Cəmiyyətin onurğa sütunu olan TƏHSİLIMİZ
İGİD TEYMURLUVƏ AYİNƏDƏ GÖRÜNƏNLƏRNecə olur, kiçik bir bölgə olan Naxçıvanda səhv etmirəmsə, keçən il müəllimlərin əmək haqqı 2 dəfə artırıldı. Amma bu boyda geostrateji coğrafiyaya neftə, qaza, qızıla, urana, misə, sinkə, molibdenə, palçıq vulkanlarına sahib Azərbaycanın digər bölgələrində müəllimlərin əmək haqlarının artırılmasına para tapılmır!? Unutmayaq ki, dövləti ayaqda saxlayan da, milləti millət edən də ona verilən təhsilin səviyyəsidir...
Məsələyə bir az başqa səmtdən yanaşaq. Ancaq hansı sımtdən yanaşmağımızdan asılı olmayaraq bu günün öz həqiqəti var - müəllimin əmək haqqını artırın, 2 aydan da bir yoxlama keçirib verdiyi təhsilin səviyyəsini yoxlayın. Qane etmirsə, dərhal gərəkən tədbiri görün...Yoxsa dövlətin büdcəsindən 250 min müəllimə para ayır, sonra da uşaqların repititorun ümidinə qalsın!!
Bax təkcə elə bunun fonunda demək mümküdür ki, büdcəni talayan elə büdcə təşkilatlarının özləridir. Büdcənin talanmasına son qoyun, cənablar!..
İndisə sıralama ilə bəzi məqamlara baxaq:
1. Məsələyə fərdi deyil, toplumsal şəkildə yanaşsaq, paytaxt Bakıda və bölgələrdə repititorluq təhsilimizi məhv edib. Bakıdan fərqli olaraq bölgələrdə repetitorların tam əksəriyyətinin özlərinin savadı çox aşağı səviyyədədir.
2. Gülməli də olsa, məcburiyyətin görüntüsü olaraq ya orta məktəbləri ləğv edin və həmin proqram çərçıvəsində repititorluğu inkişaf etdirin, məktəblər repititorların ixtiyarına verilsin, müəllimlərin canları icarədən, qeyri-rəsmi vergidən qurtulsun, ya da repititorluğu yığışdırıb adam kimi müəllimlərin təminatını yaxşılaşdırmaqla orta məktəblərdə tədrisə nəzarəti gücləndirin. Təhsil cəmiyyətin bel sütunudur, bu cəmiyyətin bel sütununu qırmayın!
3. 60 mindən yuxarı abituriyentin 33 mindən çoxu cəmi 150 bal toplayırsa, bu, biabırçılıqdır. Hələ arsız-arsız bu səviyyədə olanları universitetlərə yerləşdirib kişilər gələcək üçün "mütəxəssis" hazırlayırlar!!!
4. OLSUN "xaricdə təhsil". Bu gün Türkiyə, Gürcüstan, Ukrayna universitetlərinə "attestatda qəbul" edilən uşağı sabah "xaricdə təhsil alan məzun" kimi önə çəkməyin adı nədir? Attestatla universitetə qəbul ediləndən nə "mütəxəssis" olacaq ki, "xaricdə təhsil alıb" deyə önə də çəkirsiniz?
5. "Ödənişli təhsil" adı altında milləti talayan ÇETE bu gün ali məktəblərdə həmin tələbələrə hansı şəraiti yaradıb, yaxud həmin ali məktəblərdə dərs deyən müəllimlərin aldığı məvacib hansı səviyyədədir? Yaxud, pedaqoji təhsil alan vətəndaşlarımız çoxu bu gün iş tapa bilmirlərsə, vakansiya yoxdursa, ödənişli təhsil yolu ilə bunca "müəllim istehsalı" nəyə və kimə lazım?
6. Heç kimə sirr deyil ki, paralel olaraq Türkiyədəki ödənişli təhsillə Azərbaycandakı ödənişli təhsil arasında müqayisə aparan valideyin düşünmədən üstünlüyü övladının qardaş dövlətdə oxumasına verir. Nədən? Çünki minimum da olsa Türkiyədə tələbəyə müəyyən imtiyazlar tanınır. Bəs Azərbaycanda necə, bunca para qarşılığında tələbəyə hansı güzəştlər, hansı imtiyazlar tanınır, hansı şərait yaradılır?
7. Şablon səslənsə də, məktəblərdə rüşvət mexanizminin yığışdırılması kökündən həll edilməlidir. Bu gün müəllimə pul verən şagirddən, bu gün direktora müxtəlif adlar altında aylıq verən müəllimdən, bu gün "yuxarılar"a haqq ötürən direktordan yaxşı nəsə gözləmək əbəsdir. Müəllim nüfuzunu aşağı salan da elə həmin rüşvət sistemidir.
8. Ən yaralı məsələ pedaqoji heyətin seçki prosesində vasitəyə, iştirakçıya və "aparıcı qüvvə"yə çevrilməsidir. Göz görən dağı necə danmaq olar! Hər seçki ilində demək olar ki, bütün pedaqoji heyət "qarşıdan gələn proses"ə səfərbər edilir...Seçki proseslərinin aparılmasını birmənalı şəkildə təhsil müəssisələrindən uzaqlaşdırmaq, bütün direktorları, müəllimləri məntəqə sədrliyindən kənarlaşdırmaq lazımdır. Hər bir icra hakimiyyətinin başçısı rəhbərlik etdiyi ərazidə gərəkən sayda seçki prosesinin keçirilməsi üçün müvafiq otaqlar tikməklə bu işə yardım da bulunmuş olarlar. Necə DSK-lar üçün müvafif binalar tikilməyib, bax eləcə məntəqələr üçün 2 otaqdan ibarət tikinti işləri aparılsın, müəllimlərin də canı qurtarsın. Müəllim bilmir ki, seçki prosesinə hazlrlıqla, yoxsa təhsillə məşğul olsun. Sadəcə olaraq, təhsil işçilərinin də sıradan bir vətəndaş olaraq seçkiyə qatılması təmin edilsin...
9. "Rus sektorları"nın faizinin artırılması, rus dilində təhsil alan şagirdlərin sayının 155 minə çatması nə deməkdir? Rus dilində təhsil ümumiyyətlə özəl sektora verilməlidir, bu dövlətin dili Azərbaycan dilidir, əfəndilər. Sabah o 155 mindən də 155 min törəyəcək! Onda da dövlətdən "ikinci dil" statusu tələb edəcəksiniz, hə, öyləmi!?Hara sürükləyirsiniz bu məmləkəti?
Pafosla danışmağıma dəyməz, cənablar! Şəxsən bu məmləkətdə hər şey paraya bağlı. Yaxşı təhsil görmək istəyiriksə müəllimlərin əmək haqları QALDIRILMALIDIR, təhsilə ayrılan para bütün xərcləri üstələməlidir. Bu gün uşaq bağçalarında işləyən müəllimə 280 manat əmək haqqı alırsa, ev təhsilinə cəlb edilən müəllim 8 kilometr yolu piyada gedib marşruta verəcəyi 30 qəpiyi belə özünə qazanc bilirsə, adam adam olmağına da, bu məmləkətdə doğulmağına da, əzab çəkib 15, 17 il təhsil almağına da peşiman olmayacaqmı? Olacaq, cənab Əmrullayev, olacaq!. Bəs sizlər necə, peşiman etdiklərinizdən utanmayacaq qədər Böyüklüyünüzü etiraf etmək gücündəsinizmi?..
Müəllimin peşəkarlığı, savadı onun verdiyi təhsilin səviyyəsinə uyğun olaraq qiymətləndirilsə istır-istəməz həmin müəllimdə məsuliyyət və dolğun təhsilə maraq hissi artacaq. Və təbii ki, ortada ciddi nəzarət mexanizmi olmalıdır. Əslində bu kontekstdə saymaqla bitməyən təkliflərlə çıxış etmək olar. Biz təhsilimizdə də qələbə qazanmaq istəyiriksə, unutmayaq, əsgəri qələbəyə aparan yol onun mədəsindən keçir. Deputatlara, idmançılara verdiyiniz pulu müəllimə verin və qələbəni bəkləyin. Çünki o deputatı da, o idmançını da yetişdirən müəllimdir. Ən azından Naxçıvanda atılan addım örnək olaraq götürülməlidir. Və bunun üçün dövlət olaraq bütün imkanlara malikik. Dövlət və millət olaraq ayaqda durmaq istəyiriksə təhsilimizin səviyyəsinə və pedaqoji heyətin təminatına diqqəti artırmalıyıq...
16-09-2022, 12:01
Вернуться назад