Kolumbiya ordusu 300 ildir su altında qalan və 1708-ci ildə batarkən içində təxminən 200 tona yaxın qızıl, gümüş və zümrüd daşıdığı güman edilən İspaniyanın "San Xose" gəmisinin qalıqlarının görüntülərini paylaşıb.
Tv 713. az xəbər verir ki, Kolumbiya ordusu müşahidə missiyası çərçivəsində Qəraib dənizi sahilində təxminən 950 metr dərinlikdə olan İspaniyanın “San Xose” gəmisini tapıb. Bildirilib ki, Mədəniyyət Nazirliyinin nəzarəti altında aparılan müşahidə missiyası nəticəsində 300 ildir su altında qalan gəmiyə heç bir insan müdaxiləsi olmayıb.
Paylaşılan görüntülərdə xəzinə yüklü batmış gəmidə qızıl, çini, şüşə qablar və toplar aydın şəkildə görünür. Gəmi dünya tarixində indiyə qədər tapılmış ən qiymətli xəzinə hesab olunur.
“Texnoloji avadanlıq və Kolumbiya donanmasının işi sayəsində biz aydın şəkillər çəkə bildik”, - Kolumbiya Prezidenti İvan Duke müşahidə missiyası ilə bağlı verdiyi açıqlamada bildirib.
Duke qeyd edib ki, batan gəmi gələcəkdə həyata keçirilməsi gözlənilən xilasetmə işləri üçün qorunub saxlanılır.
Kolumbiya ərazi sularında tapılan gəmini öz mədəni irsinin bir hissəsi, İspaniya isə xəzinənin İspan gəmisində olduğu üçün onlara aid olduğunu hesab edir. Boliviya da ispanların yerli əhalini qiymətli əşyalarını verməyə məcbur etdiyi üçün xəzinənin onlara təhvil verilməsini istəyir. Beləliklə, batmış gəmi üç ölkəni qarşı-qarşıya qoyub.