Milli Məclisdə Nuru Paşanın və Türk İslam Ordusunun abidəsinin qoyulması təklif edilib.
Tv 713.az xəbər verir ki, təklifi Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında “Müstəqlillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zamanı dilə gətirib.
Onun sözlərinə görə, Azərbaycanda Nuru Paşanın və Türk İslam Ordusunun abidəsi qoyulmalıdır:
“Niyə bu məsələni diqqətdə saxlayan yoxdur? Əvvəllər buna mane olanlar var idi. İndi isə belə bir problem yoxdur. Hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır”.
Rüstəmxanlı xatırladıb ki,1991-ci ilin oktyabrında parlamentdə deputat kimi fəaliyyət göstərib və o zaman bu işləri həyata keçirmək olduqca çətin olub.
Deputat Müstəqilliyin Bərpası Gününün də qeyri-iş günü elan olunmasının vacibliyinə vurğu edib: “Qanun layihəsinə qarşı çıxmaq, kölgə salmaq düzgün deyil”.
S.Rüstəmxanlı müstəqilliyin bərpası uğrunda çalışan və ortaya mövqe qoyan insanların, müstəqilliyə səs verən deputatların haqqının verilməsini zəruri sayaraq bildirib ki, onların minimum ehtiyacları ödənməlidir:
“O adamların bəziləri 200-300 manatlıq aylıq təqaüdlə dolanır. Həmçinin hesab edirəm ki, 18 oktyabr iş günü olmamalıdır. 1918-ci ildə zəhmət çəkənlərin də xatirəsi qorunmalıdır. Rəsulzadənin ikiotaqlı mənzili var idi, sonra oğlu gəldi, biz ermənilərin sahibləndiyi həmin mənzili alıb ona verə bilmədik. Nargin adası niyə təmizlənmir, orda bir abidə qoyulmur? Bir zamanlar Sarıqamış əməliyyatında həbs edilənləri orada saxlayıblar. Ora Çar Rusiyasının “əyləncə” yeri olub. Bir zamanlar Azərbaycanda bu işlərin qarşısını alan adamlar var idi, indi yoxdur. Heç olmasa indi bu məsələlərə diqqəti artırmalıyıq”.