DataLife Engine / Ərdoğan dünyaya səsləndi

Ərdoğan dünyaya səsləndi





SABİR RÜSTƏMXANLI
VHP sədri, millət vəkili



Türkiyə Cümhuriyyətinin Cümhur Başkanı sayın Rəcəb Tayyib Ərdoğan bu gün BMT-nin yüksək kürsüsündən bütün dünyaya Türkiyə ilə Azərbaycanın “bir millət, iki dövlət” olduğu həqiqətini gur səslə bəyan etdi. Azərbaycanın əziz dostu bütün dünyanın diqqət mərkəzində olan sesiyadan bir dünya lideri kimi danışdı. Ona qədər çıxış edən heç bir dövlər başçısı bu gün yer üzündə hər kəsi narahat edən məsələləri belə geniş və hakimiyyətləri məsuliyyətə çağıran bir şəkildə dilə gətirməmişdi. Dünyada ildən-ilə artan aclıq, terror, ədalətsizlik, irqı və dini ayrıseçkilik, yer səthinin və atmosferin çirklənməsi, bölücülük savaşları, mənəvi dəyərlərin aşınması, ailə ənənələrinin dağıdılması ilə insanlığın üzləşə biləcəyi fəlakətlər, böyük güclərin terroru dəstəkləyən riyakar və ikiüzlü siyasəti, Qərbdə söz azadlığı pərdəsi altında qol-qanad açan antiislam olayları, beynəlxalq qurumların yenilənməsi və gücləndirilməsi zərurəti... sayın Ərdoğanın qaldırdığı problemlərin yalnız bir hissəsidir. Bunların hamısı çağdaş sivilizasiyanı təhdid edən mövzulardır və Türkiyə prezidentinin dilindən səslənməsi köksümüzü qürurla doldurdu. Lakin bizi ən çox sevindirən o kürsüdən Cümhur Başkanının Ermənistanın işğalçılıq siyasətinin nəticəsində Qarabağda yaranmış duruma, Azərbaycanın başladığı antiterror əməliyyatına verdiyi qiymət və bu məsələdə Türkiyənin Azərbaycanı birmənalı şəkildə dəstəklədiyi haqqında söylədiyi fikirlər oldu. “Qarabağ Azərbaycan torpağıdır, əlavə heç bir status söz konusu ola bilməz”, "Ermənistan sülh üçün yaranmış imkanı dəyərləndirə bimədi “, “Zəngəzur dəhlizi açılmalıdır” sözlərinin dünyada tanınan böyük bir dövlət başçısının dilindən səslənməsi apardığımız antiterror əməliyyatına başqa don biçməyə çalışanlara verilən tutarlı cavabdır. Gedən proseslər və sayın Ərdoğanın çıxışı illərlə süngüylə qarşılanan “türk birliyi” ideyasının gələcəyimizə yönəlmiş böyük yol və ideal olduğunu bir daha nümayiş etdirir. Türkiyə Cümhur Başkanı sayın Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu yolda gördükləri iş, çəkdikləri zəhmət ən yüksək hörmət və ehtirama layiqdir.
19-09-2023, 23:30
Вернуться назад