Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhdi Məhəmməd Bin Zayed ən-Nəhyan bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gələcək.
Tv 713. az ölkə mətbuatına istinadla xəbər verir ki, bu, Rəcəb Tayyib Ərdoğanla Nəhyanın 2012-ci ilin fevralından sonra ilk təkbətək görüşü olacaq.
Türkiyə Prezidenti və BƏƏ-nin vəliəhdi mövcud problemləri müzakirə etmək üçün təkbətək görüşəcəklər. Görüş zamanı iki ölkə arasındakı münasibətlər və regional məsələlər müzakirə ediləcək.
Britaniya mətbuatı Nəhyanın Türkiyəyə 100 milyard dollar sərmayə yatıracağını yazır. Bu səfərdən əvvəl BƏƏ-nin iqtisadiyyat naziri Abdulla bin Touq əl-Marri Dubayda keçirilən Türkiyə-Birləşmiş Ərəb Əmirlikləri Qarışıq İqtisadi Komissiyasının iclasından sonra Türkiyənin ticarət naziri Məhməd Muş ilə ikitərəfli görüş keçirmişdi. BƏƏ ilə Türkiyə arasında iqtisadi əlaqələrin güclənməyə davam etdiyini deyən Marri bunun müxtəlif sektorlarda, xüsusilə ticarət və investisiya sahələrində yeni tərəfdaşlıqlar yaratmaq üçün böyük imkanlar yaratdığına diqqət çəkmişdi.
Qətər böhranı, 15 iyul dövlət çevrilişi cəhdi və Sedat Pekərin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ilə gərginləşən Türkiyə-BƏƏ münasibətləri xarici işlər naziri Mövlud Çavuşoğlunun BƏƏ XİN rəhbəri Abdullah bin Zayed ən-Nəhyanla telefon danışığı vasitəsilə yumşalmağa doğru getdi. Çavuşoğlu ilə həmkarı arasında keçirilən görüşdə ikitərəfli əlaqələr müzakirə olundu.
Xarici işlər nazirlərinin görüşündən sonra diplomatik gediş Prezident Rəcəb Tayyib Ərdoğanın avqustun 18-də BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed ən-Nəhyanı qəbul etməsi ilə davam etdi.
Türkiyə ilə BƏƏ arasında diplomatiya avqustun 31-də ölkənin faktiki lideri, şahzadə Məhəmməd bin Zayed ən-Nəhyan ilə telefon danışığı ilə inkişaf edib. Şeyx Tahnunun həm də Nəhyanın qardaşı olması Ərdoğanın təmaslarının əhəmiyyətini ortaya qoymaq baxımından da diqqətçəkəndir.