ANA DİLİMİZİN "YAZIQ"LIĞI
İGİD TEYMURLU SINIRLARI AŞAN "LİBERAL"LIĞIMIZ, "TOLERANT"LIĞIMIZ, "DEMOKRAT"LIĞIMIZBir daha rus dili, bir daha "rus sektoru" ilə bağlı danışmaq zorunda qaldım.
Nədən yenidən bu mövzu?
Jurnalist həmkarım ( və baş redaktorum) TAHİRƏ QAFARLI ALDP sədri hörmətli FUAD ƏLİYEVlə bir müsahibə hazırlayıb. Mən də baxdım və dinlədim o müsahibəni. Bəzi məqamlara görə üzüldüm...
Bəri başdan deyim ki, mənim həm Fuad Əliyevə, həm də baş redaktoruma böyük hörmətim var. Aramızda qarşılıqlı hörmət və demokratik, azad mühit olduğu üçün öz iradlarımı da beləcə bildirmək mənim haqqımdır.
Tahirə xanımın bu konuda yönləndirdiyi bəzi suallarda rusofilliyə qarşı ekzotik məhəbbəti qoyuram bir qırağa, dəyərli Fuad bəyin cavablarındakı duyğusal çılğınlıq bir az qəribə gəldi mənə.
Ölkənin potensial prezidenti olaraq bir siyasi partiya rəhbərinin Azərbaycanın maraqları baxımından Rusiya faktoruna belə məhrəmanə yanaşması mənə görə qəbuledilməzdir.
Hər şey qədərində gözəldir. Biz liberalıq, biz tolerantıq, biz demokratıq deyə milli mənəvi dəyərlərimizin sınırlarını aşmayaq, əksinə bu dəyərlərin imkanlarını sınırlarımızı qorumağa yönəldək, bəylər və xanımlar!
Başqa problemlərimizi demirəm, elə Qarabağ probleminə münasibət məsələsində Qərbin ikili mövqeyi hər kəsə bəllidir. Və bəlli olub. Elə demokratiyanın "ixracı" məsələsində də Qərb öz görmək istədiklərini bizə sırıyır. Bu, məsələnin ayrı bir tərəfidir. Və bu, ona dəlalət etmir ki, biz öz anamızın dilini qoyaq bir yana Nataşanın çastuşkasıyla uyuyaq.
Fuad bəyin təbirincə desək, "seçim etmək" məsələsi ortaya çıxarsa, bir partiya liderinin "Rusiyanın yanında" durması ən azından, üzüntülüdür. Axı Fuad bəy özü də bilməmiş deyil ki, Azərbaycan üçün salınan bütün labirintlərin memarı Rusiyadır! Azərbaycanı çıxılmazlıq pentaqramasına sürükləyən hər zaman Rusiya olub...
Bəs burada məntiq nə? Deməli, məsələyə ikili standartla yanaşan sənin düşmənin, ancaq həmin məsələni, həmin problemi yaradansa sənin dostundur, öyləmi!!!???
Bir partiya liderinin məntiqindən doğan belə nüansla qarşılaşmaq üzüntülü deyilmi?...
"Regional maraqlar" ifadəsi üzərində var-gəl etməklə yaxın qonşu prinsipini əldə TUTALĞAC etmək də yetər. Bu zamana qədər region dövlətlərinin Azərbaycana, Azərbaycan türkcəsinə münasibəti bəlli deyilmi, dəyərli Fuad bəy? Bax elə bu günlərdə bəyan edildi ki, qonşu Gürcüstanda Azərbaycan dilinin tədrisini həftədə 3-5 saata endirdilər.
Yeni qəbul edilmiş sərəncamda ana dilimizlə bağlı belə bir müddəa yer alıb: “Azərbaycan dili və ədəbiyyat fənninə həftədə minimum 3, maksimum 5 saat vaxt ayrılır. Eyni zamanda, məktəb ikinci xarici dilin tədrisinə 1 və ya 2 saat ayırmaq qərarına gələrsə, Azərbaycan dilinin tədrisinə maksimum 3 saat ayrılmalıdır.”
Dəyərli Fuad bəyə xatırladım ki, bizdəki gürcü məktəblərində bu müddət minimum 5 saat nəzərdə tutulub.
Yaxud, olsun Rusiyanın, İranın təhsil sferası. Siz bu gün deyə bilərsinizmi ki, bugünkü Rusiyanın, bugünkü İranın təhsil sferasında Azərbaycan dilinin çəkisi nə qədərdir? Rus, fars, gürcü şovinizmi Azərbay can toponimikasına, Azərbaycan türkcəsinə qənim kəsilməyibmi? Siz müxalif partiya liderlərindən biri kimi bütün bunları "qonşuluq prinsipləri"nə söykənərək rus, fars, gürcü müxaliflərin diqqətinə çatdırmısınızmı?...
OLMAZ! ANA DİLİNİN TALEYİNƏ BUNCA BİGANƏ QALMAQ OLMAZ!!!
Elə belə etmişik ki, Azərbaycanda anadan olan, Azərbaycanda böyüyüb başa çatan, Azərbaycanda təhsil alan, Azərbaycanda işlə təmin olunub ailəsinə çörək qazanan rus Azərbaycan türkcəsinə xor baxır...
Timoşenko ömrü boyu qanunverici orqanda oturdu, yanında da tərcüməçisi! Hansı azərbaycanlı Rusiyada, İranda, Gürcüstanda qanunverici orqanda tərcüməçi ilə oturub yox e, otura bilər!?...
Hansı qanunda yazılıb bizim təhsilimizin "ikidilli" olması!?
Əzizlərim, "rus dilinin imkanları" başqa, təlim tərbiyənin, tədrisin rus dilində verilməsi başqa şeydi.
RUS DİLİ DƏ XARİCİ DİL OLARAQ TƏDRİS SİSTEMİMİZƏ SALINMALI VƏ ŞAGİRDLƏRƏ BURADA SEÇİM İMKANI VERİLMƏLİDİR! Kim istəyirsə ingilis, kim istəyirsə rus dilini seçsin.
Bu dövlətin dili Azərbaycan türkcəsidir və bu dili 10 milyonu adlayan vətəndaşlarımızın hər biri mənimsəməlidir!
Rusiya ərazisində Azərbaycan türkcəsinə münasibətdə hansı faizdə münasibət sərgilənirsə eyni faiz Azərbaycanda da göstərilməlidir!!!
"Rus sektorları"nın fəaliyyəti özəl sektora həvalə edilməlidir. Kim istəyir qanunlarımız çərçıvəsində rus sektoru açsın və dediyiniz həmin rus dilində təhsil almaq üçün qovrulan "18 min" də gedib həmin sektorda təhsil alsın...
Bu da bir liberal demokratik düşüncədir. Xatırladım ki, rusların liberal demokrat düşüncəsində rus əsgərinin öz çəkməsini Hind okeanının isti sularında yuması nəzərdə tutulurdu. Elə onda da üzülmüşdüm ki, bu düşüncə ilə dünya hara sürüklənir- belə sərsəm, belə kosmoqonik düşüncə ilə....
9-09-2022, 22:59
Вернуться назад