DataLife Engine / SABİR RÜSTƏMXANLI: "Nizami Gəncəvi yaşayıb-yaradanda “İran” deyilən bir dövlət mövcud olmayıb"

SABİR RÜSTƏMXANLI: "Nizami Gəncəvi yaşayıb-yaradanda “İran” deyilən bir dövlət mövcud olmayıb"






Tehranda keçirilən “Nizami həftəsi”nin açılış mərasimində İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənaninin Nizami Gəncəvi ilə bağlı səsləndirdiyi absurd ifadələr müzakirələrə səbəb olub. N.Kənani böyük Azərbaycan şairi, dahi Nizami Gəncəvini “İran, fars şairi” adlandırıb, onun İranın Gəncə şəhərində anadan olduğunu, İran mühitində yaşayıb-yaratdığını iddia edib.

Tv 713. az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Xalq şairi Sabir Rüstəmxanlı da Pravda.az-a müsahibəsində İran XİN rəsmisinin çıxışına etirazını bildirib.

S.Rüstəmxanlı vurğulayıb ki, Nizami Gəncəvi yaşayıb-yaradanda “İran” deyilən bir dövlət mövcud olmayıb:

“İranın bütün ərazilərinin çox böyük bir hissəsi Azərbaycanın Atabəylər dövlətinin tərkibində idi. Bundan əvvəl də Səlcuqlar dönəmi, Atabəylər, Atabəylərdən sonra Ağqoyunlu, Qaraqoyunlu, neçə yüz illik Səfəvi imperiyası, ardınca Nadir şahın dönəmində Əfşarlar dövləti, sonradan Qacarlar… Ta 1925-ci ilə kimi dünya xəritəsində “İran dövləti” deyilən bir dövlət yox idi. Var idi – Azərbaycan türk sülalələrinin dövlətləri! Bu cəfəngiyyatı İran Xarici İşlər Nazirliyinin müavini, sözçüsü, ya özü deyə bilər, amma bu cəfəngiyyat tarixi həqiqətlərlə tutuşdurulanda mənasını itirər və heç bir şey ifadə etməz. İranlılar da, İran rəsmiləri də İrəvan rəsmiləri kimi ya tarixdən bixəbərdirlər, ya da özlərinin məscidlərində, kilsələrində uydurduqları tarixlərə söykənirlər. Reallıq budur ki, Nizami dövründə Azərbaycanda Atabəylər, Şəddadilər, Şirvanşahlar dövləti var idi. Amma bunların heç birinin İrana aidiyyəti yox idi”.

Deputat bildirib ki, bir sıra Avropa ölkələrinin yazıçıları XVI əsrə qədər latınca yazırdılar:

“Amma latınca yazmaq onları öz torpaqlarından, dövlətlərindən qoparmırdı. Bu mənada, Nizaminin ədəbi dili, poeziya dili kimi farsca yazması onun Azərbaycan şairi olduğunu inkar etmir. Əvvəla, Nizami yaşayan dövrdə Gəncənin ətrafı və Gəncənin özü artıq göytürklərlə dolu idi. Bura bir türk yurdu idi. Əvvəllər də bu ətraflarda türklər yaşayıblar. Amma səlcuqlar və ondan əvvəlki müəyyən köç dalğaları ilə artıq Gəncənin ətrafı başdan-başa türk yurdu idi, millət türkcə danışırdı. Düzdür, farslar da, farsca yazanlar da var idi. Hələ məlum deyil, bəlkə, Nizaminin türkcə də şeirləri var. Bu, mübahisəlidir. O, türkcə də yazıb. Nizaminin fars şairi olması iddiası cəfəngiyyatdır. Onun əsərləri başdan-başa türk sevgisi ilə doludur. Nizamiyə Dərbəddən bir kəniz göndərmişdiləri ki, ona qulluq etsin. Amma o kəniz bir qıpçaq türkü, türk qızı idi. Nizami onu kəniz kimi qəbul etmədi, özünə həyat yoldaşı seçdi. Həmin türk qızından bir oğlu oldu. Nizami o kənizlə hansı dildə danışırdı? Nizami Gəncəvi türklüyün aşiqi idi. Hansı poemasını götürsəniz, başdan-başa türk dünyası ilə qürur duymaq hissi, türklük sevdası orada hakimdir. Ona görə də Nizamini fars şairi edə bilməzlər. Nizami fars dilində yazıb, qoy bunu İran da qeyd etsin, İran da onu sevsin. Amma dünya tədqiqatçılarının hamısı bilirlər ki, Nizaminin fars dili Firdovsinin fars dilindən fərqli idi. Bu dil türk dilinin təsiri altında olan dildir və bu dildə xeyli türk sözləri var. Bunlar hamısı Nizaminindir. O vaxtkı dövrün dili ilə desək, Nizami bununla bir türk olduğunu sübut edir. Qoy farslar da onu sevsinlər. Nizami dünyanın ən böyük şairlərindən biridir. O, dünya şairidir, əslində təkcə Azərbaycana məxsus deyil, qoy sevsinlər. Amma Nizaminin kökü Azərbaycandır və onu Azərbaycandan qoparmaq olmaz”.

9-03-2023, 17:55
Вернуться назад