SUÇUMUZ BUMU, ASLAN İSMAYILOV!?
İGİD TEYMURLU713-CÜ TABORUN DƏRDİ ANLAYANA XİTABI
30 ildir ki, haqqına tüpürülən Qazinin suçu nə? Allahdan qorxun, ey hakimi-mütləqlər, haqqa tüpürməyin...
Çox dəyərli ASLAN İSMAYILOVun Qazilərin tapdalanan haqlarıyla bağlı bir yazısını oxudum. Təqdirəlayiqdir. Zatən Aslan bəy bu və ya digər konu ilə bağlı məsələlərdə çoxundan fərqli olaraq elə bu və ya digər şəkildə də öz münasibətini ortaya qoyub. Yəni, çoxları kimi seyirçi qalmayıb. Lallar, karlar dünyası səsimizi eşitmədiyindən ən azından dərdimizi bölüşmək baxımından sözümü Aslan bəyə xitabən deyirəm...
Belə ifadə format baxımından çox qüsurlu, çox bölücü olsa da, işlətmək məcburiyyətindəyəm. Ortaya sual çıxır: əcəba, deyildiyi kimi nədən "birinci Qarabağ savaşı" iştirakçılarının 30 il ərzində tapdalanan haqları "ikinci Qarabağ savaşı"nın iştirakçılarının tapdalanan haqları qədər bunca ajiotaj doğurmayıb, bunca müdafiə edilməyib!?
Olmaya cəmiyyətin özündə nələrsə baş verir?
Olmaya yatan siyasi institutlar, vətəndaş cəmiyyətləri kimlərin tərəfindənsə təyin edilən aminazin təsirindən yenicə oyanıb?...
30 il ərzində Şəhidin, Qazinin tapdalanan haqları fonunda diksinməyən cəmiyyət indi hansı topların səsindən ayılıb?...
Bəri başdan onu deyim ki, azadlıq savaşımızda bircə saat belə düşmənlə üz-üzə dayanan hər bir kəs mənim üçün Qəhrəmandır. Bu mənada heç kim səslənən fikirlərdə hansısa bölücü məqam axtarmasın.
Ancaq məsələ burasındadır ki, həmin bölücülüyü bütövlükdə cəmiyyətin özü aparır - " birinci, ikinci Qarabağ Savaşı" söyləməklə!!!
Əfəndilər, "birinci, ikinci Qarabağ Savaşı" deyilən şey yoxdur!
BİZİM VƏTƏN SAVAŞIMIZ OLUB VƏ O SAVAŞ BU GÜN DƏ DAVAM EDİR. BÖLÜNƏN VƏTƏNİMİZ KİMİ MÜBARİZƏMİZİ, BİRLİYİMİZİ, HƏMRƏYLİYİMİZİ DƏ BÖLMƏYİN!!!
200 ildir ki, torpaq bütünlüyümüz bölünməkdə, 200 ildir ki, torpaq bütövlüyümüzü bərpa etmək üçün mücadilə sürülməkdədir. Biz millət olaraq həm də bir YOL ADAMIYIQ, Bütövlüyümüzə gedən yolun təminatçı əsgərləriyik. BABALARIMIZIN başladığı Yolu sizlərin dediyiniz və hələ də tam əksəriyyətinin haqqını tanımadığımız "Birinci Qarabağ Savaş" ının döyüşçüləri davam etdirdi.
O döyüşçülərin içərisində əfsanəvi 713-cü tabor da var idi - komandiri, qərargah rəisinin müavini, bölük komandiri və 32 döyüşçüsüylə Şəhid olan 713!
Laçının və Ağdərənin bir çox kəndlərinin işğaldan azad edilməsində misilsiz rəşadət göstərən 713!
Üstündən 30 il ötməsinə baxmayaraq hələ də haqqı TANINMAYAN, döyüşçülərinin haqqına tüpürülən 713!
Tapdalanan haqqının üstündən 30 il ötməsinə baxmayaraq bu Oğlanlar hələ də " Vətən sağ olsun!" - deyə, susmaqda, hələ də səbir, dözüm nümayiş etdirmədədilər.
Tapdalanan haqlar fonunda aidiyyatı kəslərin öz əxlaqsızlıqlarını, dövlət tərbiyəsindən uzaq olmalarını nümayiş etdirmələri həm də gələcəyimizə vurulan zərbədir!
Çoxu indi BABA olan 1992-ci ilin döyüşçülərinin haqları indiyə kimi tanınmırsa, onlar öz nəvələrinə Vətən Sevgisini necə təlqin etsinlər?
Qorxurlar, qorxurlar ki, günün birində nəvəsi Ona " budurmu vətənin Qazisinə verdiyi qiymət?" - deyə, sual edə bilər. Bax bu sualın qarşısında sual işarəsi kimi əyilməmək üçün qocalmış QAZİ nəvəsinə Vətən Sevgisini də qorxa-qorxa təlqin edir...
Beləcə zaman ötdü, ağrılarımızı, acılarımızı unutmadıq, içimizdə dərd ağacını böyütdük. Fövtə verdiyimiz illər həm də bizə ətrafımızda hürüşən itlərlə mübarizədə strateji əməkdaşlığın incəliklərini də yetərincə öyrətdi. Hansı ki, 30 il bundan öncə meydanda tək tənha idik, necə deyərlər, topumuz, tüfəngimiz də yox idi, amma bizi qələbəyə səsləyən, erməninin, rusun məkri qarşısında sabaha inamımız, özgüvəncimiz var idi...
44 günlük savaşda bizə qələbəni bəxş edən nəsli yetişdirən həmin inam, həmin güvənc oldu. Biz o inamın, o güvəncin, keçmişin çatışmazlığından dərs alaraq formalaşdırdığımız strateji əməkdaşlığımızın işığında, tapdalanan haqlarımıza belə göz yumaraq içimizdə böyütdüyümüz dərd, həsrət ağacının kölgəsində toparlanıb düşməni diz çökdürdük. Bu müqəddəs savaşda Şəhid olan bütün qardaş və bacılarımızın Müqəddəs Ruhları, Qazilərimizin qarşısında baş ƏYİRƏM!...
1992-ci ildən üzü bu yana 360, 44 günlük savaşın üstündən də 19 ay ötüb. Bu 360 və 19 ayda harın məmur özbaşınalıqları fonunda qazilərin simasında gerçəkləşən intiharlar seriyası, tapdalanan, tanınmayan haqların mövcudluğu çox üzücü və çox UTANCVERİCİDİR.
Doğrudanmı Dövlət Baba bütün bunları görmür!?
Yooox Dövlət Baba bütün bunları görüb susursa, onda bunun adı nədir?
Atılan addımların motivindən asılı olmayaraq Dövlət Baba öz vətəndaşına sahib çıxmanın formatını ortaya qoymalıdır. Ki, digər vətəndaşlarda da bir güvənc hissi olmalıdır....
İndi çox dəyərli Aslan bəy 19 aydan danışır...Düppədüz!
Bəs 30 ildir ki, haqqına tüpürülən Qarabağ Savaşının Qazisi nə etməlidir, dəyərli Aslan bəy? Axı Sizə də bəllidir ki, bu illər ərzində bütöv cəmiyyət susub. Və bu cəmiyyət heç haqqında danışdığım 713-cü taboru dövlətin özü kimi heç tanımır da. Amma 713-cü tabor ( 701 saylı briqadanın tərkibində olub. Komandiri Şəhidlər Xiyabanında dəfn edilən Şəhid mayor Süleyman Əhmədov, sonradan polkovnik-leytenant Rəhman Isgəndərov olub) 1992-ci ildə Laçın polisi və 811-lə birlikdə Laçın dəhlizini nəzarətə götürəndə "bu döyüşü udacağı təqdirdə Baş Qərargah rəisinə Ermənistanın prezidenti postu vəd edilmişdi".
Paradoksallığa baxın: nə yazıq ki, ambisiyalarının qan çanağında boğulan erməni onda da, sonradan da "qəhrəmanlaşdırıldı", ancaq o zaman ermənini diz çökdürən 713-ün, 811-in döyüşçülərinin tam əksəriyyətinin haqqı hələ də tanınmır!!!
Dövlət Baba Müdafiə Nazirliyinin timsalında bu Oğlanların haqqına rəsmən tüpürüb. Vətəndaşa beləmi sahib çıxırlar?
Belə təqdimatı ("birinci, ikinci Qarabağ savaşl") qəbul etməsəm də, istər cəmiyyət, istər MN-in simasında dövlətin özü tərəfindən "birinci Qarabağ Savaşı"nın iştirakçılarının mübarizələri bu və ya digər şəkildə heçə endirilir. 30 ildir ki, bu adamların haqqı tapdalanır, 30 ildir ki, bu adamlar linç edilir, bunlar nə etməlidirlər?..
O döyüşçülər abırlarına qısılmaqda, qarşılığında da siyasi institutlar, vətəndaş cəmiyyətləri, hüquq müdafiəçiləri, bütövlükdə cəmiyyətin özü susmaqda!!! Halbuki bugünkü qələbəmizə gələn yolun başlanğıcı məhz 1992-ci ildən başlanıb. O illərin döyüşçüləri olmasaydı, bəlkə də daşnaklar nəinki Qarabağda, hətta daşnak planına uyğun olaraq Bakıda da erməni dövlətini yaratmışdılar!
1992-ci ilin döyüşçüləri rusun, farsın istəyincə erməninin bax bu məkrli planını məhv etdi. 30 il ərzində lallar, karlar dünyası bunu ya duymadı, ya da duymaq istəmədi. SİZ DEYİN, SUÇUMUZ BUMU, ÇOX DƏYƏRLİ ASLAN BƏY!? Qanunda geriyə yol yoxdursa, nədən 1992-ci, 93-cü ilə münasibətdə dünən qəbul edilən qərarlar əsas götürülür, ancaq Sizin vəkil kolleqalarınız, hakimlər tərəfindən rəhmətlik Elçibəyin, rəhmətlik Heydər Əliyevin imzaladığı qanunlar görməzdən gəlinir?
Sizsə Allahdan qorxun, ey hakimi-mütləqlər, haqqa tüpürməyin...
4-06-2022, 20:16
Вернуться назад