SƏNİ "oxuduqca" Gözlərində doğulmaq istədim...
İGİD TEYMURLUTANRI PAYIMI BƏXŞ EDƏN MƏLƏYİN DOĞUM GÜNÜNƏDoğum Günün qutlu olsun, mənim
SEVDALANMIŞ DÜNYAMA TANRI PAYIMI BƏXŞ EDƏN MƏLƏK!..
Sən mənim Nar Çiçəyimsən, GÜLNARımsan!
Sən mənim gecələrimi AYDIN edən qiblənüma DİLBƏRimsən!
Sənin dəyərin mənim qəlbimdədir, gözlərimdə yox!
Sən mənim güvəndiyim dağ, sığındığım çiyin, tən yarımsan, sevdam və ümidimsən....
Otuz illik ömür yoldaşlığımızda edə bilmədiklərimə görə, doğru bilib etdiklərim zatən ortalıqda....
Bu həyatda bir loxma çörəkdən, quruca addan ötəri namərd körpüsündən keçmədim, əvəzindəsə selin caynağında çarpışmanı özümə yol seçdim...
Bu həyatda bir loxma çörəkdən, quruca addan ötəri tülkü kölgəsində yatmadım, aslanlara tuş gəlib qurtulmaq üçün mücadilə yapdım...
Gərəkən anda mən Vətənin Harayına yetişdim, amma Məndən başlanan Vətənin HARAYI gərəkən anda eşidilmədi!!!
Heç zaman Sözə və Qələmə xəyanət etmədim. Amma o Sözün Sehriylə, o Sözün Möcüzəsiylə, o Qələmin Qüdrətilə Sizlər üçün bir qala yapdım - qapısı Haqqa, Həqiqətə açılır, Tanrı Dərgahına!..
Bütün həyatımı Vətənimə və bir də doğmalarıma, Sizlərə bağışladım. Əhdim kəsilsə belə mənimlə yol yoldaşı olan, mənə doğma olan bütün Ağrılarımı içimdə əridib, edə bilmədiklərimə görə dünyanın ən təmiz suyu olan göz yaşlarımı içimdə boğdum. Bizi duymasalar da, bizi eşitməsələr də, ən çətin anlarımızda Səninlə birlikdə dərdlərimizi özü-özümüzə danışdıq, özü-özümüzə anlatdıq, Ciyərparalarımızda olan Vətən sevgisinin Vətənin Ciyərparalarımıza olan münasibəti fonunda ölməsinə imkan vermədik...
Və bütün bunları biz ətrafı qaranlıqlara bürüyən dünyanın bir parçası olan AUTİST cəmiyyətdə etdik...
Bu cəmiyyətin öz dünyası var...
Bu dünyada saflıq, təmizlik, haqq, ədalət, insaf, mürvət, insanlığa sevgi deyilən şey yox!
Bu dünyada göz görə-görə, qulaq eşidə-eşidə insanı problemlər məngənəsində inlədən kəslər üçün insan sifətindəki əzabın son cizgiləri belə sanki zövq mənbəyinə çevrilib!..
Dantenin "İlahi yuxu"su səhnələşdirilib bu məmləkətdə!.
İllərdi ki, bu məmləkətdə Vətən sevdalı Oğlanlar əzabda inləməkdə, ancaq böyük şairimiz RÜSTƏMXANLI demişkən, "..satqınların döşündə istiqlal ordenləri!"...
Bu məmləkətdə əhdi kəsilmiş atları güllələyirlər!...
Mən Səni bu yurda sipər qədim türklərdə olduğu kimi "atadan irəli, oğuldan geri" ƏSGƏRIN ANASI kimi görmək istəyirəm. Amma neynəmək ki, bu məmləkətdə Sənin əsgər olaraq böyütdüyündən Dövlət Babanın adam sayıb ödülləndirdiyi, bu sahəyə xidmətçi olaraq yükümlü bilib səlahiyyət verdiyi kəslərin xəbəri yox!..
BİZim problemlərimiz BİZdən olmayanları ilgiləndirməsə də, ancaq BİZƏ BİZDƏN YAXINI YOX! Bu mənada mən Sənin həyatına anlam olmaq üçün varam. Sən də mənim həyatımın anlamısan, canımda canım, damarımda qanımsan..
Sən gözlərimin illər boyu axtarıb tapdığı, bütün varlığımla keşiyində durduğum VƏTƏNLƏŞMİŞ SEVDAMSAN - tam qədərində sevdiyim, uğrunda ölümü belə gözə aldığım YURDLAŞMIŞ QARA SEVDAM!
Necə ki, analar Canlarından Can ayrılarkən bizə azadlıq bəxş edib göydən yerə endirəndə müqəddəs yalan uydurublar haa, bax sən də eləcə. Xəyallarımda qəlbində mayalanıb, gözlərindən doğulub, yanaqlarında azadlığa qovuşmuşam. O müqəddəs yalanlara inanmışam və həyatımı bu "yalanlar"ın üzərində qurmağa, bu yalana gerçək həyat verməyə çalışmışam...Bu "yalan"ı necə bəsləmək, necə əzizləmək, necə oxşamaq, necə qoxlamaq istəyini gözlərindən duymuşam.
Ki,bəsləmisən...əzizləmisən...oxşamısan...qoxlamısan..
Hətta bütün bunları duymasaydım belə, mən yenə də özümü səninlə ilgili müqəddəs yalana inandırmağa çalışmışam, özümü o "yalan"ın ağuşunda hiss etmişəm və etməkdəyəm...
Məni Sənin yanına gətirən sevgi küləklərini həm də bu Vətənin Güneyilə Quzeyinə sahib çıxacaq ümidlə baxdığımız Sabahımızın müjdəsi kimi sanmışam və müjdəsidir də....
Sən mənim üçün dünyanın ən gözəl çiçəyi, həyatımın ən gözəl duyğusu, qoynunda yurd saldığım təbiətin ən heyrətamiz mənzərəsisən....
Sən mənim içimdəki həyat eşqimsən, susuzluqdan çat-çat olmuş dodaqlarımda bir damla dupduru susan!..
Həyatım boyu ÖZ QƏLBİMİ sevdim, bir də SƏN adlı Vətəni...
Niyəsini söyləyimmi?
SƏNİ Sən olduğun üçün sevdim - çünki Sənin qəlbində də bir Qızıl Alma sevdası var və həm bu sevdanın yolunda, həm də vətənləşdirdiyin doğmalarının varoluşu, yaşamı naminə həyatın quduz dalğalarıyla cəngə girmisən..
QƏLBİMİSƏ mənə Həyat Verənlərə, Sənə, Tanrı Paylarıma, uğrunda can qoymağa hazır olduğum Bütöv Azərbaycanıma, Turan Elimə, Sevincimə, Kədərimə, Ağrılarıma, Acılarıma qucaq açdığına, Tanrı Ocağı olduğuna görə çox sevirəm!..
Xatirələrimdə dəfn etdiklərim də, sabahkı xəyallarımda doğulacaqlar da bax bu qəlbimin ənginliklərindədi...
Sən hər zaman MƏN OLDUN mənim üçün. Qatlaşdığım ağrıları, çəkməli olduğum yükü mənimlə bərabər daşıdın və bəlkə məndən də çox o yükü öz zərif çiyinlərinə götürdün - sızlamadan, mənə hiss etdirmədən. Ancaq mən də sənə hiss etdirmədən bütün bunları duydum - çünki sən mənim özümsən...
Səni "oxuduqca", Səni duyduqca Gözlərində doğulub, Gözlərindən axan bir damla yaş olmaq istədim - yanaqlarından süzülüb, dodaqlarında ölmək üçün. Di gəl ki, Səni mənsiz qoymaq qorxusu bu arzumu da qəlbimin ənginliklərində dəfn edilməsinə bir vəsilə oldu.
Sevənlər üçün zaman sonsuzdur, çünki sevənlərin arzuları da, istəkləri də əbədidir, daim uzun, incə bir yolun yolçusudur. Biz indi uzun, incə bir yoldayız...
Bu Yolda Sənə arzum budur ki, acılar qarşısında mətin, bəlaya düçar olsan cəsur, haqqın yeyildikdə asi ol...
Sənə gözəl sözlər yazmaq istəsəm də, nə yazdımsa, Sənə olan sevgimi izhar edə bilmədim...
Sənin adın üzümə üfürülən dua kimidir, can yoldaşım...
SƏN mənə Tanrı Payımı Bəxş Edən Mələksən!
TANRI PAYIMI BƏXŞ EDƏNİM, DOĞUM GÜNÜN QUTLU OLSUN!..
22-01-2022, 01:45
Вернуться назад