DataLife Engine / GƏZƏN ŞƏHİDLƏRİN ŞAHİDLİYI

GƏZƏN ŞƏHİDLƏRİN ŞAHİDLİYI

GƏZƏN ŞƏHİDLƏRİN ŞAHİDLİYI




İGİD TEYMURLU



VAROLUŞUMUZLA UNUTQANLIĞIMIZ QARAGÜRUH TƏFƏKKÜRÜNÜN TƏQDİMATINDA






"Kuruluş Osman" serialında OSMAN QAZİ söyləyir ki, "biz keçmişə baxıb, keçmişi xatırlayıb GƏLƏCƏYİMİZİ qururuq"...

Bəs biz necə, GƏLƏCƏYİMİZ naminə o keçmişə baxıb, o keçmişi xatırlayırıqmı?...

Mən yaranmasıyla milli ordu quruculuğumuzun təməlini qoyan 811 saylı Laçın Alayının qərargah rəisi olmuş RAFİQ NAĞIYEVin fb səhifəsindəki paylaşımına bildirilən rəylər içərisində Komandirin bir münasibətinə rast gəldim. İzləyicilərdən biri Rafiq bəyə israrla bildirir ki, "komandir, Siz bu yazdıqlarınızı çap etdirin". Rafiq Nağıyev də öz növbəsində cavab verir ki, "o dövrü ən kiçik detallarına qədər qələmə almışam, amma bunun çap edilməsinə gücüm çatmır"...

Eyni aqibəti keçmiş 713 saylı taborun döyüşçüləri də yaşamaqdadır- 1992-ci ildə Laçının və Ağdərənin işğaldan azad edilməsində qəhrəmanlıqlar göstərmiş 713 saylı taborun döyüşçüləri..

Apardıqları döyüş əməliyyatları fonunda 811 və 713 saylı tabor Laçının qoşa qanadı olub. Şübhəsiz ki, aparılan mübarizənin işığında Laçın polisinin, eləcə də digər taborların da rolu danılmazdır...

O QƏHRƏMANLIQLAR bu gün canlarını yurdumuz uğrunda fəda edən Şəhidlərimizin Ruhunda, Qazilərimizin Kəsik Qıçlarında, Kəsik Qollarında, bir də xatirələrdə. Məhz o xatirələrdə keçmişimiz - gələcəyimizi quracaq keçmişimiz yaşamaqdadır...

Bu gün çoxları o illəri bu günün reallığında süzgəcdən keçirib çox bəsit, çox gülünc və çox insafsız mövqe nümayiş etdirmədədir. Aparılan müşahidələr onu da göstərir ki, belə mövqedən çıxış edənlərin hamısı o qanlı, o qadalı illərdə yumşaq dillə desək, kol dibində gizlənənlər olub.

VƏ bu gün o illərin VƏTƏN FƏDAİLƏRİYLƏ BAĞLI ağzı köpüklənə-köpüklənə danışanlar bir şeyin ya fərqində deyillər, ya da bunun fərqində olmağın qüdrətində.

Unudurlar....unudurlar ki....

O dövrün döyüşçüləri olmasaydı, kim bilir Azərbaycan neçə-neçə Xocalı, Qaradağlı, Umudlu soyqırımı, Başlıbel faciəsilə qarşılaşacaqdı!

O dövrün döyüşçüləri olmasaydı, kim bilir bəlkə də indi paytaxtda "Böyük Ermənistan" adlı sərsəm ideolojinin məkrli planına uyğun olaraq "Bakı Erməni Dövləti" yaranmışdı!

O dövrün döyüşçüləri olmasaydı, kim bilir, rus və erməni faşistlərinin "son dayanacaqları" hara olacaqdı!

O dövrün döyüşçüləri olmasaydı, kim bilir bizim milli müqavimətimizlə bağlı hansı sərsəri və biabırçı fikirlər formalaşacağı!

O dövrün döyüşçüləri olmasaydı, kim bilir içimizdəki ermənilər və erməni simpatizanları indi bizi içimizdən təmiz yox etmişdilər!...

O zaman Xankəndinin 11 kilometrliyinə qədər irəliləyən Azərbaycan ordusunda xəyanətkarlığın yüksələn xətt üzrə inkişaf etməsi canını bu yurda fəda etməyə hazır olan OĞLANLARın günahı deyildi!

İki Şəhid qardaşı olan, bir qardaşı hələ sovet dönəmindən hərbi xidmətdə ikən erməni fitnəsinin qurbanına çevrilən, Laçının qoşa QANADINDAN BİRİ OLAN 713 saylı taborun döyüşçüsü, mayor ETİBAR HƏSƏNQULİYEVin bir sözü var: "Səhvləri bağışlamaq olar, xəyanətisə əsla!".

Heç şübhəsiz ki, o dövrün döyüşçülərinin də müəyyən səhvləri olub. AMMA VƏ LAKİN...sizlər o səhvləri xəyanət kimi qiymətləndirsəniz və bunu elə beləcə də gələcək nəslə ötürməyə çalışsanız, bu, dövlətçiliyimizə, millətçiliyimizə, gələcəyimizə vurulan baltadan başqa bir deyil, xanımlar və bəylər!!!

Zaman etibarilə götürsək, rus-fars-erməni triosunun təqdimatında Qarabağ Savaşı 19-cu əsrin 30-cu illərindən (ermənilərin Qarabağa köçürülmə tarixi) etibarən ayrı-ayrı mərhələlərdə bizim üçün gündəm olub. Sadəcə olaraq, 1988-ci ildən birbaşa havadarlarının və erməni lobbisinin dəstəyinə arxalanan daşnaklar babalarındanqalma vəsiyyəti ( türk torpaqları hesabına dövlət qurmaq) yerinə yetirmək üçün daha münbit şərait əldə etdilər. Qədim İrəvan xanlığımızda qurduqları dövlətlə kifayətlənməyərək Qarabağ vilayətimizdə də ikinci qondarma dövlət qurmaq planını işə saldılar. Və beləcə Azərbaycanın Qarabağ zonasına daxil olan torpaqlarımız işğal olundu. Bu mənada Qarabağ Savaşı ifadəsinin özündə bir şərtilik var. Əslində bu savaş rus çarizmindən "təbəəlik" əldə etməyə çalışan və sonucda əldə edən ermənilərin Azərbaycana qarşı apardıqları uzunmüddətli mübarizənin o zamanın bətnindəki qazancları idi...

Bu uzunmüddətli savaşda babalarımız da, ötən əsrin 90-cı illərinin qəhrəmanları da heç nəyə baxmadan yurd eşqiylə hər zaman ayaqda olsalar da, MƏKR VƏ HİYLƏ də öz işini görmüşdü. Həmd olsun Allaha ki, rəşadətli ordumuz neçə yüzillik erməni məkrini 2020-ci ildə darmadağın etdi. Qazanılan bu Qələbədə şanlı tariximizin qəhrəmanlarının hər birinin əməyi var...

Bu mənada bizim "birinci, ikinci Qarabağ Savaşı" deməyimiz, eləcə də qazanılanlar, itirilənlər fonunda paralellər aparıb keçmişə daş atmağımız kökündən yanlış və yolverilməzdir!..

Belə olan halda Rafiq Nağıyevin yazdığı xatirələrsə alqışlanasıdır. O xatirələr nə Rafiq Nağıyevin timsalında 811 saylı tabora, nə də elə bunların günündə olan 713 saylı tabora lazım deyil.

ONLAR O TARİXİ YARADIBLAR!

ONLAR O TARİXİN İŞTİRAKÇILARIDIR!

ONLAR VƏTƏNİN GƏZƏN ŞƏHUDLƏRİDİR..

İndiki nəsil o illəri, o qəhrəmanları və həm də xatirələrdə "yaşayan" satqınlıqları unutmamalıdır. Əksinə, o xatirələrin çapına yaşıl işıq yandırmalı, yanlışlar olarsa, Gəzən Şəhidlər naxış donunsa təqdim edilən hansısa yanlışları bütün çılpaqlığıyla ortaya qoymalıdır.

Unutmayaq, unutdurmayaq! Zatən Unutqanlıq türkün ən böyük düşməni!

Hələ ki, o illərin canlı Şahidləri - GƏZƏN ŞƏHİDLƏR sağdırlar. GƏLƏCƏYİMİZ naminə biz keçmişi unutmamalıyıq, topa tutmamalıyıq. Əgər bu gün Rafiq Nağıyevin 811-lə bağlı xatirələrini, eləcə də 713-ün keçdiyi döyüş yoluna biz ayna tuta bilmiriksə, demək ki, gələcəyimizə bağlı yekə-yekə danışmağınız da qaragüruh təfəkküründən başqa bir şey deyil....

Əslində o xatirələri çap etmək cəmiyyətin boyun yükü. Əgər cəmiyyət kor QƏZƏBİN, unutqanlığın əsirinə çevrilib keçmişi unudursa, keçmişə daş atırsa, onda həmiñ xatirələrə sahib çıxmaq, o xatirələri çap edib gələcək nəslə ötürmək vətənpərvər qüvvələrin öz imkanlarını səfərbər etmələri kontekstində onların boyun yüküdür. Kimsə bunu "maddi dəstək" kontekstində ağız açmaq kimi dəyərləndirirsə, o da yanlış...

Yanlışlarımızı naxış kimi gələcək nəslə sırımayaq. Gələcəyimizə sahib çıxmaq istəyiriksə keçmişlə yaşamağı bacarmalıyıq - Osman Qazi kimi!
16-12-2022, 23:06
Вернуться назад