DataLife Engine / ABŞ Ermənistanın tərəfindədir: bu da sübutlar... - Əliyev

ABŞ Ermənistanın tərəfindədir: bu da sübutlar... - Əliyev

ABŞ Ermənistanın tərəfindədir: bu da sübutlar... - Əliyev

İndiki Amerika administrasiyası birtərəfli olaraq Ermənistanın tərəfindədir.

Tv 713. az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Əsas odur ki, bu gündəlik düzgün tərtib edilsin və Ermənistan da burada özünü səmimi aparsın. Çünki bilirsiniz, Ermənistan bir çox hallarda bir tərəfdaşa bir söz deyir, o biri tərəfdaşa bunun əksini deyir, üçüncü tərəfdaşa isə üçüncü versiyanı deyir. Yəni, bu, uzunmüddətli siyasət ola bilməz. Çünki gec-tez bunun üstü açılacaq. Bizim isə mövqeyimiz birmənalıdır və mən bunu açıq bəyan edirəm və bəli, hesab edirəm ki, Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqı rol oynaya bilər. Mən bunu müsbət qarşılayıram və sadəcə olaraq, burada ədalət prinsipi əsas rol oynamalıdır. Çünki bu günə qədər bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı ədaləti qorumuşdur. Qeyd etdiyim kimi, müharibə zamanı Fransa baxmayaraq ki, neytral olmalı idi, vasitəçi kimi birmənalı şəkildə Ermənistan tərəfini tutdu. Müharibədən sonra Amerika Birləşmiş Ştatları, halbuki vasitəçidir, neytral olmalıdır, açıq şəkildə Ermənistan tərəfini tutdu. Təkcə elə mətbuatda olan iki hadisəni qeyd etməklə, bunu sübut etmək olar. Birincisi, Ermənistanı dırnaqarası “demokratiya zirvəsinə” dəvət etməsi, halbuki Ermənistan və demokratiya - bunlar fərqli qütblərdir.

Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistan, necə deyərlər, hansı əməllərə görə ora dəvət edilib ki, Azərbaycan dəvət edilməyib. Yəni bu, açıq ayrı-seçkilikdir. İkinci də, bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Vaşinqtona dəvət edilib, orada görüşlər keçirir. Azərbaycan Təhlükəsizlik Şurasının katibi isə dəvət edilməyib. O, başqa məsələdir ki, biz dəvət olunmamışıq, heç nə itirmirik və demokratiya uğrunda dırnaqarası “zirvə görüşündə” iki dəqiqəlik çıxış üçün adam özünü heç əziyyətə verməməlidir. Amma fakt odur ki, burada balans pozulur, nümayişkaranə göstərilir ki, indiki Amerika administrasiyası birtərəfli olaraq Ermənistanın tərəfindədir və bu, onların öz işidir. Biz, necə deyərlər, sadəcə olaraq, öz fikirlərimizi bildiririk və əlbəttə ki, öz siyasətimizdə bunu nəzərə alacağıq. Avropa İttifaqı belə balansı pozan hadisələrdə olmayıb. Son Brüssel görüşündə də tam paritet saxlanılıb və bu, deməyə əsas verir ki, onlar iki ölkə arasındakı əlaqələrin normallaşmasında müsbət rol oynaya bilərlər. Bu ola bilər, eyni zamanda, Zəngəzur dəhlizinin fəaliyyəti ilə bağlı, iqtisadi və maliyyə yardımı ilə bağlı, qeyd etdiyim kimi, əgər bu, ədalətli olarsa. Avropa məkanında böyük intellektual potensial mövcuddur, təcrübə mövcuddur və sərhədlərin müəyyən edilməsində onlar öz tövsiyələrini verə bilərlər. Yəni bir çox sahələrdə onlar yardımçı ola bilərlər. Hər halda biz bunu alqışlayırıq", - dövlət başçısı bildirib.
13-01-2022, 08:53
Вернуться назад