"Bakı Birlik Təşkilatı”nın Qazaxıstanla bağlı Bəyanatı
“Bakı Birlik Təşkilatı” Hüquqi, Humanitar, Sosial, İctimai Birliyinin
BƏYANATI
Biz, “Bakı Birlik Təşkilatı” Hüquqi, Humanitar, Sosial, İctimai Birliyi olaraq, Qazaxıstan Respublikasında avtomobillər üçün nəzərdə tutulmuş maye qazın qiymətinin qalxması fonunda 2 Yanvar 2022-ci il tarixindən başlayan, sonradan eskalasiya edərək böyüyən etirazlar nəticəsində öldürülənlərə görə üzülür, din və soy qardaşlarımız olan Qazax türklərinə dərin baş sağlığımızı bildirir, yaralananlara görə Allahdan şəfa diləyirik.
Həmçinin:
1. Ölkə daxili etirazların nəzarətdən çıxaraq daha çox ölümlərə səbəb olmaması üçün Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevi və etiraz edən xalqı tez bir vaxtda dialoq masası arxasına keçərək, narazılıqları sivil qaydada, müzakirələrlə davam etdirməyə çağırırıq!
2. Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin, KTMT dövlətlərinin silahlı qüvvələrinin ölkəsinə gəlişini əsaslandırmaq üçün, öz xalqını “quldur” və “terrorist” adlandırmasını qətiyyətlə pisləyirik!
3. KTMT dövlətlərinə mənsub silahlı qüvvələrin Qazaxıstan ərazisinə girməsini, KTMT müqaviləsinin 4-cü bəndinə, həmçinin elə həmin bənddə istinad olunan BMT nizamnaməsinin 51-ci maddəsinə zidd olduğu üçün qeyri-qanuni hesab edirik! Qazaxıstandakı daxili etirazlar, dövlət suverenliyini və ərazi bütövlüyünü təhlükəyə atacaq xarici intervensiya deyil!
4. Ölkə daxili etirazlar Qazaxıstanın daxili güc strukturları tərəfindən tənzimlənməlidir!
5. “Türk Dövlətləri Təşkilatı”nı Qazaxıstanda baş verən beynəlxalq hüquq normalarının pozulmasına, KTMT silahlı qüvvələrinin qeyri-qanuni olaraq ora daxil olmasına adekvat reaksiya verməyə çağırırıq!
“Bakı Birlik Təşkilatı” Hüquqi, Humanitar, Sosial, İctimai Birliyin İdarə Heyəti
Bu bəyanat mətbuatdə dərc edilməyə açıqdır.
9-01-2022, 20:53
Вернуться назад