Dünya yeni mərhələyə qədəm qoyub...
İQBAL AĞAZADƏ
ÜMİD Partiyasının başqanı
Dünya yeni mərhələyə qədəm qoyub.
Müharibələr mərhələsi...
Bütün dövlətlər savaş içərisindədir - kimi iqtisadi, kimi siyasi, kimlərsə də döyüş meydanında açıq savaşır...
Torpaqlarında qanlı savaş aparmayanlar da mövcudluq və ya öz gücünü, çəkisini qorumaq üçün çaba göstərir...
Demokratiya arxa plandadır və ya demokratiyadan danışanlar öz maraqları üçün savaşa ordan girməyə çalışırlar. Kimsənin demokratiya dərdi, prinsipləri, dəyərləri qalmayıb.
Ortada olan maraqlardır...
Kiçik düşünənlərin hakimiyyət, böyük düşünənlərin isə dövlət maraqları var...
Azərbaycan cəmiyyətinin gözü Türkiyədədir. Seçimlərə çox az qalan bir vaxtda müxalifətin ortaq namizədi kim olacaq?!
Rəcəb Tayyib Ərdoğanın hakimiyyətinə son veriləcəkmi?
Bəli, mən də hesab edirəm ki, bu qədər uzunömürlü hakimiyyətlər öz xalqına bəlli bir zamandan sonra ziyan verir.
Lakin bu o zaman olur ki, prinsip və dəyərlər hökmranlıq edir.
İndi mövqe və maraqların döyüşdüyü bir vaxtda demokratiya cığırında yürümək nəfəs tükətməkdən başqa bir şey deyil. Nəfəsi tükətilmiş, yorğun Türkiyəni zəiflədib param-parça etmək çevrə və iri dövlətlərin ən böyük hədəfidir.
Kürd məsələsini yenidən İraq, İran və Suriyadan Türkiyəyə daşımaq, Yunanıstanla münasibətdə birincini üstün mövqeyə daşıyıb Kipr problemini birdəfəlik həll etmək, Cənubi Qafqazda Azərbaycanın lehinə dönmüş Qarabağ məsələsini Ermənistanın xeyrinə həll etmək, nəhayətdə, türkdilli dövlətlərlə inteqrasiyanı durdurub, hər bir Türk Cümhuriyyəti üzərində ayrı-ayrı dövlətlərin hegemonluğunu təmin etmək əsas hədəflərdəndir. Mən hələ bir sıra müsəlman ölkələrindəki məsələləri və orada Türkiyənin rolunu demirəm...
Türkiyə demokratiyanı öz maraqları üçün qalxan edən tərəflərin oyununa gedib, zəifləməlimi, yoxsa təqlidçı liberal demokratik yolla yürüməlimi?!
Nəzərə alsaq ki, Türkiyə cəmiyyəti özü belə bundan artıq idarəçiliyə hazır deyil...
2030-cu ilə qədər dünyada təlatümlər və bir sıra dövlətlərin zəiflədilməsi prosesi gedəcək. Bilsəm ki, bu zəiflədilmələr dünyada və bölgələrdə demokratiyanın təcəlli etməsi üçündür, susardım.
Amma heç kim Putini demokratiya üçün dəyişmir.
(Bunu bilə-bilə yenə Putinin dəyişməsi və imperialist Rusiyasında Qərbin yanında dayanacaq hakimiyyətin bərqərar olmasını istəyirəm)
Yeltsini əvəzləyən Putin elə Qərbin layihəsi idi.
Həm də o Qərb Rusiyanın və Putinin illərdir etdiklərini görür və onun böyüməsi üçün hər cür şərait yaradırdı. Məqsədi isə maraqlarını təmin etmək idi.
Növbədə Çin, Hindistan, ondan əvvəl isə Türkiyə də var.
Mən müxalifətdən kimsənin Türkiyəni və onun maraqlarını qoruya biləcəyini güman etmirəm.
Ona görə yox ki, Türkiyəni sevmirlər. Əsla.
Sadəcə hakimiyyətə gəlmək üçün girdikləri oyunlar onlara imkan verməyəcək. Nə kürd kartı, nə Qərblə oyunları pozmaq onların gücü daxilində deyil. Özlərini əvvəlcədən zəiflədən və Türkiyəni sarsıdan oyunların içindədirlər.
Ərdoğan bu oyunların içindən çlxdı, Türkiyədə demokratiklik və layiqlik əvvəlki illərə nisbətən zəif bəndə çevrilsə də, Dövlətçilik və bölgədə söz sahibi olmaq baxımından ölkə fərqli yerə gəldi.
Səbrlə bu oyunun sonunu gözləmək lazımdır.
Hamı Türkiyə ilə öz oyununu oynamaq istəyir.
Ərdoğan oyunun içindədir. Və hamıdan yaxşı oynayır. Həm də Türkiyə adına oynayır. Qazanacaqsa Türkiyə qazanacaq. Türkiyənin qazanması üçün ən yaxşı oynayanın yanında olmaq lazımdır.
O Rəcəb Tayib Ərdoğandır...
Oyunçu aparsın..
P. S. Fransanın futbol üzrə milli komandasında ilk 11-də səhv etmirəmsə bircə fransız var idi. Amma hamı Fransa üçün oynayırdı. Heç kim " komanda niyə fransızlardan ibarət deyil?" sualını vermirdi.
Ərdoğan komandası demokratlardan ibarət deyil, lakin Türkiyə üçün oynayırlar. Həm də çox böyük oynayırlar. Sadəcə dəstəklənməlidirlər.
Demokratiya marafonu 2028-də başlayacaq...
4-03-2023, 02:09
Вернуться назад