DataLife Engine / Mətbuat Şurası sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT etdi

Mətbuat Şurası sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT etdi


Mətbuat Şurası sosial şəbəkə istifadəçilərinə  MÜRACİƏT etdi






Əziz dostlar! İnternet və multimedia şəbəkəsinin əhatə dairəsinin böyük sürətlə genişlənməsi, müasir texnologiyaların yaratdığı sonsuz imkanlar dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da yeni informasiya mühiti formalaşdırıb. Çağdaş dövrün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediası bu gün cəmiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynayır. Bu platformalardakı ayrı-ayrı səhifələr, populyar şəxslər, blogerlər və ən fərqli düşüncəyə sahib sosial şəbəkə istifadəçiləri hər gün əhali qruplarında maraq doğuran məlumatlar yaymaqla, müxtəlif mövzuları gündəmə gətirməklə azad informasiya və diskussiya şəraitini genişləndirir, cəmiyyət həyatının fəal iştirakçılarına çevrilirlər.

Təcrübə göstərir ki, sosial şəbəkələr və vətəndaş mediası dərk olunmuş məsuliyyətə əsaslandıqda söz və ifadə azadlığına önəmli töhfələr verir, ictimai düşüncə palitrasını zənginləşdirir. Deyilənlərlə yanaşı, təəssüf ki, bu platformalarda bəzi şəxslər azad mühitin imkanlarından sui-istifadə edərək etik qaydaları pozur, aşırı aqressiya və qərəz sərgiləyir, böhtan və təhqirə, vulqar ifadələrin işlədilməsi hallarına yol verir, kin və nifrət təbliğatçılarına çevirilirlər. Belə davranış tərzi verilən məlumatların ictimai çəkisini heçə endirməklə bərabər, ölkəmizin informasiya məkanına neqativ ab-hava gətirir, hətta bəzi hallarda hüquqi məsuliyyət yaradır.

Özünütənzimləmə qurumu olaraq Azərbaycan Mətbuat Şurası üçün informasiya müstəvisində cəza mexanizmlərinin dövriyyəyə girməsi birmənalı qaydada arzuedilməzdir. Deyilənləri nəzərə alaraq, biz bütün sosial media mənsublarını, bu platformanın fəallarını insanların şərəf və ləyaqətini qorumağa, şəxsi həyatın toxunulmazlığı prinsipinə hörmətlə yanaşmağa, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol verməməyə, söyüş və vulqar ifadələrin işlədilməsindən çəkinməyə, uşaqların şəxsi həyatı barədə məlumatları yaymamağa, onları zədələyən, mənəvi-psixoloji durumuna mənfi təsir göstərə biləcək zərərli bilgiləri paylaşmamağa, terror, xurafat və cəhalət təbliğatçılarına qarşı barışmaz olmağa, bir sözlə, ölkə jurnalistlərinin VIII qurultayının qərarı ilə təkmilləşdirilmiş “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”ndakı müddəalara riayət etməyə çağırırıq.

Mətbuat Şurası etik dəyərlərə əməl olunmasına dair çağırışına səmimi yanaşılacağına, qurumun ictimai missiyasına həssas münasibət göstəriləcəyinə inanır, informasiya cəmiyyətinin bütün iştirakçılarına fəaliyyətlərində uğurlar arzulayır.


Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti

Tv 713. az
21-10-2022, 19:44
Вернуться назад