Dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+3” formatında keçilən regional platformanın ilk toplantısı başa çatıb.
Tv 713. az Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, iclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Regional platformanın işini onun bütün iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirləri daxildir.
Beş ölkənin nümayəndələri Gürcüstanın platformaya qoşulmaqda maraqlı olduqlarını bildiriblər.
Müvafiq nazirlik və idarələrin mümkün iştirakı ilə gələcək addımlar, eləcə də iş planları müzakirə edilib.
Toplantıda Azərbaycanı XİN başçısının müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Rusiyanı XİN başçısının müavini Andrey Rudenko, Ermənistanı isə xarici işlər nazirinin müavini Vahe Gevorkyan iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu altı ölkədən ibarət əməkdaşlıq platformasının yaradılması ideyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb.