryan rayonu) əhalisinin vaxtilə Türkiyədən köçürülən ermənilərdən ibarət olması haqqında Z.Balayan “Ocaq” kitabında yazır: “Demək olar ki, bu bölgənin bütün əhalisi Qars, Van, Muş və Bitlisdən, Qərbi Ermənistanın bir çox əyalətlərindən olan bədbəxt qaçqınlardan ibarətdir. Hesablanmışdır ki, vaxtilə Axuryan rayonunda (Düzkənd rayonu) Qərbi Ermənistanın 80-dan artıq yaşayış məskənindən türk yatağanından (əyri qılıncından) xilas olan ermənilər gəlib məskunlaşmışlar”.
Türkiyədən köçürülən yunanlar isə əsasən Şörəyel-Pəmbək distansiyasının Alakilsə, Bayandur, Sisimədən kəndlərində və Gümrüdə yerləşdirilmişdilər. Sonralar yunanlar Ermənistanda tamamilə assimilyasiyaya uğrayaraq tədricən erməniləşmişlər.
Şörəyeldə qədim türk adlı kəndlər də erməniləşdirimləyə başlamışdır. Məsəl üçün Qıpçaq kəndi. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə Qafqazın 5 verstlik xəritəsində qeyd edilmışdir. Rus mənbələrində də qeyd edilir ki, bu kənd qədim türklər olan qıpçaqların ilkin yaşayış məskənlərindən biri olmuş və toponim qədim türk tayfalarından olan qıpçaq etnonimi əsasında yaranmışdır. Ermənistan rəhbərliyinin 1946-cı il fərmanı ilə adı dəyişdirilib Haric qoyulmuşdur.
Müəllif: Zaur Əliyev