DataLife Engine / Şahbaz Xuduoğlunun TƏKLİFİ və çoxluğun MÜZAKİRƏ MƏDƏNİYYƏTİ

Şahbaz Xuduoğlunun TƏKLİFİ və çoxluğun MÜZAKİRƏ MƏDƏNİYYƏTİ




Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin etməlidir. Lakin Azərbaycan dilinin inkişafı arzulanan səviyyədə təmin edilmir. Sayı artmaqda davam edən rus məktəblərinin sayının azaldılması və büdcədən maliyyələşməsinin dayandırılması üçün daim müzakirələr aparılır. Qanunsuz olaraq rusdilli məktəblərin maliyyələşdirilməsini qanun pozuntusu hesab etməyənlər, bunu dilimizə qarşı həqarət saymayanlar Şahbaz Xuduoğlunun ünvanına özlərinin layiq olduğu ifadələri işlətməkdə davam edirlər.




Hər kəsin fikir və söz azadlığı olduğu kimi ictimai xadim olaraq Şahbaz Xuduoğlunun da öz fikrini azad ifadə etmək hüququ var. Şahbaz Xuduoğlunun fikirlərində irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. O, Azərbaycan ədəbi dilinin mövcud vəziyyətinə diqqət çəkməyə çalışıb. Onun sosial şəbəkələrdə qaldırdığı problemlərin əksəriyyəti tez-tez ciddi müzakirə obyektinə çevrilir, hakimiyyətin diqqətini cəlb edir, əksəriyyəti həll olunur və ya həll olunmasına cəhdlər edilir.

Dilimizin ağır vəziyyəti haqqında yazdığı statusun müzakirəsini aparanların bir qismi hesab edir ki, Şahbaz Xuduoğlu bu yazı ilə xalqın kimliyinə və heysiyyatına toxunub, yanaşması cəfəng və zərərlidir. Bəziləri onun dövlət dilinin dəyişdirilməsi iddiasında olmasının cinayət olduğunu, bəziləri yazının milli dilimizə qarşı həqarət olduğunu və onu aşağıladığını, bəziləri onun dillə zarafat, siyasi manipulyasiya və oyunbazlıq etdiyini göstərirlər. Yazıya Azərbaycan dilinin mövcud vəziyyətinə yanaşaraq köklü münasibət bildirənlər olduqca azdır.

Şahbaz bəy naşirdir və bu istiqamətdən təhlil aparmaqla Azərbaycan dilinə olan ögey münasibəti bildirib. Naşir tədrisdən danışsa, səhv etmiş olar, o, Azərbaycan və rus dilində olan kitabların satışına diqqət şəkməklə dilə olan münasibəti diqqətə çatdırır. Yazını tam biznes marağından yarandığını iddia edənlər səhv edirlər. Müzakirələr normal alınsın deyə hər bir mütəxəsis öz sahəsində olan vəziyyətlə bağlı münasibət bildirə bilərdi. Məsələn, tədris sahəsində çalışanlar niyə rus məktəblərinə həvəs artmaqda davam edir, niyə rus və ingilisdilli məktəblərdə tədris daha yaxşıdır, niyə rus məktəbləri dövlət büdcəsindən maliyyələşdirilir, sahibkarlar isə niyə azərbaycandilli mütəxəssislərə əmək bazarında ehtiyac daha azdır və s. formada maraqlı müzakirələr apara bilərdi. Vəziyyət bu şəkildə müzakirə olunsa, bu dilin daşıyıcıları olan insanların təfəkkürünü formalaşdıran nökər xislətində olan "rusbaşlar", "farsbaşlar" və başqa "başlar" meydanda belə at siyridə bilməzdilər.

Bəziləri daha dərinə gedərək Şahbaz bəyə hüquqdan və qanundan dərs deməyə cəhd edir, onun bu yazısında Azərbaycan qanunvericiliyinin pozulmasını iddia edirlər. Şahbazın yazısında qanun pozuntusu olmasını zənn edən varsa, gecikmədən buyurub məhkəməyə müraciət etsin.

Şahbaz bəyin yazısında hətta yanlışlıq olsa belə onun yazısından daha ziyanlı və qorxulu olan şey - cəmiyyətdə çoxluğun müzakirə mədəniyyətindən və inkişafdan çox geri qalması, Şahbazın yazısında hansı ifadənin ziyanlı olması ilə yanaşı, vəziyyətlə bağlı təkliflərin olmamasıdır.

Başqa bir narahatlıq isə Şahbaz bəyin dilimizə olan mövcud münasibəti tənqid etdiyi üçün təqib və təhqirlərə məruz qalmasıdır. Tənqidə görə təqib və təhqir qadağandır. Təhqir və böhtan isə tənqid hesab edilə bilməz.

Məni insanların əsassız və doğru ünvana yönəlməyən aqressiyası da narahat edir. Olduqca sərt münasibət, insanlarda hörmət hissinin olmaması şübhəsiz ki, tək Şahbaza olan münasibətlə bağlı deyil, həm də insanların psixoloji gərginliyi ilə bağlıdır. Təhqirsiz və söyüşsüz də istənilən fikrə dəstək vermək və ya yox demək mümkündür. Şahbaz bəy kimi maraqlı təkliflərlə çıxış edən ictimai xadimlərə və ziyalılara davamlı dəstək verilməli, qaldırdığı problemlərin ictimailəşməsinə hər kəs aydın münasibət bildirməlidir.


ƏLÖVSƏT ƏLİYEV
hüquqşünas
Tv 713.az
19-02-2023, 15:59
Вернуться назад