DataLife Engine / Türk ölkələri vahid valyutaya keçə bilər?

Türk ölkələri vahid valyutaya keçə bilər?


Türk ölkələri vahid valyutaya keçə bilər?



Türk lirəsinin kəskin ucuzlaşması ilə bağlı sosial şəbəkələrdə fərqli rəylər paylaşılır. Bir qrup ekspert lirənin ucuzlaşmasının qarşısını almaq üçün türk dövlətlərinin ortaq valyuta haqqında addım atmalarının vacibliyini qeyd edirlər. Bildirirlər ki, Türkiyəyə qarşı aparılan "dollar oyunu"nun hədəflərindən biri türk dünyasını zəiflətməkdir. Digər qrup isə bildirir ki, bu məsələ türk dövlətlərinin Türkiyədən mal idxal etməsi ilə aradan qaldırıla bilər.

Tv 713. az xəbər verir ki, iqtisadçı Elşən Bağırzadə axar.az-a açıqlamasında hazırda Türkiyəyə qarşı “dollar oyunu”ndan söhbət gedə bilmədiyini vurğulayıb.

“Türkiyə lirəsinin hazırda sürətlə dəyər itirməsi əsasən Türkiyə Mərkəzi Bankının həyata keçirdiyi siyasətlə bağlıdır. Türk dövlətlərinin ortaq valyutalarına gəldikdə isə bu, nəzəri olaraq, mümkündür. Ancaq bunun haqqında danışmaq indi çox tezdir. Valyuta birliyinə qədər ölkələrin iqtisadi inteqrasiya yolunda atacağı addımlar var. Bu addımlar atılmadan valyuta birliyinə keçmək mümkün deyil. Nümunə üçün deyim ki, Avropa İttifaqı 60 ildən çoxdur ki, regional iqtisadi inteqrasiya yolunda irəliləyir, ancaq hələ də valyuta birliyini tam şəkildə təmin edə bilməyib. Hətta bu gün avroya qoşulan Aİ ölkələrində belə zaman-zaman bunun yanlış addım olduğu ilə bağlı müzakirələrin şahidi oluruq”.

Ekspert bildirib ki, türk lirəsinin ucuzlaşması onsuz da türk dövlətlərinin Türkiyədən mal və xidmət idxalını stimullaşdırır:

“Ancaq türk dövlətlərinin bu idxalı artırmaqla Türkiyədə dolların bahalaşmasını aradan qaldıra biləcəklərini düşünmək sadəlövhlük olardı. Türkiyədə yağ və şəkər satışına limit məsələsinə gəldikdə isə bir məqamı qeyd etməliyəm ki, bu dövlətin qoyduğu limit deyil, sadəcə, bəzi pərakəndə satış şəbəkələri belə bir addım atır. Məqsədləri də daha çox istehlakçını razı salmaqdır. Qlobal dəyər və logistika zəncirlərinə baş verən hazırkı pozulma, qlobal nəqliyyat xərclərinin bir neçə dəfə artdığı indiki şəraitdə belə halların bir çox ölkədə, o cümlədən də İngiltərədə baş verdiyinə şahid oluruq. Belə halların digər ölkələrdə də baş verəcəyini istisna etmək olmaz”.

Qeyd edək ki, Türkiyədə hazırda 1 dollar 11 lirəyə, 1 avro 12.46 lirəyə bərabərdir.
19-11-2021, 15:22
Вернуться назад