50 ŞƏHİD dərdini ovutmaq üçün...
TAHİRƏ QAFARLI
"versus. az" saytının baş redaktoru
Anaların, ataların ürək dağlayan ağrısını, OĞUL fəryadını, Vətən Torpağının 13 sentyabrda bir gecədə verdiyi 50 ŞƏHİD dərdini ovutmaq üçün söz tapa bilmirəm...
Hələ 27 sentyabr -Azərbaycanın Ermənistan hərbi qüvvələrinə qarşı əks-hüçumu və 44 gün ərzində davam edən Vətən müharibəsində verdiyimiz Şəhidlərin açısını zəfərimizlə ovundura biməmişkən, II Qarabağ müharibəsinin başlanmasının 2-ci ilinə 15 gün qalmış, özü də atəşkəs dövründə yenə Şəhidlər verdik... Yenə sizin Oyununuza gəlirik...
Çarəsizəm, Şəhidlərin doğma ruhuna ehtiram olaraq, neçə gündür "Allah Rəhmət eləsin", "Ruhun şad olsun, Şəhidim", "Qisasın alınacaq, Başın sağ olsun, VƏTƏN!" sözləri də acizdir. Yaxud bu sözlərlə təsəlli almaq əvəzinə, daha da hiddətlənirəm, artıq damarımda axan qan da təsəlli istəmir!.. Bu anlar nə deyəcəyini, nə edəcəyini bilmir, insan... Sadəcə oğlunun ŞƏHDƏT xəbərini alan atanın ürəyinin partlayıb ölməsi xəbəri, "Üstümə qar yağdı, can oğul", deyən ananın fəryadına içindən dağlanır, əriyirəm...
Kor gözlərinlə hara baxırsan, ay üçtərəfli atəşkəs sazişinə imza atan Rusiya siyasətçiləri!.. Hara baxırsan Avropa İttifaqı!. Mənim dövlətimin sərhəd bütövlüyünü tanıyırsansa, niyə sərhədlərimizi pozan erməni işğalçılarını, separatçılarını yerində oturtmaq üçün tədbirlər görmürsən?!. NİYƏ?! Zatən sizin niyyətləriniz bizə bəllidir... İndi sualı özümə verirəm: sizin kimliyinizi meydana çıxartmaq üçün özünü yormağa ehtiyac varmı, qətiyyən...
Bu gün Azərbaycan insanı kədərini ovutmaq üçün yalnız bir həqiqətə inanır və həmin həqiqətin nə olduğunu artıq son 32 il ərzində Ermənistanın, hayların əli ilə başımıza gətirilən faciələrən, soyqırımların xranologiyasından, dünyanın buna sərgilədiyi ədalətsiz yanaşmalardan gördük, bildik...
Bu gün Azərbaycanın başına gətirilən 200 illik mərhumiyyətləri, torpaqlarımıza qarşı şimaldan, qərbdən, cənubdan yönələn istilaları, Azərbaycanın 4 yerə parçalanmasını, Qərbində Ermənistan adlı bəla dövlətinin qurulmasını, o yerlərdən didərgin salınan Azərbaycan türkünün, Azərbaycan xalqının öz torpağında köçkün-qaçqın kimi yaşamasını, aparılan mənfur siyasətin nəticəsində Qərbi Azərbaycanın qoparılaraq ermənilərə verilməsini, tariximizin, millli-mənəvi abidələrimizin məhv edilməsini bir kənara qoyuram. Heç şübhəsiz ki, bu gün baş verənlər, bizi o yerlərə qaytarır...
Son 32 il ərzində, yaşananlar bir daha bizə bəyan edir ki, artıq o zaman gəlib çatıb! Görünür ki, biz dünyanın oyunları ilə oynamağı bacarmalıyıq. Bu "oyunun" adı "Güclüsənsə haqlısan və düşməndən haqqını Yumruğunu göstərərək istəməlisən, tarixinə qayıtmalısan, vaxtilə işğal olunmuş İrəvanı geri almalısan!.."
Biz Azərbaycan olaraq öz tariximizə sahib çıxmadıqca, başımızın üstündə dolaşan quduzlar, bizi didib, qanımızı içmək üçün fürsət güdəcəklər... Reallıq budur...
...Düşmənlərimiz bıçağı sümüyə dirəyib. Biz iblislərdən insanlıq gözlədikcə, erməni iblisini doğanlara humanistliyimizi sübut etməyə çalışdıqca, bir az da azğınlaşır, bir az da qudururlar. Guya Ermənistanı cinayətlərdən çəkindirib sülhə gətirmək adı ilə vasitəçi olan Rusiya, Fransa, Amerika, hətta Avropa İttifaqı təlxək görkəmləri ilə oyunlar qururlar. Guya regionda sülh-ədaləti bərpa etmək istəyirlər, amma az qala Azərbaycanı ayaq topuna döndəriblər. Gah Avropa İttifaqının centlimen prezidentinin vasitəçiliyi ilə işğalçını danışıqlara dəvət edib, guya sülhə razı salırlar, gah da Rusiya Avropanın vasitəçiliyini qəbul etməyib özünün varlığını sübut etmək üçün iki dövlət rəhəbrlərini Moskvaya, yaxud hansısa Rus şəhərinə görüşə çağırırlar. Azərbaycanla bağlı böyük oyun gedir. Hər danışıqlardan sonra Ermənistan qoşunları, diversantları Azərbaycanın dövlət sərhəddini atəşlə pozur. Sonra da ənənəvi olaraq həmin o Rusiya, həmin Avropa, Qərb bəyanatlar verirlər ki. atəşi saxlayın, sonra da sinələrinə döyürlər ki, sabitliyi təmin etdilər. Başınıza dəysin, sizin yaratdığınız bu sabitlik!!! Bir şey aydındır, bu böyük dövlətləri bu millətin acısı, sərhəd bütövlüyü, suverenliyi qətiyyən maraqlandırmır. Bəşəri dəyərlər, insanlıq, insan hüquq və azadlıqlarının qorunması, dövlətlərin sərhəd təhlükəsizliyi regionda ağalıq etmək istəyən bu gücləri qətiyyən düşündürmür və mənim Şəhidimin torpağa tökdüyü qan heç veclərinə də deyil...
Bu gün bir Azərbaycan vətəndaşı olaraq dünya güclərini, beynəlxalq təşkilatları ədalətli olmağa çağırmıram. Zatən dünyanın, dünya güclərinin bizim kimi dövlətlərə münasibəti bəllidir. Azərbaycan dövləti, xalqı artıq özünün taleyini özü düşünməyi bacarmalıdır, güclənməlidir və yalnız güc dili ilə danışmalıdır. Azərbaycan Ermənistana QƏTİYYƏTLİ CAVABINI verməkdə davam etməlidir. Erməni silahlıları Qarabağın Xankəndi şəhərindən başlayaraq bütün ərazilərimizdən çıxarılmalıdır, Sərhədləri özümüz müəyyənləşdirib qoşunlarımızı o sərhədlərdə yerləşdirməliyik. Azərbaycan Ordusu özünün tarixi torpaqlarına doğru irəliləyərək öz təhlükəsizliyini təmin etmək üçün bufer zona yaratmalıdır. Paralel olaraq Azərbaycan dövləti Ermənistandan vurduğu zərərə, törətdiyi cinayətlərə görə təzminat tələb etməlidir və öz torpaqlarını təzminat olaraq istəməlidir. Azərbaycan nə Rusiyadan, nə ABŞ, nə Avropadan hansısa dəstəyin veriləcəyini gözləməməlidir.
Düşünürəm ki, Azərbaycan artıq bu yol xəritəsi ilə hərəkət edir və geriyə dönüş yoxdur. Qətiyyətli Cavabın gücünü, mahiyyətini vasitəçi olmaq istəyən dövlətlər də öz üzərində hiss etməlidir...
Azərbaycan dövləti, xalqı, ordusu, Ali Baş Komandan Birliyi düşmən üzərində qələbəmizin açarıdır!
Bu yolda canından, qanından keçən Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizin ruhunuz, Vətənin, ŞƏHİDLƏRİN azadlıq eşqi Ali Baş Komandan başda olmaqla Ordumuza güc, qətiyyət nəsib etsin!
Göz yaşlarımızı silib, silahlanıb, tam Azadlığına qovuşması naminə İRƏLİ! Yaşasın AZƏRBAYCAN!
14-09-2022, 11:11
Вернуться назад