Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 bəndlik təklif göndərib.
Tv 713. .az xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Bayramov İrəvandan cavab gözlədiklərini qeyd edib:
“Əgər Ermənistan səmimi şəkildə münasibətləri normallaşdırmaq istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir. Bir ilə yaxındır ki, Ermənistandan bizim təklifimizə cavab yoxdur. Azərbaycan tərəfi öz xoş niyyətini göstərmək üçün bu günlərdə Ermənistana yeni təkliflə çıxış edib. Təklif hərtərəfli sənəddir. Biz erməni tərəfinə mahiyyətcə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını özündə ehtiva edən bəzi əsas prinsipləri təklif etdik. Biz dövlətlər arasında münasibətlərin tənzimlənməsinin əsas prinsiplərinə və ənənələrinə uyğun olaraq öz fikrimizi bildirdik və təsdiq etdik”.
Təklifin bu yaxınlarda göndərildiyini qeyd edən Bayramov deyib:
“Bir səhifə sənəddir. Əgər Ermənistan tərəfi münasibətlərin normallaşmasını istəyirsə, bu təklifə öz yanaşmasını bildirməlidir. Deməliyəm ki, bu sənəddə təsbit olunmuş bütün təkliflər beynəlxalq münasibətlərin prinsipləridir, burada qeyri-adi şeylər yoxdur”.