DataLife Engine / ŞAHBAZ XUDUOĞLUNUN HƏYƏCAN SİQNALI

ŞAHBAZ XUDUOĞLUNUN HƏYƏCAN SİQNALI






İGİD TEMURLU



VƏ BUNU ANLAMAQ İSTƏMƏYƏNLƏR





Şahbaz Xuduoğlunun "Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik" yazısını mən də "Tv 713.az" saytımızda paylaşdım. Və buna münasibətdə tam fərqli, daha doğrusu, aqressiv fikirlərin şahidi oldum. Şahbaz bizi BİZƏ göstərməkdəykən onu tənqid edənlər sındırdıqları güzgü qırıntılarında öz simalarına baxıb qəhqəhə çəkirlər...

Şahbazın söylədiklərinin alt qatına varın, bəylər və xanımlar. Çox təəssüf ki, türkcəmizə ögey münasibət bəsləyənlərin, dilimizin məhv edilməsinə doğru atılan addımlara göz yumanların tam əksəriyyəti Şahbaza hücum kontekstində həm də öz əxlaqlarını nümayiş etdirirlər. Şahbazın yazısı hətta bu mövzuda gecikmiş bir siqnaldır - həyəcan siqnalı. Bu siqnala şəxsən məndən olsa inkişaf edən dünyanı və dünya güclərinin maraq dairəsini nəzərə alsaq daha loyal münasibət bəsləməli idik. Bugünkü Türkiyənin varlığı türk və islam dünyasının qarantıdır. Bu gün nəinki dil birliyi, bəlkə də müəyyən zaman çərçivəsində konfederativ əsaslarla birləşmənin zamanı. Belə də ki, mahiyyət etibarilə götürəndə Azərbaycan türkcəsiylə Türkiyə türkcəsi arasında elə də fərqli nüanslar yoxdur.

FƏRQLİ NÜANS VƏ HƏM DƏ OXŞARLIQLAR ondan ibarətdir ki, zaman-zaman dil qurumlarımızın başında dayananların özfəaliyyəti nəticəsində türkcəmiz eybəcərləşdirildi və indinin özündə də Azərbaycanda bu proses davam etməkdədir. Türkiyədə Akop Dilaçarın Türkiyə türkcəsinin başına gətirdiyi oyunlar paralel şəkildə Azərbaycan türkcəsinin də başına gətirilməkdə. Yunan, ərəb, Avropa mənşəli sözləri Türkiyə türkcəsinə sırıyan Dilaçarlar əslində bununla özlərinə hədəf kimi seçdikləri türk qövmünün gələcəyinə zərbə endiriblər. Və indi də biz bunun acısını yaşayırıq.

Eləcə də Azərbaycanda. Dilçi uzmanlarımız zaman zaman bir köşəyə sıxışdırılıb, onların fikirləri heçə sayılıb və beləcə öztürkcəmiz rus, fars, ərəb, digər Avropa mənşəli sözlərlə "zənginləşdirilib". Bu konuda mübahisə etməyinə də dəyməz. Yetər ki, azərbaycan dili orfoqrafiya lüğətinə nəzər salasan, anlaya bilmədiyin saysız-hesabsız sözlərlə rastlaşacaqsan.

Azərbaycanda dilə münasibətin hansı səviyyədə olmasına baxmaq istəyirsinizsə, çıxın şəhərə, obyekt və dükanların, iaşə müəssisələrinin, hüquqi subyektlərin, şadlıq saraylarının, öz soyadlarınızın formatına baxın.
Təhsilin, səhiyyənin, biznesin, turizmin, elektroenergetikanın, neft sənayesinin dilinə baxın - tam əksəriyyəti alınma, anlaşılmaz sözlər. Və bütün bunların oturuşmasında bizdən olmayanların rolu şəksizdir...

Məmləkətdə rusdilli məktəblərin sayı və rus dilinin səviyyəsi o həddə qaldırılıb ki, az qalır rus dili Azərbaycanda özünə ikinci rəsmi dil statusu qazansın. Eləcə də ingilis dili. Rusdilli mətbuata hər cür imkanlar demək olar ki, tanınıb, türkcəmizdə sanki dondurulub.

Bütün bunların fonunda maraqlı bir nüans üzə çıxır. Sadalanan və sadalanmayan bu kimi məqamları görməzdən gələnlərin çoxu Şahbaz Xuduoğlu Türkiyə türkcəsiylə bağlı bir fikir səsləndirən kim hamılıqla şığıyıblar onun üstünə. Əcəba, nə baş vermiş?

Bəs Şahbaz Xuduoğlu belə söyləmiş....

Bununla hikkəsini boğa bilməyənlər hələ bir az da sərhəddi keçərək səviyyəsizcəsinə Şahbazın qardaşı Sabir Rüstəmxanlını topa tuturlar....

Hər kəsin öz fikir azadlığı var. Amma ən azından hər kəsi öz qədərində qiymətləndirmək də hər kəsin vicdan göstəricisidir...

Rəylərə baxanda elə gülünc, sərsəm fikirlərin şahidi olursan ki, az qalır adamın ayağı altından yer qaçsın.

Birincisi, düşünmək lazım, Şahbaz Xuduoğlunun fikirlərinə görə aqressiyanızı Sabir Rüstəmxanlının ünvanına niyə bildirirsiniz?

İkincisi, əgər söhbəti Sabir bəyin ünvanına yönləndirmək istəyirsinizsə, çox qüsurlu və qəbuledilməzdir. Çünki Rüstəmxanlı bütün həyatını bu millətin dirçəlişinə və türkcəmizin qorunmasına sərf edib - onda hələ sizlərdən çoxunuz anadan belə olmamışdınız. "...Torpağım ikiyə bölünən zaman; bu dil BÖLÜNMƏYƏN Vətənim oldu"- deyirdi RÜSTƏMXANLI.

Elə Şahbaz Xuduoğlunun özü də. Durub Şahbazı "savadsızlıq"da, "dövlətə, dilə, millətə qarşı kin bəsləmək"də ittiham edənlər mənim zənnimcə Azərbaycanın içindəki proseslərdən və baş verənlərdən tamamilə xəbərsizdir. Şahbaz gözünüzün qabağında "İrana torpaq satanlar"dan olub, ya "ana dilimizi qorumalıyıq!" ifadəsini sizlərə rusca, ingiliscə çatdıranlardan!? Şahbazı dil KONUSUNDA ittiham edənlərin heç birini məmləkəti bürüyən problemlərin işıqlandırılması və həlli kontekstində sözün cəng meydanında görmədim.

Amma Şahbaz Xuduoğlu Azərbaycan oxucusuna dünya klassiklərini, dünyanın ən oxunaqlı əsərlərini öz türkcəmizdə təqdim etdi.

Rüstəmxanlının kitablarından, mübarizəsindən bəhrələnənlər, onun ərsəyə gətirdiyi, müdafiə etdiyi fikirlərlə böyüyənlər durub Rüstəmxanlıya mübarizəni necə aparmaq dərsi keçməyə çalışırlar. Yaxud, Şahbaz bəyə. Qəribədir, deyilmi!?

Bəziləri də durub məsələni Şahbaz Xuduoğlunun "kitab biznesinin üzərinə yönləndirməyə çalışır...

Türkiyə türkcəsi deyən kimi başlayırlar mövcud Türkiyənin sosial-iqtisadi durumundan başlamış ta ölkə içi hansısa "xaos"a qədər hamısını Azərbaycan insanına gözdağı kimi verməyə.

Ay qardaş, bəy dediyin nədir, bəyənmədiyin nədir? Dünyanın hansı nöqtəsində gedirsənsə, türk irqi səninlə Türkiyə türkcəsiylə danışır. Sən filankəs Azərbaycanda türkcəmizi rus dilinə, ingilis dilinə qurban verəndə, dilimizin meyxana dilinə, komedixana dilinə çevrilməsinə göz yumanda Türkiyə türkləri təhsilin, səhiyyənin, kinoserialların diliylə öz türkcəsini qorudu, dünyaya yaydı, gələnəklərdən gələn keçmişini müəyyən mənada qoruya bildi. 400 milyona yaxın qövm qismən də olsa bir-birini Türkiyə türkcəsində anlamaqda. NEYNİYƏK, indi Türkiyə türkcəsini bir yana qoyub özümüzə ingilis dilini danışıq dili kimi seçək? Xuduoğlunu topa tutursunuz, başqa bir alternativiniz varsa, deyin.

Heç şübhəsiz ki, sonrakı proseslərdə dilimizin bütün gözəllikləri, bütün incəlikləri koordinativ formada bir yerdə cəm olacaq. Və bu prosesdə şübhəsiz ki, Azərbaycan türkcəsinin imkanları hazırkı reallıqları nəzərə alsaq ön sırada olacaq.

Və yenə də ay qardaş, ay bacı, bəs bu Türk Dövlətləri Təşkilatının formalaşması, oturuşması, beynəlxalq arenada söz sahibinə çevrilməsi üçün türk dövlətləri milyonlar xərcləyir haaa, əvvəl axır bu təşkilatda biz bir-birimizi normal başa düşmək üçün nə etməliyik? Heç şübhəsiz ki, bu prosesdə pillə-pillə addımlamalıyıq. Və bu prosesdə hər kəs iştirak etməlidir. Hər kəs öz evinin içindən problemlərin aradan qaldırılmasına başlamalıdır...

1992-ci ildə soyad sonluqlarının dəyişdirilməsilə bağlı fərman verilib. Kimdir SİZLƏRİ "-ova, -yeva, -zadəyə, --skiyə" bağlayan?...

Öncə bunu çözün, Şahbazın fəaliyyətinin onda biri qədər bu millətə xidmət edin sonra Şahbazın yazısıyla bağlı münasibətinizi ortaya qoyun. Fərd olaraq mənim mövqeyim bundan ibarətdir ki, təqdim olunan yazı varlığımızı təsdiqləyəcək dil KONUSUNDA həyəcan siqnalıdır. Və Şahbaz XUDUOĞLUna bir də ona görə təşəkkür düşür ki, mövcud yazısına münasibətdə bu yazını anlamaq istəməyənlərlə həm də bizi BİZə göstərdi....
17-02-2023, 13:49
Вернуться назад