DataLife Engine / HOÇAZIN İLK ŞƏHİDLƏRİ VƏ 5 AVQUST TARİXİNİN ACILARI

HOÇAZIN İLK ŞƏHİDLƏRİ VƏ 5 AVQUST TARİXİNİN ACILARI

713-ÜN QANLA, SİYASİ VƏ HƏRBİ DƏLLALARINSA MƏKRLƏ YAZDIQLARI “TARİX”


713 nömrəli hərbi hissənin apardığı döyüş əməliyyatları o zamankı Müdafiə Nazirliyi tərəfindən bu və ya digər formatda kölgədə qalsa da, ancaq zaman keçdikcə o pərdələr qaldırılır və əsil həqiqətlər üzə çıxır. Bu hərbi hissənin Laçın və Ağdərə istiqamətlərində uğurlu əməliyyatları hətta ermənilərin özləri tərəfindən vahiməylə qarşılanıb. Şahidlər vurğulayırlar ki, bunu o zaman məhz 713 saylı hərbi hissənin əsir götürdüyü ermənilərin üzərindən götürülən sənədlər və həmçinin onların söylədikləri də təsdiqləyirdi. Həmin ifadələrdən birində göstərilirmiş ki, Hoçaz yüksəkliyini götürəcəyi təqdirdə sovet ordusunun peşəkar zabitlərindən olan Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinə Ermənistanın prezidenti olacağı vəd edilmişdi.

Ermənilərin belə önəm verdikləri strateji yüksəkliyi qorumağı bacaran 713 nömrəli hərbi hissə və Laçın polisinin, həmçinin digər hərbi hissə döyüşçülərinin vətənpərvərlikləri nəinki qiymətləndirildi, hətta onların bu qəhrəmanlıqları bir çox hallarda tarixin yaddaşından silinməyə də çalışıldı. Amma o Şəhid qəbirləri, o əlillər, o haqqı tanınmayan 713 nömrəli hərbi hissənin veteranları canlı tarixlərdir. O günün tarixini bunlar danışacaq və danışırlar da...



HOÇAZ KƏNDİ VƏ HOÇAZ DAĞI YÜKSƏKLİYİ UĞRUNDA GEDƏN DÖYÜŞDƏ AZƏRBAYCANIN İLK ŞƏHİDLƏRİ


“Hoçaz kəndi və Hoçaz yüksəkliyi uğrunda gedən döyüşlərdə ilk Şəhid verən hərbi hissə 713 saylı hərbi hissə olub. 29 iyulda biz Hoçaz kəndində 7 Şəhid verdik. O zaman 713 saylı hərbi hissə qanıyla Hoçazda, nəcməddinlərsə məkrləriylə Bakının göbəyində “tarix” yazırdılar. Sonradan qoca tarix göstərdi ki, bizim qanımızla yazdığımız şanlı tarix məhz nəcməddinlərin məkrləriylə yazdıqları tarix hesabına keçilməz sədlər sayəsində görünməz olub və təəssüf ki, hələ də bu proses davam edir”...
Bunu o günün canlı tarixlərindən olan 713 saylı hərbi hissənin döyüşçüləri deyirlər...
Nə qədər acınacaqlı olsa da, bütün texniki imkanları və silah ehtiyatları baxımından ermənilərdən dəfələrlə zəif durumda olan 713 nömrəli hərbi hissənin döyüşçüləri həmin Hoçaz yüksəkliyini öz qanları bahasına olsa da düşmənə vermədilər. Və o zaman ermənilərin yüksək rütbəli peşəkar zabitlərindən olan Kazaryanları daşnakların qanından yaranan gölməçədə boğdular...
713-ün qazancı Vətən oldu, ancaq Vətən övladlarını unudan o zamankı Müdafiə Nazirliyinin yanlışlığı, səhvi, qərəzi ucbatından bu hərbi hissənin qəhrəmanlıqları unuduldu, döyüşçülərin haqqı tanınmadı. Sonrakı dövrlərdə məhz Rəhim Qazıyevin zamanında Müdafiə Nazirliyində geniş kök atmış Nəcməddin Sadıqov çetesi öz gələcək məkrli addımlarını əsaslandıracaq oyunlar qurmaq üçün xəyanətə bərabər gedişlər ediblər. Məhz həmin çetenin bilərəkdən, ya da bilməyərəkdən atdıqları addım bu günün özünədək o günün döyüşüçlərinin haqlarının tanınmasına keçilməz səd olub. Nə yazıq ki, sonrakı dövrlərdə də bu prinsip əsas götürülməklə o Şəhidlərin də, o Əlillərin də, o döyüşçülərin də haqqı indinin özünədək tapdalanmaqdadır...
Bütün bunlarsa döyüşçülərdən daha çox, yetişən nəslə mənfi təsir göstərdi. Bax bütün bunları nəzərə alaraq 713 nömrəli hərbi hissənin döyüşçüləri yetişən nəsildə vətən sevgisini yaşatmaq üçün, yetişən nəslin Vətənə məhəbbət ruhunda böyüməsi üçün həm də özlərinin timsalında Azərbaycan əsgərinin haqqının tanınması, haqqının verilməsi məqsədilə yaralı xatirələrini dilə gətirir, Şəhid qardaşlarının Ruhunu əziz tutur və keçmiş döyüşçülərin Ali Baş Komandanın əmrini gözləmələrini hər zaman fəxarətlə bəyan ediblər və indinin özündə də torpaq uğrunda, yurd uğrunda bütün əmrləri yerinə yetirməyə hazır olduqlarını bildirirlər.




PİRCAHANDA ÖLÜM SÜKUTU VƏ BƏRPA EDİLƏN SAKİTLİK


“Avqustun 4-ü axşamı mən adətim üzrə postları yoxladım. Postda duran döyüşçülərə tapşırıqları verib qərargaha qayıtdım”.
713 saylı hərbi hissəyə daxil olan birinci bölüyün komandiri olmuş (713 saylı hərbi hissənin komandiri mayor Süleyman Əhmədov qanlı döyüşdə Şəhid olandan sonra Rəhman İsgəndərov adı çəkilən hərbi hissənin komandiri olub) RƏHMAN İSGƏNDƏROVUN söylədiklərindən:


HOÇAZIN İLK ŞƏHİDLƏRİ VƏ 5 AVQUST TARİXİNİN ACILARI


“Avqustun 5-i səhəri Pircahan kəndində çox sakitlik idi.Günəşli bir yay səhəri idi. Mən həmişəki kimi tağımları düzüb şəxsi heyəti və silahları yoxladım. Növbədə olan postları dəyişmək üçün göstəriş verdim. Sonra isə tağın komandirlərini yanıma çağırıb bu sakitliyin heç də yaxşi əlamət olmadığını onlara deyib əlavə müşahidə məntəqələrinin təyin edilməsini və hər an həyacan siqnalı ilə qalxmalarına hazır olunmasına göstəriş verdim. Özüm isə bu ölüm sükutunun nəyə gətirəcəyini təxmini müəyyən edirdim. Ona görə də postlara əlavə sürsatlar daşıtdırdım.
Saat 11:30-11:45 radələrində birinci postun yaxınlığındakı müşahidə məntəqəsinə yollandım. Yolda postdakı əsgərlərdən birinin qaçaraq gəldiyini gördüm və o mənə dedi ki düşmən canlı qüvvə və hərbi texnika ilə mövqelərimizə sarı irəliləyir. Mən həmin əsgəri qərargaha yollayıb tapşırıq verdim ki, bütün şəxsi heyət döyüş tapşırığı üzrə öz mövqeyini tutsun. Ehtiyat manqalarının harada gözləyəcəyini göstərdim və qaçaraq birinci posta yollandım. Mən birinci posta çatanda əsgərlər sakitcə, həyacansız müşahidə edirdilər. Həmin anda bölüyün bütün şəxsi heyəti kənddən çıxıb mərmilərin vura bilməyəcəyi ehtiyat yerində yerləşmişdi. Mən müşahidə məntəqəsində qaldığım an düşmən Pircahan kəndini güclü artilleriya atəşinə tutdu. Mən tağım komandirlərinə səngərlərdə oturub düşmənin yaxınlaşmasını gözləmək əmrini verdim. Biz düşmənin hərbi texnikanısını, canlı qüvvəsini çox aydın bir şəkildə görürdük.
Çox təəssüf ki, həmin texnikanı həmin an məhv etmək üçün əlimizdə istədiyimiz silah- sürsat yox idi və biz düşmənlə qeyri bərabər döyüşə girdik. Düşmənin piyadalarının döyüş maşını uzaq məsafədən bizim mövqelərimizi vururdu. Piyada qoşun hissələri isə Pircahan çayını keçib mövqelərimizə yaxınlaşmaq cəhdi edirdi. Artilleriya atəşi dayanan kimi mən ehtiyat qüvvəni təhlükəli yerlərə çıxması əmrini verdim. Mehman Ağalarovun manqasına isə gizlincə düşmənin döyüş maşınına arxadan yaxınlaşma əmrini verdim. Sonra mən Laçın polislərinin komandiri Çingizlə rabitə əlaqəsi yaradaraq onlardan artilleriya dəstəyi istədim. Həmin zaman ancaq onlarda bir qrad qurğusu var idi. Bu zaman mən sol cinahda şəhidlərimizin olduğu xəbərini aldım. Dərhal qaçaraq ora yollandım.Onları piyadaların döyüş maşinı uzaq məsafədən vurmuşdu. Maşın çağırtdırıb Şəhidlərimizi döyüş mövqelərindən çıxartdım və yaralıların xəstəxanaya çatdırılması göstərişini verdim. İtkilərimiz olsa da, biz həmin döyüşdən üzüağ çixdıq. Düşməni daha böyük itki ilə geri çəkilməyə məcbur etdik. Ancaq çox təəssüf ki, bizim də qardaşlarımız şəhid oldu. Biz həmin şəhidlərimizi, qardaşlarımızı fəxr ilə yad edir və ruhları qarşısında hüznlə baş əyirik. Günortadan sonra Pircahan kəndi əvvəlki sakitliyinə qərq olmuşdu”....



5 AVQUST ŞƏHİDLƏRİ



5 avqust 1992-ci il tarixi də 713 nömrəli hərbi hissənin döyüşçüləri üçün ağır oldu, ağrıdıcı oldu. Daha 4 döyüşçü qardaşları Şəhid oldu, 2 döyüşçü qardaşları yaralandı o gün Laçın rayonunun Pircahan kəndində. Amma düşmənə lazımi zərbə də endirildi. Bu tarix də həmin Şəhidlərimizin günüdür.

Ruhları şad, məkanları Cənnət olsun qardaşlarımızın!

İndi döyüşçüləri ağrıdan odur ki, indi öz Şəhid qardaşlarının qohumları, yaxınları, məktəb yoldaşları, həmkəndliləri, dostlarıyla ilə əlaqə yaratmaq istəkləri tam şəkildə öz həllini tapmayıb....


Döyüşçü Şahidlər söylədiklərindən....


5 avqust tarixində Pircahanda Şəhid olan qardaşlarımız haqqında danışan 713 nömrəli hərbi hissəyə daxil olan birinci bölüyün əvvəlcə komandir müavini, sonradansa komandiri olmuş ALIYEV CABBARın söylədiklərindən:

HOÇAZIN İLK ŞƏHİDLƏRİ VƏ 5 AVQUST TARİXİNİN ACILARI


“..O qardaşlar ayın 5-də Şəhid oldular. Birinci bölüyün döyüşçüləri idilər. Hətta o zaman kimsə deyirdi ki, Etibar həkim olub. Düzdür, bu informasiyanı mən dəqiqləşdirə bilməsəm də, ancaq belə deyilirdi. Daha çox müharibənin aktiv nöqtələrində olmaq üçün Etibar öz həkimliyini gizlədibmiş. Avqust ayının 4-ü axşam birinci bölüyün qərargahında Rəhmanla mən orada oturmuşduq. Elə bil birdən mənim qulağıma texnika səsi gəldi. Dedim ki, ay Rəhman, elə bil texnika səsi gəldi qulağıma. Kəndin qabaq hissəsində bizim uşaqların postu var idi, Mişni uşaqları dayanmışdı orada, durub ora gəldim. Bunlara sual etdim ki, siz texnika səsi eşitmədiniz ki? Cavab verdilər ki, yox. Özüm də onlarla bir yerdə xeyli oturub ətrafı müşahidə etdim. Sakitçilik idi. Yenə də uşaqlara diqqətli olmağı tapşırıb qərargaha qayıtdım. Səhər tezdən yenə də posta gəlib uşaqlardan nəsə bir şey baş verdiyini, nəsə şübhəli bir şey müşahidə edib etməmələrini onlardan soruşdum. Hətta o uşaqlara yenə də bildirdim ki, axşamdan məndə çox narahatlıq var, texnika səsi eşitməmisiniz ki? Dedilər ki, çox sakitlikdir. Yenə də qərargaha qayıtdım.
Elə bu zaman bizim yanımıza qərargaha Rafaellə Mətləb gəldi. Rafael manqa komandiri idi, Mətləbdə də radiostansiya var idi. Posta gedirdilər. Dedim ki, nəsə axşamdan mənim qulağıma texnika səsləri gəlir, ermənilər nəsə edə bilərlər, bir az diqqətli olun. Bunlar qərargahdan elə bir az aralanmışdılar ki, düz evin yaxınlığına bir mərmi düşüb partladı. Biz yuxarı qalxmaq istəyirdik ki, Qəşəm gəlib dedi ki, artıq yaralı var. Biz yaralı olan səmtə gəldik. Gördük ki, Mişni kəndindən olan Abbasov Mətləb qarnından yaralanıb. Burada Qəşəm onun yarasını sarıyan zaman artıq qanlı döyüş başlamışdı. Mərmi yağış kimi yağırdı. Biz postları möhkəmləndirmək məqsədilə silah sursatı lazımi yerlərə daşıyanda xəbər gəldi ki, Tahiri də vurublar, birinci tağımın komandiri Tahir də yaralıdır. O zaman mən birinci bölüyün komandiri Rəhmanın müavini idim. Tahirin yaralandığını eşidən Rəhman dərhal qərar qəbul edib mənə bildirdi ki, birinci tağımın komandirliyini sən öz üzərinə götürürsən. Mən də dərhal əmrin icrasına başladım”….


713 nömrəli hərbi hissəyə daxil olan Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tağım komandiri olmuş NOFƏL ƏLİXANOV o günü belə xatırlayır:

HOÇAZIN İLK ŞƏHİDLƏRİ VƏ 5 AVQUST TARİXİNİN ACILARI


“..Üstündən illər ötüb. Müharibənin ağrı-acılarını bu gün də çəkməkdəyik. Yaddaşlarımız müəyyən mənada korşalıb. Amma bütün bunlara baxmayaraq qardaşlarımızın Şəhid olduqları o günü mənim də yadımdadır. Səhv eləmirəmsə, ayın 5-i idi. Bizdən növbədə dayanan Mərdan idi. Peçi qalayırdı ki, bir çay içək. Mən Mərdana dedim ki, sən get yat, çayı mən qaynadaram. Həmin vaxtı kəndin yuxarı başına Nərimangil qalan evin yanına bir qrad atıldı. Dərhal qaçıb peçi söndürdüm ki, tüstüləməsin. Uşaqları dərhal lazımi mövqeyə yerləşdirib özüm də qərargaha gəldim ki, görüm bölük komandiri RƏHMAN nə tapşırıq verəcək. Ancaq həmin vaxt mən Şəmsini tapa bilmədim. Daha doğrusu, Şəmsi yox idi. Gördüm uşaqlar yolla gedirlər, onlara qışqırdım ki, dərhal ağaclığa girin. Onlar da yoldan kənarda böyük palıd ağacı var idi ki, elə ora çatırdılar. Həmin vaxtı ağacın yanına mərmi düşdü. Onda səs eşitdim ki, bəs Camalla Etibar yaralandı. Mən ora qaçdım. Bir də baxdım ki, Etibarla Rəşid gəlir. Rəşidin çiynində Etibarın silahıdır. Etibarın alnında qan var idi. Dedim nə olub? Etibar dedi ki, komandir heç, bir balaca yaralanmışam. Dedim Rəşid səndə nə var? Dedi ki, heç. Mən Etibarı kəndə aparıram. Mən də ona göstəriş verdim ki, Etibarı kəndə qoy, gəl. O da “yaxşı” deyib getdi. Mən bunlardan yenicə aralanmışdım ki, yaxınlığıma düşən mərmi zərbəsindən huşumu itirdim. Ayılandan sonra silahımı götürüb yolla qaçdım. Ağacın yanında olan uşaqlar məni çağırdılar. Gördüm ki, huşum gedir, gözlərim qaralır. Məni orada Fərrux ayıltdı. Fərrux dedi ki, komandir, bizim pozisiyanın yanında bir UAZ dayanıb. Ona dedim ki, get gör nə olub. Fərrux da gedib bəd xəbərlə geri qayıtdı. Dedi ki, bəs uşaqlar Şəhid olublar.
Biz bütün günü orada qaldıq. Gecə Rəhmanın yanına gəldim. Sakitcə oturmuşdu. Mənə dedi ki, Nofəl, komandirin Tahir itkin düşüb. Get tap. Mən də o vaxt uşaqlara müraciət etdim ki, kim könüllü olaraq mənimlə getmək istəyir. İlk olaraq ayağa qalxan elə sən İgid oldun. Sonra Mamed, Xasay və Yaşka da gəldi. Yarı yola qədər gəlmişdik ki, gördüm Xasay axsayır. Dedim nə olub, dedi heç nə. Ancaq ayağına baxanda gördüm ki, ayağı qandı, dərhal onu geri qaytardım. Onda səninlə birlikdə düz çayın üstünə qədər getdik, ancaq Tahiri tapa bilmədik. Qaranlıq idi, heç nə görünmürdü. Biz yuxarı qalxanda gördük ki, Rəşidin beretkası və beyin yarımkürələri elə oradaca yerə düşmüşdü. Biz onu torpaqladıq. Gəldik Rəhmanın yanına ki, məlumat verək. Rəhman dedi ki, Nofəl narahat olma, Tahir yaralanıb, artıq Kəlbəcərdədir. Bu gündən tağım komandiri sənsən...
Qaldı ki, uşaqların hamısını tanıyıb tanımamağıma. Xatirindədirsə, Etibar idmançı bədən quruluşuna malik bir oğlan idi. Onları mənim bölməmə təzə vermişdilər. Yaxşı qoçaq oğlan idi, bütün tapşırığı layiqincə yerinə yetirirdi. Camalla bağlı onu deyə bilərəm ki, səhv eləmirəmsə şəhərdən idi, özü də hər zaman qara eynək taxırdı. O da qoçaq oğlan idi. Bir dəfə mən ona dedim ki, Sarvanla sən evdə qalın. Mənə qayıdıb dedi ki, niyə biz evdə qalmalıyıq, biz də pozisiyaya gedirik. Allah dördünə də rəhmət eləsin. Mən 8 sentyabrda Bakıya məzuniyyətə gəldim. O zaman Camalın qohumlarından biri haradansa mənim ev telefonumun nömrəsini tapıb mənə zəng eləmişdi. Sonra o xanımla bizim görüşümüz alınmadı, sonradan heç kim bu barədə mənə zəng etmədi. Tahirin harada və hansı şəraitdə yaralanmasındansa mənim heç bir məlumatım olmadı”...


O günlərlə bağlı xatirələrini bizimlə bölüşən 713 nömrəli hərbi hissənin ikinci bölüyünün döyüşçüsü olmuş BƏNDƏLİYEV FƏXRİ öz gündəliklərinə isnad edərək döyüşün 5 avqust 12.15-də başladığını deyir:

HOÇAZIN İLK ŞƏHİDLƏRİ VƏ 5 AVQUST TARİXİNİN ACILARI


“Biz Pircahanda olarkən Bülüldüz kəndindən ermənilərin BMP-ləri və tanklarından atəş açıldı. Bu zaman Pircahanda “Dirəkli qayanın başı”, “Musanın yay qozu”, kəndin qabağındakı kartof yerinin qabağı deyilən yerdə bizim birinci bölükdən 4 nəfər şəhid oldu. Bu zaman həm də 2 nəfər yaralanmışdı. Atılan qradlardan 5-i bizim arxamıza, ikisi də bizim yerə düşmüşdü. Düşməndən fərqli olaraq bizdə texnika, iri çaplı artilleriya sistemi də yox idi. Atışma təqribən 15.00-a qədər davam etdi. Orada bizimlə bir yerdə olan Laçın polisinin qrad qurğusundan açdığı atəşlərdən sonra düşmənlər susduruldu. Sabahısı gün avqustun 6-da səhər saat 5-dən biz “Həcərin çalası”nda öz postumuzu bərpa etdik, bütövlükdə yenə də öz mövqelərimizə qayıda bildik. Səhər saat 5.55-də tam sakitlik idi. Məhz bu saatdan sonra HƏSƏNQULİYEV VÜQARla SƏFƏRƏLİYEV GÜNDÜZ kəşfiyyata getdilər. Hətta qayıdanda bizə alma da yığıb gətirmişdilər. Və beləliklə, postlar tam bərpa edildi”.



Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!

İGİD TEYMURLU
Tv 713. az
5-09-2021, 07:40
Вернуться назад