Şərqlə Qərbin müqayisəsi, İslam dünyası ilə Xristian dünyası arasındakı açıq və gizli mübahısə və savaşlar yeni hadisə deyil. Səlib müharibəsi də şəklini dəyişmiş halda, çeşidli dəbdəbəli adlar altında bu gün də davam edir. Yaxın Şərqın, Türk-İslam dünyasının qədim mədəniyyət mərkəzlərini, müqəddəs ziyarətgahlarını yer üzündən silmək üçün 300 il davam edən vəhşi xaçlı yürüşlərini başlayan fransız şovelyeləri və krallarının davamçıları- Avropa sivilizasıyasının beşıklərindən olan “ demokrat və inkişaf etmiş” müasir Fransanın yeni “kralları” min il sonra yenə müsəlman Azərbaycanın torpaqlarına göz dikən xristian Ermənistana dayaq durub onu silahlandırmaqla məşguldur. Bizim bəzi ağlı korlarımız bunu bilə-bilə hələ də “dünyada xristian müsəlman ayrıseçkiliyi yoxdur, çiçəklənən Avropanı qoyub geriqalmış İslam dünyasının təəssübünü çəkmək olmaz, onlar bizdən səliqəli yaşayırlar, bizdən varlıdırlar deməli bizdən yaxşıdırlar, ətəklərində namaz qılmalıyıq və onlara təzim etməliyik” sərsəmləmələri və aldanmışlığı ilə yaşayırlar. Lənət olsun o demokratiyaya, o sivilizasiysya, o inkişafa ki, düşmənimə himayədarlıq edir, ona qoşulub mənim üstümə gəlir. Elmi əsası olmasa da müəyyən həqiqətlərə işıq salan və Avropamərkəzçiliyi riyakarlığına qəzəbdən doğulmuş bir yazını paylaşmağım məni dəhşətli bir mənzərə ilə üzləşdirdi. Elə bil arı yuvasına çöp uzatdın. Başladılar Avropanın və xristian dünyasının üstünlükləri və toxunulmazlığı, İslam dünyasının cəhalət içində boğulması haqqında dərs verməyə. Ay aman! Aramızda nə qədər müsəlman olan müsəlman düşməni, Şərqli ola-ola Şərqdən bixəbər, özünü, dədəsini sevməyən nihilist, manqurt, nankor, potensial satqın varmış! Cənablar! Mən Şərqi də, Qərbi də yaxşı dərk edirəm, kor-koranə İslam təəssübkeşliyi etmirəm, İslamı 1400 il bundan öncənin cəhalətinə çəkən din bayquşlarına münasibətimi İranın Ali rəhbəri Seyid Əli Xameneyiyə açıq məktubumda geniş yazmışam, xürafatçılığa, təriqətçiliyə qarşıyam, “siyasi dindarların” ölüm fitvasına tuş gəlmişəm, Cümhuriyyətimizi quranların ölkəmiz üçün çağdaş Qərb demokratiya modelini seçdiklərini də bilirəm, lakim mən Qərbin aşiqi deyiləm. Düzdür , mən Əli bəy Hüseynzadənın, Əhməd bəy Ağaoğlunun, Məmməd Əmin Rəsulzadənin davamçısıyam, lakin onlar da panslavizmin, pankatolizmin Avropanın gizli siması və siyasəti olduğunu yaxşı bilirdilər və buna qarşıydılar. Mən müsəlmanam, müsəlmanın geriliyini görürəm, İslama ehkam kimi baxmıram, lakin ona həqarətli münasibəti, onun terrorçu adlandırılmasını, dini kitablarının yandırılmasını qəbul etmirəm. İslamın İrandakı və bəzi ərəb ölkələrindəki eybəcər sifətini
görmək, Türkiyə televiziyalarında cinlər dünyasından və cənnətın hurilərindən söz açan din dəllallarını dinləmək məni də utandırır. Lakin bənzər eybəcərliklər xristian dünyasında da var. Dinlərin mənbəyi, mahiyyəti, insanlığa verdiyi xeyir və zərər haqqında da çox düşünürəm.
İslam pisdir, bəyənmirsiniz, ola biilər, insan azaddır, elə isə pərdəli, haça-paça niyə yaşayırsınız, xristianlığı qəbul edin, dayanın eyni cinslərin evliliyini qanuniləşdirən xoşbəxt qardaşlarınızın yanında. Əfqanıstanı, İraqı, Suriyanı, liviyanı xaraba qoyub keçən, İraqda qədim Şumer- Mesapatomiya sivilizasiyanın yüz mindən çox gil lövhəsini məhv edən, daşıyıb aparan, müxtəlif məzlum xalqlara qarşı soyqırımlar törədən Qərb sizin idealınız ola bilər, mənim idealım deyil!
İnkişafın yolu özünüinkarda deyil, öz torpagını, millətini, xalqınin dəyərlərini sevə-sevə onun yüksəlişinə yardım etməkdir. Yadlara dəsmal çəkə-çəkə özünü böyüdə bilməzsən. Dünən Rusiya, bu gün Avropa… Qapılar açıqdır. Lakin o qapılarda nökər olmaq lazım deyil, ordan keçib yüksəlmək lazımdır…
Avropa insanığın inkişafı üçün çox iş görüb, düzdür, amma təəssüf ki, o böyük kəşflərin bir çoxu bu gün insanlığın fəlakətinə də yol açır. Şərq müdrikliyi və səbri ilə Qərb rasionallığı və işğal ehtiraslarını tərəzyə qoyub çəkən və dünyanın gələcəyi baxımından hansının ağır basdığını hələ müəyyənləşdirən olmayıb.
Mənim balaca vətənimə müsəlman-fars şovinizmi ilə sivil, demokrat, lakin hər şeyə ikili standartlarla yanaşan xristian Qərbin münasibəti arasında fərq görmürəm. Ümid özümüzdə və Avropanın sevmədiyi Türk birliyindədir.
İnsanlığın tarixi qalxmaların və enmələrin tarixidir. Bu gün xristian dünyası, Avropa irəlidədir, düzdür. Ancaq sosial media bu inkişafın müəllimləri haqqında da maraqlı bilgilər verir:
“Səlib yürüşü Avropaya Şərqdən bir çox yeniliklər gətirdi. İnsanlar gigiyenaya riayət etməyə, müntəzəm surətdə çimməyə, şəkərdən istifadə etməyə, ipək paltarlar geyməyə, ipək xalılardan istifadəyə, çini qablar, şüşə məmulatları, müxtəlif ədviyyatlar işlətməyə başladılar. Xaçlı səfərləri memarlığı da əhəmiyyətli surətdə dəyişdirdi. Qəsrlərdə gizli yollar, müdafiə qüllələri və başqa yeniliklər Avropada yayılmağa başladı. Adı çəkilən dövrdə Qərbin daxilində də xeyli yeniliklər oldu. Bank sistemi inkişaf etdi, ədəbiyyat yeni mərhələyə trubadurlar sayəsində qədəm qoydu, habelə qeyd etmək lazımdır ki, sonradan Renesans adını alacaq güclü ədəbi hərəkatın məhz həmin dövrdə ilk işartıları görünməyə başlamışdı. İctimai həyatda da mühüm dəyişikliklər yaşandı. Şəhər.lər müstəqillik qazandı, feodal əsarətinə qarşı etiraz səsləri ucalmağa başlamışdı.
Son olaraq onu demək olar ki, Səlib yürüşləri Avropa üçün mühüm ictimai-siyasi həm də mədəni hadisə oldu. Bu, Qərbin yeni ticarət yolları axtarmaqda cəhdlərindən biri idi. Daha sonra onlar bu məqsəd naminə dəniz yollarını inkişaf etdirəcək və başqa qitələrə də gedəcəkdilər. Əgər belə demək mümkündürsə, Xaçlı yürüşləri Qərbin daha sonrakı əsrlərdə aparacağı kolonial müharibələrdən ilki idi. İlk cəhd uğurlu alınmadı, lakin bu proses davam etdirildi.”
Bu qeydlərdə Müsəlman dünyasının xristian Avropasına öyrətdiklərinin çox az qismi sadalanır.
Əlbəttə, bunlar çox uzaq keçmişlərdə qalıb və qürrələnməyə əsas vermir. Lakin keçmişi bilmədən gələcəyi qurmaq olmaz.
Dünən paylaşdığım yazını sildim. Ona görə yox ki, orda mənə toxunan atmacalar da vardı. Ona görə ki, bu məlumatı səhifəsindən götürdüyüm Türkiyəli qardaşımızın heç bir günahı olmaya-olmaya, başqasının yazısını paylaşdığına görə tərbiyəsiz sözlər eşitməsini istəmədim.
Dəyərli dostlar! Sosial mediada bir fikir alış -verişi gedir, bəyənmisənsə alma, qəbul etmə. Bu sənin haqqındır. Amma məlumatı paylaşana həqarət etmək, haqq etmədiyi söz demək bu fikir mühitini ağıllsız didişmələr və söyüş mühitinə çevirmək olmaz! Bu nə xaçpərəstə yaraşır, nə müsəlmana!
SABİR RÜSTƏMXANLI
15.09.2023