HARM tipli Qərb antiradar raketi sürətli, uzaq mənzillidir və Rusiyanın demək olar ki, istənilən hava hücumundan müdafiəsini məhv etməyə qadirdir.
Axar.az xəbər verir ki, bu barədə “Fridom” (FreeDom) kanalının süjetində məlumat verilir.
Bildirilir ki, əvvəllər əsas problem bu sursatların Ukrayna təyyarələri ilə uyğunsuz olmasında idi. Amma bu yaxınlarda Pentaqon bu haqda sensasion bəyanat verdi. Belə ki, Ukrayna tarixdə ilk dəfə olaraq postsovet texnikasını, xüsusən də MiQ təyyarələri və sursatlarını müasir Qərb sistemləri ilə uyğunlaşdıra bilmişdi.
Hərbi ekspert Aleksandr Kovalenkonun sözlərinə görə, HARM tipli raketlər köhnə sovet və müasir rus radarlarını asanlıqla məhv etmək üçün kifayət qədər yüksək texnoloji xüsusiyyətlərə malikdir:
“AGM-88 HARM raketi 150 km-ə qədər məsafədə hədəfləri vura bilir və düşmənin bütün tezlikli radarlarını məhv etmək üçün nəzərdə tutulub”.
Hərbi ekspert Oleq Katkov isə bildirib ki, ruslar bu raketin buraxıldığını görüb radarı söndürsə belə, raket düşməni sonuncu dəfə gördüyü hədəfə doğru uçmağa davam edir:
"Ondan gizlənmək və qaçmaq mümkün deyil. Eyni zamanda, raketin bir neçə tətbiq üsulu var. Sistem onu daşıyan təyyarənin müdafiə rejimində işləyə bilir. Avtomatik tənzimləmə ilə məlum hədəfləri koordinatlarla məhv etməyə və ya çox sayda nəqliyyat vasitəsi olduqda müstəqil olaraq ən təhlükəli hədəfi seçib məhv etməyə qadirdir.
Onun yaddaşında bir hədəf kataloqu var. Yəni təyyarənin vəzifəsi yalnız təxmini buraxılış sahəsinə çatmaq və bundan sonra müstəqil olaraq ən yüksək prioritet hədəfi axtarmağa başlayan raketi buraxmaqdır".