DataLife Engine / ŞAHBAZ XUDUOĞLUndan Adil Kərimliyə açıq məktub

ŞAHBAZ XUDUOĞLUndan Adil Kərimliyə açıq məktub





Mədəniyyət naziri cənab Adil Kərimliyə

açıq məktub

Sizə kitabın mahiyyətini anlayan və həyatını bu işə sərf edən bir şəxs kimi müraciət edirəm.

Mədəniyyət naziri cənab Adil Kərimliyə açıq məktub

Sizə kitabın mahiyyətini anlayan və həyatını bu işə sərf edən bir şəxs kimi müraciət edirəm.

Azərbaycan kitabı reanimasiyadan çıxmalıdır.

Real vəziyyət göründüyündən və danışılandan daha qorxuncdur; kitabların rəngli qapaqlarına baxmayın, bu sahədə çalışan insanların həyatı ağ qaradır. İstər kitabı yazanlar, istər onu çap edənlər sosial müdafiədən məhrumdur.

Yazıçı, tərcüməçi, redaktor, korrektor, rəssam, dizayner, kitabın istehsalında çalışan insanlar onu yaradan, satışa çıxaran və o satışdan gələn gəlirlə yaşayanlar...

Ölkəmizdə il ərzində kitabı 1000 nüsxədən çox satılan nadir yazıçılarımız var və bunun keyfiyyətlə heç bir əlaqəsi yoxdur, sadəcə hökumətin yeni əsərləri dəstəkləyən proqramı yoxdur.

Azərbaycanın kitab mədəniyyətini inkişaf etdirmək missiyasını talelərinə biçən insanlar o min nüsxənin ümidinə yaşayırlar.

Çap etdiyi kitabların və keçirdiyi sərgilərin sayına görə ölkənin ən böyük nəşriyyatı olan “Qanun” Nəşrlər Evinin timsalında müstəqil nəşriyyatların ayaq üstə qalmaqdan ötrü necə böyük çətinliklər yaşadığını görə bilərsiniz.

Nəzərinizə çatdırım kimi, bu günədək “Qanun” 13 000 adda kitab nəşr edib.

Hətta klassik yazıçıların yubiley tədbirlərində – "Nizami ili"ndə, "Nəsimi ili"ndə belə onların kitabları alınmır, irsləri oxunmur, öyrənilmir...

Yalnız Mədəniyyət Nazirliyi “Nizami ili”ndə “Xəmsə”nin 30 nüsxəsini almışdı...

Mükafatlar, fəxri adlar, ordenlər alan yazıçıların əsərlərinə də münasibət eynidir: kitabları təbliğ olunmur, əsərləri oxunmur. Əgər bir yazıçıya məhz yazıçılığına görə mükafat verilirsə, demək, onun əsərləri də kitabxanalar və məktəblər üçün alınmalı, oxunmalı və müzakirələr aparılmalıdır. Bunun üçün Mədəniyyət və Təhsil nazirlikləri birgə fəaliyyət göstərməlidirlər.

Son iki ildə Mədəniyyət Nazirliyi uyğun bildiyi kitablardan 30-100 ədəd arası satın almağa başladı. Əvvəl heç bu da yox idi. Şükür. Lakin hansı məntiqlə 30 və ya 100 ədəd? Bəlli deyil. Hətta hər kitabxanaya 1 ədəd kitab göndərilsə, bu, cəmi 30 və ya 100 kitabxana deməkdir (?).

YUNESKO-nun kitabxanalarla bağlı tövsiyələr sənədinə əsasən hər 1000 sakin üçün ildə 250 yeni kitab təminatı olmalıdır.

Kitabxanalar tematikanı və ərazini nəzərə almaqla hər nəşrdən 7-8 ədəd kitab almalıdır. Bizim Milli Kitabxana yerli naşirlərdən məcburi nüsxədən başqa heç bir nəşr almır.

Dövlət milli kitabın inkişafına stimul verməlidir.

Fransa iki formada dəstək verir: faizsiz kredit vermək və kitab dükanları və nəşriyyatların genişlənməsi üçün qrantlar ayırmaqla.

Hər il bu məqsəd üçün 2 milyon avroya qədər vəsait ayrılır. Bizdə də banklar kreditlər verirlər, ən yaxşı halda illik 14 faizlə, qazancımız yalnız faiz ödəməyə çatır. Hələ bu krediti əldə etmək üçün evimizi də girov qoyuruq.

2022-ci ildə Almaniya hökuməti nəşriyyatlara 20 milyon avro birdəfəlik yardım etdi. Eyni zamanda, nəşriyyatlara heç bir girov istənilmədən illik 2-3 faizlə kredit də verilir.

Pandemiya dövründə bütün ölkələrdə kitabla bağlı xüsusi proqramlar hazırlandı.

Qonşu Rusiyada 500-dən çox imza ilə hökumətə müraciət olundu ki, kitab zəruri mallar siyahısına salınsın. Yəni qida ilə eyni kateqoriyaya daxil edildi. Bizdə isə dövlətdən bir zəng belə olmadı, kitabın xüsusiliyi nəzərə alınmadı.

Beynəlxalq standarta görə ildə adambaşı 2-dən çox kitab çıxmırsa, demək, ölkədə mənəviyyat və mədəniyyət deqradasiya həddindədir. Bizdə bu rəqəm çox faciəvidir. Mənim hesablamama görə, bizdə 2500 şəxsə bir kitab düşür.

Kitab – millətin mədəni nüvəsidir, elm, təhsil və mənəvi inkişafın əsasıdır.

Bu yaxınlarda Almaniya, ABŞ və Böyük Britaniyada 2500 nəfər arasında aparılan sorğuya görə 65% kağız kitaba üstünlük verir, 21% elektron kitaba, 14% audioya. Bu sorğunun özü də onu göstərir ki, kitab keçmiş deyil, gələcəkdir.

Kitabı reanimasiyadan qurtarmaq üçün nələri etmək lazımdır:

1. Nəşriyyatlardan yeni kitablar almaqla kitabxana fondu təzələnməli və daim yenilənməlidir. Nəşriyyatlardan 30-100 deyil, əhəmiyyətli sayda yeni kitablar alınmalıdır.

2. Mədəniyyət Nazirliyi nəşriyyatlara, yazıçı və tərcüməçilərə qrantlar verməlidir. Qrantın ümumi məbləği açıqlanmaqla bu iş çox şəffaf aparılmalıdır. Nazirlik dövlət əhəmiyyətli kitabların nəşri üçün tenderlər keçirməlidir.

3. Nəşriyyatların maddi-texniki bazasının möhkəmlənməsinə, yeni redaksiyaların yaradılmasına, yeni seriyaların nəşrinə maddi dəstək verilməlidir.

4. Xarici dilə tərcümələrə qrantlar ayrılmalıdır. Müasir yazıçıların əsərləri xarici dillərə tərcümə edilməlidir. Tərcümə proqramı işə salınmalıdır (Nümunə olaraq: Türkiyənin TEDA proqramı).

5. Beynəlxalq sərgilərə özəl nəşriyyatlar, gənc yaradıcı heyət cəlb olunmalıdır.

6. Təhsil ocaqlarının kitabxana fondunu xüsusi komissiya yoxlamalıdır. Kitabxanası olmayan təhsil ocağı fəaliyyət göstərə bilməz.

7. İctimai iaşə yerlərində, zavod-fabriklərdə, hotellər və istirahət mərkəzlərində insanların mütaliə şəraiti yaradılmalıdır.

8. Rayonlarda kitab dükanlarının açılması stimullaşdırılmalıdır. Regionda açılan dükanlardan kirayə haqqı büdcə hesabına olmalıdır.

9. Kitab mədəniyyətinin inkişafına yerli iş adamları cəlb edilməli, onlara vergi güzəşti tətbiq olunmalıdır.

10. Oxucuları təşviq edən layihələr həyata keçirilməlidir. Qiraət yarışlarına qrant ayrılmalıdır.

11. Müxtəlif janrlar üzrə ilin ən yaxşı ədəbi əsərinə mükafatlar təsis olunmalıdır. Qələm adamlarını yaradıcılığa həvəsləndirmək üçün bu zəruridir.

12. Kitabla bağlı yaranmış qeyri-hökumət təşkilatlarının qeydiyyatına yardım edilməlidir.

Hörmətlə,

Qanun” Nəşrlər Evinin sahibi,
Şahbaz Xuduoğlu
30-08-2023, 20:58
Вернуться назад