ÇİNGİZ ABDULLAYEVin MÜHACİRƏT ŞOUSU barədə
İGİD TEYMURLU
VƏ NATURADAN ÇƏKİLƏN ŞƏKİLLƏRÇingiz Abdullayevin mühacirət şousuna ən dəqiq və ən səlist yanaşma mənim fikrimcə yazıçı-filosof ƏLİSA NİCATın söylədikləri fikir oldu. Əlisa Nicat Abdullayevin mühacirət şousuna münasibətdə həm onun özünün, həm də buna müqabil şounun təqdimatında Çingiz Abdullayevsevərlərin naturadan şəkillərini çəkib...
Əlisa Nicatın fikirlərini təqdim edirəm:
"..Onun “dünya şöhrətli yazıçı” adlandırılması doğru deyil. Məndə xaricdə nəşr olunan ən sanballı beş ensiklopediya var. Onların heç birində Çingiz Abdullayevin adı yoxdur"...
"...Detektiv janrında yazır, bu, oradan çıxdı atəş açdı, bu, başqasını vurdu, filan… Yalançı konflikt düzəldib, adını roman qoyurlar. Süjeti də “KQB” arxivlərindən götürürlər"...
"...Çingiz Abdullayevin kitablarını başıboş tələbə qızlar oxuyur. O əsərlərin bədii dəyəri yoxdur. Düzgün başa düşün, mən onunla düşmən deyiləm. Hətta ötən il məni müdafiə də etmişdi"...
MƏLUMAT ÜÇÜN: Çingiz Abdullayev özünün mətbu açıqlamalarında ona edilən əsassız hücumlardan bezdiyini və bundan çıxış yolu kimi xaricə mühacirət etməyi gördüyünü bildirib..
Cəmiyyət olaraq bu məsələyə münasibətdə daha operativ, daha sistemli, daha ardıcıl şəkildə bildirilən münasibətlər istər-istəməz adamı məcbur edir ki, bunca uzunçuluqla bağlı sən də öz sözünü deyəsən.
İllah ki, Çingizi Nizami ilə eyniləşdirmək, özü də bunun böyük alimlər tərəfindən edilməsi adamın cızdağını çıxarır.
Və illah ki, Çingizin "vətənpərvərliyi"ni gözə soxanlar adama lap od qoyur. Və illah da bunu tanınmış siyasətçilər, bunu tanınmış jurnalistlər, bunu tanınmış ədəbiyyatşünaslar, tənqidçilər söyləyəndə adam zamanın özünü opiorfin yağışına tutmaq istəyir.
Və illah ki, "birinci Qarabağ müharibəsi, olmeyib, bu yalandu" - deyən Çingiz Abdullayevin açıqlamasını yada salanda adamın qəlbinə onun haqqında tərif söyləyənlər bağlı şübhə toxumu səpilir...
Və hər kəsin əldə tutalğac etdiyi bir nəsnə var: Çingiz Skabayevanın verilişində belə söylədi...
Olsun. Pək əla!
Bəylər və xanımlar, Çingiz Abdullayev kimi İgid Teymurlu da sevgili Vətənin bir daşı və hər zaman yurd uğrunda canını fəda etməyə hazır olan bir vətəndaşıdır. Namərd körpüsündən keçən, tülkü kölgəsində yatanlardan fərqli olaraq 1997-ci ildən "silahlandığım" Söz və "silahlandığım" Qələmlə millətimin, dövlətimin maraqlarının keşiyində durmuşam və yenə də durmaqdayam.
Erməni separatizmi baş qaldıran andan da Sözü və Qələmi gerçək silaha dəyişib 713 saylı taborun tərkibində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmişəm. Əsgəri olduğum 713 saylı tabor şərəfli döyüş yolu keçib. Qanlı döyüşlərdə 33 Şəhid verən 713 saylı taborun onlarla qəhrəman döyüşçüsü əlindən, qıçından, gözündən şıkəst qalıb. Tabor komandiri, taborun qərargah rəisinin müavini, bölük komandiri Şəhid olub. 1992-ci ildə Hoçaz yüksəkliyi uğrunda gedən qanlı döyüşün tam episentrində olmaqla düşmənin bir nömrəli hədəfinə çevrilən 713 saylı taborun döyüşçüləri sağ və sol cinahlarda olan qüvvələrlə birgə döyüşü qalibiyyətlə başa vurub Laçın koridoruna tam nəzarət edib. Ağdərənin kəndlərinin alınmasında həmlə qüvvəsi olaraq çıxış edib...
Bunları xatırlatmaqda məqsədim 1992-1993-cü illərdə döyüşən Kişilərə "nə etmisiniz?-deyə ikrahla sual ünvanlayanlara veriləsi bir cavab var. Mən o cavabı daha kəskin şəkildə deyil, əxlaqıma söykənərək yumşaq tərzdə deyirəm: bunu deyən kəslər tuman altında yatanda O KİŞİLƏR Azərbaycanın 80 faiz torpağının rus-fars-erməni triosu tərəfindən işğal olunmasının qarşısını aldı...
İndi keçək mətləbə. Bax o dediyim KİŞİLƏR var haa, özəlliklə 713 saylı taborun döyüşçülərinin tam əksəriyyətinin heç veteran statusu belə yoxdur. Bu adamlar onlarla məhkəmə çəkişmələrindən keçiblər və hər zaman haqları tapdalanıb. 701 saylı briqadanın komandanlığının yarıtmaz fəaliyyəti ucbatından bu adamların 30 ildir ki, haqları tapdalanmaqdadır...
Və bütün bununla bağlı bəndəniz elə həmin 1997-ci ildən mətbu çıxışlar etmədədir...
İndi zamanın ÇingizAbdullayevsevənlərindən soruşmaq istəyirəm. Hansı biriniz 713 saylı taborun timsalında köhnə döyüşçülərin haqları tapdalananda onların yanında olub, onlara dəstək vermisiniz - Çingiz Abdullayevə verdiyiniz dəstəkdən? Yaxud, Çingiz Abdullayevin özü nə zaman bu döyüşçülərin yanında olub?
Hansı biriniz 713 saylı taborun tapdalanan haqqıyla bağlı yazılan qalaq-qalaq yazılara gözünüzün ucuyla baxmısınız?
Çingiz Abdullayev Əlisa Nicat demişkən, "yalançı konfliktlər qurub heç bir bədii dəyəri olmayan roman yazır", amma 713 saylı taborun döyüşçüləri başda olmaqla köhnə döyüşçülər tarix yazıblar, tariximizin bir parçasıdırlar. Və sizlər də əməllərinizə söykənsək, yurd, millət, dövlət uğrunda canını fəda edənlərin yazdıqları tarixi ( tarixə .......) unutmaqla "yalançı" və "bədii dəyəri olmayan " əsərlərin yaradıcısı Çingiz Abdullayevin "vətənpərvərliyi"nin yanındasınız. Ki, bunun da adı riyakarlıqdır, vəssalam!
Çingiz Abdullayevin "vətənpərvərliyi" həm də dediyiniz o 44 günlük müharibənin sonradan intihar edən 70-ə yaxın qazisinin taleyinə soyuqqanlılıq və laqeydcəsinə, susquncasına baxmağında olub, bəylər və xanımlar!
Çingiz Abdullayevin "vətənpərvərliyi" həm də bir loxma çörək dalınca yaxın xaricə baş götürüb gedənlərin çoxunun "bomj" günündə yaşamalarına görməzcəsinə baxmasında olub, bəylər və xanımlar!
Çingiz Abdullayevin "vətənpərvərliyi" həm də teleməkanlardan cəmiyyətə sırınan əxlaqsız kodekslərə mağmuncasına susmasında olub, bəylər və xanımlar!
Çingiz Abdullayevin "vətənpərvərliyi" həm də filan, filan şeylərdə olub, bəylər və xanımlar. Və hələ mən "yüzdə birin yazmıyorum"...
Jurnalist Fuad Malikoğlu Abbasov da dediyiniz cameədə həm Türkiyənin, həm də Azərbaycanın maraqlarını müharibə zamanında kifayət qədər intellektual formada müdafiə edib. Amma Fuada olan təzyiqlər fonunda Çingiz Abdullayevsevərləri bunca aqressiv görmədik. NƏDƏN? Nədir bu riyakarlıq. Qardaşım, bacım, icazə verin adam istədiyi, arzuladığı mühacirliyə qovuşsun, elə həmin qanlı çanağın tən ortasında dövlət maraqlarımızı qorusun da. Bu ki, daha optimal variandır...
Bəsdirin Siz Allah, yetmədimi Çingiz Abdullayevi bunca şişirtməyiniz?!
Yetmədimi meşədə kötüklüyünü gördüyümüzdən büt yaratma həvəsiniz?
Hansı "dünya şöhrətli yazıçı", hansı ölkənin Yazıçılar Birliyi açıq mətnlə Ermənistana öz etirazını bildirib Sizin " dünya şöhrətli yazıçı"nız Abdullayevin sayəsində?
Hansı dünya şöhrətli yazıçılar məhz Sizin "dünya şöhrətli yazıçı"nız Çingiz Abdullayevin sayəsində Güney Azərbaycan problemini dünya çapına çıxarıb, indi İran adlanan o viranədə 40 milyonluq türkün bütün növ Konstitusion hüquqlarının tapdalanmasını dilə gətirib?
Hansı əsərində Çingiz Abdullayev millətimizə "bölünmüş xalq" statusunun verilməməsini kəskin şəkildə ortaya qoyub?
Çingiz bəy Arsruni kimi şərəfsizlərin vəsiyyətlərini oxuyubmu - o da ermənilərin yazıçıları olub e?
Hanı Çingiz Abdullayevin Dərbənd həsrətli əsəri?
Hanı Çingiz Abdullayevin Təbriz həsrətli əsəri?
Hanı Çingiz Abdullayevin Zəngəzur həsrətli əsəri?
Hanı Çingiz Abdullayevin Turan Sevdamızı özündə əks etdirən əsəri?
Hanı Çingiz Abdullayevin 20 Yanvar qırğını, Xocalı, Umudlu, Qaradağlı, Ballıqaya soyqırımı ilə bağlı əsərləri?
Hanı Çingiz Abdullayevin rus, erməni, fars şovinistlərinə cavabı?
Hanı....hanı?
Hanı Çingiz Abdullayevin Məmməd Səid Ordubadinin "Qanlı illər" adlı formatında olan kitabı ki, 1988-ci ildən bu günədək olan dövrün tarixini gələcək nəsil öyrənmək üçün Sizin " dünya şöhrətli yazıçı"nızın 150-dən artıq romanına müraciət etsin!?...
Və sonda onu da deyim ki, Çingiz Abdullayevin mühacirət şousu həm də müəyyən qaranlıqlara da işıq saldı. Bu "ayinə"də simaların üz cizgiləri apaydın göründü. Və bu cizgilərlə hər kəs özü özünü təqdim etdi...
8-09-2023, 19:51
Вернуться назад