İGİD TEYMURLU
ŞƏHİDLƏRİMİZİ VƏ BİZİ YAŞADAN SEVGİ
Şəhidlər Xiyabanı millətimizin Haqq Səsinin, Qurtuluşunun Məkkəsi və qibləsidir.
1990-cı ilin qanlı 20 Yanvar gecəsi ayrı-ayrı yurddaşlarımız üçün bir sitəmə çevrilsə də, gerçəkdə Millətin Doğum Günüdür!
O Qanlı Gecənin Bətnindən Şəhidlərimizin timsalında Uca Millətimiz təzədən doğuldu!
Göydən od ələnən o qanlı gecədə millətimizin göstərdiyi təpki bütövlükdə sovet imperiyasını məhvə qovuşdurdu.
Rostovdan, Stavropoldan, Rusiyanın ayrı-ayrı bölgələrindən gətirilən erməni qaniçənləri rus muzdlularıyla birgə o gecə millətimizin qanına susamışdı...
Sovet qoşunlarının qanunsuz müdaxiləsi nəticəsində o gecə Bakıda və respublikamızın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Bakıda, Sumqayıtda, Salyanda, Cəlilabadda, Neftçalada, Lənkəranda amansız qırğınlar törədilmişdir.
20-ci əsrin əvvəllərində bolşeviklərin əliylə törədilən qırğınlar 20-ci əsrin sonunda həmin bolşeviklərin adını əbədiləşdirən "26 Bakı komissarı" parkı ilə üzbəüz yerləşən 26-lar rayonunun binasından idarə olunurdu. "Vur!"əmri o binadan SSRİ-nin müdafiə naziri Yazov, daxili işlər naziri Bakatin, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Kryuçkov, SSRİ Ali Sovetin sədri Primakov tərəfindən verilirdi. Bu adamlara əmri verən SSRI Nazirlər Sovetinin sədri Rıjkov, ona da əmr verən, Sovet Ittifaqı Kommunist Partiyasının Baş Katibi, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov idi...
Bu, həmin Qorbaçov idi ki, illər ötəndən sonra "Qərb demokratiyası" onu Nobel Sülh Mükafatı ilə ödülləndirəcəkdi...
O gecə axan qanların hesabına bu Vətənin torpağından ot deyil, KİŞİ GÖYƏRDİ...
Şübhəsiz ki, özünü sovet imperiyasının varisi kimi aparan indiki Rusiya da sonrakı dövrdə Azərbaycan kimi yağlı tikənin əlindən çıxmasıyla barışa bilməzdi. Və elə ol səbəbdən də ruslar zaman-zaman rıçaq olaraq istifadə etdikləri erməni kartını yenidən işə salıb türklərin Qərbi Azərbaycandan (indiki Ermənistan) deportasiyasını, Qaradağlı, Umudlu, Başlıbel, Xocalı soyqırımını faşist ermənilərin əliylə həyata keçirdilər...
Bütün bunlara baxmayaraq qaniçən imperiyanın çəngindən azadlığını qanla alan millət 20 Yanvarda olduğu kimi sonrakı dövrlərdə yenə də səfərbər oldu, torpaqlarımızın azadlığı uğrunda mücadiləyə qalxdı. Nə yazıq ki, o zamankı siyasi və hərbi rəhbərliyin yol verdiyi bəzi səhvlər qazanılan uğurları heçə endirsə də düşmənlərin fitnəsilə "Böyük Ermənistan" xülyası darmadağın edildi, Qarabağda və Bakıda erməni dövlətinin yaradılmasının qarşısı aĺındı, rusların zor gücünə Azərbaycanda oturuşmasına imkan verilmədi.
20 Yanvar Şəhidlərimizin Azadlıq uğrunda qaldırdıqları bayraq əmin əllərdə olsa belə bu şərəfli yolda yenə də yurd uğrunda canını fəda edən minlərlə canfədailərimiz Qarabağ cəbhəsində şəhadətə qovuşdu...
Bütün bunların fonunda millət olaraq bizlər hamımız bir günahın içindəydik. Hər ilin 20 Yanvarında fikirləşirdim ki, axı hansı üzlə ŞƏHİDLƏR XİYABANINA GEDƏSƏN Kİ, üstündən bunca illər ötməsinə baxmayaraq hələ də biz o gecə Haqqa qovuşan, tələbə yoldaşım olmuş AZƏR NƏSİBOĞLUNUN təbirincə desəm, "televizor qarşısındayıq, axı televizor qarşısında oturmaqla torpağı azad etmək olmaz!"!?
Açığı ol səbəbdən mən
ŞƏHİDLƏR XİYABANINA getməyə də utanırdım....
ÇÜNKİ DƏQİQ BİLİRDİM Kİ, oralara yolum düşsə o Xiyabanda uyuyan qrup yoldaşım AZƏR NƏSİBOĞLU 20 Yanvar gecəsi Atasına söylədiyi son kəlməsini mənə də ünvanlayacaq: "ATAM, QARDAŞIM, TELEVİZOR QARŞISINDA OTURMAQLA, KİMDƏNSƏ YOL GÖZLƏMƏKLƏ İTİRİLMİŞ TORPAQLARIMIZI AZAD ETMƏK OLMAZ!"...
ÇÜNKİ DƏQİQ BİLİRDİM Kİ, o Xiyabanda uyuyan, hələ də haqqı tanınmayan 713 saylı tabordan olan səngər yoldaşlarım uğrunda can qoyduqları yurdun taleyini məndən soruşacaqlar..
Nə cavab verəcəkdim ONLARA!?
DEYƏCƏKDİM Kİ, biz hələ də günahkar bəndə olaraq ömür çürütməkdəyik!!?
DEYƏCƏKDİM Kİ, dərdlərimiz və problemlərimiz qartımaqda, anbaan Özümüzdən uzaqlaşmaqdayıq!?..
DEYƏCƏKDİM Kİ, qanınız bahasına varoluşuna sahib çıxdığınız bugünkü Azərbaycanda 20 Yanvar qətliamını törədən rusların dilini, ədəbiyyatını, tarixini tədris edən 365 orta məktəbimiz var!?
DEYƏCƏKDİM Kİ, həmin rusdilli məktəblərdə uğrunda can qoyduğunuz azadlıq mübarizəsini o zamankı "Azərbaycan Xalq Cəbhəsi üzvlərinin başıpozuqluğuna qarşı tədbir" kimi xarakterizə edirlər!?
DEYƏCƏKDİM Kİ, 20 Yanvar qətliamının ideoloqlarından biri olan Yevgeni Primakovdan bugünkü Azərbaycanda büt qayıranlar var, şəninə də esse yazırlar!?...
DEYƏCƏKDİM Kİ, əliyalın olmanıza baxmayaraq qanınıza qəltan edilsəniz də , üstündən illər ötəndən sonra Rıjkovsayağı, Yazovsayağı "20 Yanvarda azərbaycanlılar sovet qoşunlarına qarşı silahlı müqavimət göstərib" ittihamı elə bugünkü Azərbaycanda çəkilən filmlərdə də öz əksini tapıb!?
DEYƏCƏKDİM Kİ, Sizin mübarizənizin sonucu olaraq Azərbaycanımız öz müstəqilliyinə qovuşsa da, ancaq o Müstəqillik Aktını imzalamayanlar bu gün müstəqil Azərbaycanın əbədi vəkilinə çevrilib!?..
Bax bu kimi səbəblərdən ŞƏHİDLƏR XİYABANINA getməyə də utanırdım.
Çox şükür ki, 44 günlük müharibədə (27 sentyabr 2020 - 10 noyabr 2020) qazandığımız ZƏFƏR bizə Şəhid Baxışlarının Diktəsindən doğan bir çox suallara aydınlıq gətirdi...
Bizi doğulduğumuza görə peşiman etmək istəyənlər o Gecənin vəhşətini, o Gecənin dəhşətini və o Gecənin bizlərə əmanət qoyub getdikləri Vətən Sevgisini anlamazlar!
Şəhidlərimizin Amallarını unudaraq Onları ziyarət etmək bütpərəstlərdən ibarət Allahını yeyən məmləkət əhlinin davranışına bənzər.
Məmləkət Əhlinin bugünkü davranışı və buna müqabil Şəhid Baxışlarının Diktəsi hələ çox şeyləri söyləyir bizlərə...
NƏ QƏDƏR Kİ, millətimizin, dövlətimizin varoluşu Yolunda canını fəda edən Şəhidlərimizin uğrunda can qoyduqları o yurd yerlərimizin bir qismi tapdaq altındadır;
NƏ QƏDƏR Kİ, 20 Yanvarda bizi qanımıza qəltan edən rus "sülhməramlı"donunun altından öz məkrli planlarını həyata keçirməkdədir - demək ki, biz hələ də Qurtuluşumuzun qibləsini unutmuş millətik!
.
Bizə Qurtuluşumuzun qibləsini unutdurmağa çalışırlar! Qibləmizə üz tutub sevgimizə sahib çıxaq. Bizi yaşadan o Sevgidir - Vətən Sevgisi: Şəhidlərimizin uğrunda can qoyduqları Vətən Sevgisi. O Sevgiylə yaşayıb, o Sevgiylə Haqqa qovuşanların uyuduğu Şəhidlər Xiyabanısa qurtuluşumuzun Məkkəsi, qibləsidir....