DataLife Engine / XİLAS EDİLƏN KƏŞFİYYAT QRUPU VƏ HOÇAZ KƏNDİ UĞRUNDA GEDƏN DÖYÜŞ

XİLAS EDİLƏN KƏŞFİYYAT QRUPU VƏ HOÇAZ KƏNDİ UĞRUNDA GEDƏN DÖYÜŞ



SAHİB İBRAHİMOV: "HAQNƏZƏRDƏ GÖTÜRÜLƏN ƏSİR BRİQADAYA TƏHVİL VERİLDİ”






1992-ci il iyun ayının axırları olardı. Bizim 713 saylı taborun birinci bölüyü Laçın rayonunun Şamkənd kəndindən Vağazin kəndi istiqamətində hərəkət etdi. Kəndə çatıb orta məktəbin binasında yerləşməyə başlamışdıq ki, Haqnəzər tərəfdən güllə səsi eşidildi.

Komandirimiz Rəhman İsgəndərov dərhal ətraf ərazilərin müşahidə edilməsilə bağlı bizə göstəriş verdi. Aparılan müşahidə nəticəsində bəlli oldu ki, bir qrup erməni Haqnəzər kəndində evləri qarət etməkdədilər.

Komandirimiz bizə tapşırıq verdi ki, dərhal ermənilərin müşahidə edildiyi əraziyə getməli, düşmən qüvvələrinin zərərsizləşdirilməsi istiqamətində gərəkən addımlar atılmalıdır.
Yol uzaq və narahat olsa da biz verilən tapşırıq üzrə hərəkət edib kəndin içərisinə girdik. Dərənin içində Vaqif Quliyevin komandiri olduğu ikinci bölüyün uşaqlarını gördük. Bizə verilən məlumatdan aydın oldu ki, orada bir Əsgəran ermənisi ikinci bölüyün döyüşçülərinə qumbara da atıbmış. İkinci bölüyün uşaqları da həmin erməni istiqamətində qumbara atmış və onu əlindən yaralamışdılar.

Bizim birinci bölüyün uşaqlarından Asəf həmin erməninin zərərsizləşdirilməsində daha yaxından iştirak etdi. Həmin erməni tərksilah edilərək Vağazinə gətirildi. Bir gün Vağazində qalandan sonra götürülən əsir erməni Kəlbəcərə aparılıb briqadanın qərargahına təhvil verilmişdi...



KƏŞFİYYAT QRUPU QOŞASU-ALXASLI İSTİQAMƏTİNƏ YOLLANDI


Bir neçə gün Vağazində qalandan sonra 1992-ci ilin iyul ayının ortalarında biz Bülövlük istiqamətində hərəkət etdik. Bülövlük kəndində biz Kamran bəylə rastlaşdıq. Özünün dediyinə görə Kamran bəy ermənilər Laçına hücuma keçərkən kəndi tərk etməmiş, meşəyə çəkilərək düşmənə qarşı döyüşmüşdür .

Kamran bəy öz müşahidələri əsasında bizə ermənilərin hərəkət trayektoriyalarıyla bağlı kifayət qədər informasiya verdi. Bundan sonra biz Pircahan kəndi istiqamətində hərəkət etməyə başladıq. Kəndə girməzdən öncə bizim ayrı-ayrı qruplar bütün evləri kəşfiyyat etdi və qüvvələrimiz kəndə daxil oldu. Biz kənddə 2 gün qalandan sonra komandirimiz Rəhman İsgəndərov göstəriş verdi ki, Qoçasu-Alxaslı istiqamətində kəşfiyyata getmək lazımdır.
Cızılan plan üzrə biz öncə Qoşasuyu kəşfiyyat etdik, sonra Ağca kəndindən keçib Ağbulaq – Şeylanlı –Alxaslı istiqamətində irıliləməyə başladıq. Ətraf ərazilərdə tam şəkildə müşahidələr apardıq. Bir gün Alxaslıda qalandan sonra səhəri günü Pircahana qayıdıb kəşfiyyat əməliyyatıyla bağlı komandirimiz Rəhman İsgəndərova məlumat verdik....



ERMƏNİLƏRİN LAÇIN İSTİQAMƏTİNDƏN HOÇAZA DOĞRU İRƏLİLƏDİYİNİ MÜŞAHİDƏ ETDİK


Biz Alxaslıdan kəşfiyyatdan qayıdandan sonra komandirimiz Rəhman İsgəndərovun göstərişilə yeni bir tapşırıq aldıq. Tapşırığa əasən Seyidlər kəndi istiqamətində kəşfiyyat məlumatı toplanmalı idi.

Asəf, mən, Əfilağa və Elburus plana uyğun olaraq kəşfiyyat əməliyyatına başladıq. Kəndin aşağı tərəfindəki qəbiristanlıq ərazisində olanda biz Laçın istiqamətindən Hoçaza doğru hərəkət edən erməni maşınlarını gördük. Biz onları axıradək müşahidə edə bilməsək də, ümumu istiqamətin hara olduğu artıq dəqiq məlum idi. Həmin gecə çox qaranlıq olsa da məlumatı tam zamanında komandirimiz Rəhman İsgəndərova vermək üçün gecə ilə Pircahana qayıdıb məruzə etdik.



XİLAS EDİLƏN KƏŞFİYYAT QRUPU VƏ HOÇAZ KƏNDİ UĞRUNDA GEDƏN DÖYÜŞ



1992-ci ilin 29 iyulunda biz Pircahan kəndində olanda postdan xəbər verildi ki, Bülüldüz istiqamətində yollanan kəşfiyyat qrupu mühasirəyə düşüb. O zaman səhv etmirəmsə Müdafiə Nazirliyinin kəşfiyyat qrupu Bülüldüz istiqamətinə yollanmışdı. Bundan qabaq bizim kəşfiyyat qrupu o ərazidə əməliyyat aparmış və aşkar etmişdi ki, ermənilərin Tığik kəndində postları var. Bundan sonra Mürvət adlı bir zabitin rəhbərliyilə Müdafiə Nazirliyinin kəşfiyyat qrupu da ora getdi. Həmin qrup kəşfiyyat zamanı ermənilərlə qarşılaşmış və döyüşə girmişdilər. Onda bizim birinci və üçüncü bölük də həmin qrupa köməyə getdi. Fakt bundan ibarət idi ki, əgər biz həmin qrupa köməyə getməsəydik o kəşfiyyat qrupundan bir nəfər də döyüş zonasından sağ çıxmayacaqdı.

Onda komandirimiz Rəhman İsgəndərov həmin qrupu mühasirədən çıxarmaq üçün dərhal Bülüldüz istiqamətinə köməkçi qüvvənin göndərilməsilə bağlı bizə tapşırıq verdi. Seyidlər bağı deyilən istiqamətdən biz Pircahan çayını keçib “Bülüldüz yarması” deyilən əraziyə yaxınlaşdıq. Orada gördük ki, ermənilər qaçanda öz jiletlərini, avtomat maqazinlərini də tullayıblar. Bizim uşaqlar ermənilərdən bir UAZ maşınını da götürmüşdülər. Həmin vaxtı ikinci bölüyün uşaqları da Hoçaz kəndində döyüşə giriblərmiş. Biz uşaqları mühasirədən çıxarandan sonra yenidən Pircahana qayıtdıq.



ERMƏNİLƏR QƏŞƏMLƏ SALAMLAŞMIŞDILAR


Hoçazda baş verən döyüşlə bağlı bizi məlumatlandıran komandirimiz bizə bildirdi ki, “ikinci bölük Hoçada qeyri-bərabər döyüşə girib. Ermənilərə kömək gəldiyindən bizim qüvvələr mövqe dəyişkənliyi ediblər, Şəhidlərimizsə döyüş meydanında qalıb. Ona görə də biz səhər tezdən kəndə hücum edib, döyüş meydanında qalan Şəhidlərimizi çıxarmalıydıq”.

Bu məqsədlə komandirimiz şəxsi heyətin 33 nəfərini səfərbər etdi və Cabbarın idarə etdiyi BMP ilə biz Hoçaz istiqamətində hərəkətə keçdik...

Mişni və Sonasarı keçib Hoçaz kəndinə yaxınlaşdıq. Hoçaz kəndinin girəcəyində komandirimiz Rəhman İsgəndərov torpağın üstündə xəritə cızıb hansı koordinatlar üzrə gedəcəyimizi bizə bir daha izah etdi.

Plana əsasən bir dəstə kəndin üstündən keçib vışqa tərəfdən ermənilərin arxasına keçməli, ikinci dəstə kəndin üstündə müdafiə mövqeyi tutmalı, qalan 6 nəfərdən ibarət olan bizim dəstə isə kəndə girməli idik. Bizim vəzifəmiz ondan ibarət idi ki, kənddəki ermənilərlə döyüşə-döyüşə geri çəkilməklə onların diqqətini özümüzə cəlb etməli idik. Bununla biz ikinci dəstənin arxaya keçməsinə şərait yaradırdıq.
Bu, belə də oldu. Mən, Mehman və Qəşəm kəndin içinə girdik. Komandirimiz Rəhman, Malış Asif və Cabbar bizi arxadan qoruyurdular. Kəndin içində Mehman ermənilərlə rastlaşmış, bir, ya da iki nəfəri vurmuşdu. Onda Qəşəm bizdən aralı düşmüşdü. Biz Qəşəmlə görüşəndə baş verənlərlə bağlı ona məlumat verdik. Qəşəm “siz neyləmisiniz, ikinci bölüyün uşaqlarını vurmusunuz e!, Hətta mən onlarla salamlaşdım da, özləri də məktəbə getdilər!?” – deyə, dəhşətə gəldi.

Biz ona yanıldığını dedik. Qəşəm yenə də öz fikirlərində israr edəndə “sən o uşaqların yanına gedə bilərsən?” – deyə, ona sual etdik. O da “bəli” deyib məktəbə sarı yön aldı. Qəşəm yenidən gördüyü adamların yanına gedəndə gördü ki, yoox, həmin adamlar elə ermənilər olub. Və beləcə atışma düşdü. Biz məktəbin üstündən, Qəşəm isə aşağıdan ermənilərlə atışmaya başladıq. Ermənilər hamısı qaçıb kəndin məktəbinin içinə doluşdular. Biz erməniləri orada məhv edib ikinci bölükdən döyüş zonasında qalan 7 nəfər Şəhidimizi çıxarmaqla ermənilərdən də bir nəfər əsir götürüb Pircahandakı mövqeyimizə qayıtdıq...



BİZƏ VERİLƏN “KƏŞFİYYAT MƏLUMATLARI” ÖZÜNÜ DOĞRULTMADI



1992-ci il avqust ayının 20-si gecə radələrində komandirimiz Rəhman İsgəndərov tərəindən bizə tapşırıq verildi ki, Ağdərə rayonuna gedirik. Orada müəyyən tapşırıqları yerinə yetirəndən sonra Laçının Pircahan kəndinə qayıtmalıydıq. Gecə ilə biz Pircahan kəndindən çıxdıq. Avqust ayının 21-i səhər saat 10-11 radələrində biz Ağdərə rayonunun Qozlu kəndində çatdıq.

Bizə dedilər ki, Sərsəng gölünün qırağında olan Qızılqaya (Arutunaqomer) kəndi götürülməlidir. Bunun üçün gərəkən bütün addımlar atılıb, orada ermənilərin elə də böyük qüvvələri yoxdur və bütün istiqamətlərdə ərazi kəşfiyyat olunub, yollar da təmizdir.

Günorta saatlarında bizə tapşırıq verildi. Biz bir neçə qrupa bölündük. Qruplardan biri kəndin arxasına keçməli idi. Biz kəndin orta hissəsindən, başqa bir qrupsa kəndin aşağı hissəsindən hücuma keçməli idi.

Təəssüf ki, bizə verilən “kəşfiyyat məlumatları” özünü doğrultmadı. Kəndə tərəf enəndə ermənilər bizi güclü artilleriya və digər qurğulardan atəşə tutdular. Orada bizim Şəhidimiz və yaralananlar oldu. Və biz döyüşə-döyüşə geri çəkildik. Elşən də orada yaralandı. Yaralı vəziyyətdə olan Elşəni mən oradan çıxarıb arxa tərəfdə olan təcili yardım maşınına təhvil verdim. Nəsimi də həmin günü itkin düşdü.

Biz həmin günü mövqe dəyişkənliyi etdik. Qüvvələrimiz yenidən səfərbər edildi və bir neçə gündən sonra Qızılqaya kəndi ermənilərdən təmizləndi. Şəhidimiz Nəsiminin nəşini döyüş meydanından götürdük...



YAXINLAŞANDA BİLDİK Kİ, BUNLAR ERMƏNİLƏRDİR



1992-ci il sentyabr ayının 1-i axşamında bizə tapşırıq verildi ki, Ağdərə rayonunun Vəng kəndi istiqamətində hücuma keçirik. O kəndlə bizim mövqe tutduğumuz Qozlu kəndi arasında böyük bir məsafə var idi. Üstəlik bu iki kənd arasındakı zona da sıx meşəliklə örtülü idi.
2 sentyabr səhər tezdən sıra düzülüşü oldu. Komandirimiz Rəhman İsgəndərov döyüş planıyla bağlı öz göstərişlərini verdi. Həmin plana əsasən vurğulandı ki, birinci bölüyün birinci tağımının birinci manqası dazor qruppası olaraq öndə gedəcək. Dazor qruppasına daxil olan biz Mehman Ağayevin rəhbərliyi altında 5 nəfər idik. Qrupa Malış Asif, Əfilağa, mən, Ağa və Mehman daxil idi. Biz ehtiyatla yol boyunca irəliləyir, müşahidə olunan ən kiçik detalla bağlı belə komandanlığa məlumat verirdik. Sağ cinahla irəliləməsi əmr edilən ikinci bölüyün uşaqları bilməyərəkdən 1-2 dəfə dazorqrupun qarşısına çıxdı. Bununla bağlı da biz arxaya – komandanlığa məlumat verdik ki, belə hallar həm cinahlar, həm də dazor qrupuyla cinahlar arasında çaşqınlıq yarada bilər.

Bir az məsafə qət edəndən sonra yolda basdırılmış mina aşkarladıq. Həmin yerə işarə qoyulandan sonra komandirimiz Rəhman İsgəndərovun tapşırığına uyğun olaraq bununla da bağlı məlumat verildi. Sonra yolumuza davam etdik. Hələ bizim tabor Vəng istiqamətində hərəkət etməzdən öncə briqada komandanlığından məlumat verilmişdi ki, ərazi kəşfiyyat olunub, yollar təmizlənib. Və o da bildirilmişdi ki, “sizdən də öndə kəşfiyyat dəstəsi gedir, onları nəzər alın ki, ortalıqda hansısa çaşqınlıq olmasın”. Ancaq aşkar etdiyimiz mina heç də deyilənləri təsdiqləmədi...

Bütün nüanslara baxmayaraq biz döyüş planına uyğun olaraq mərkəzi hissə ilə hərəkət edirdik. Yolumuzun üstündə qarşıda bir döngə var idi. Biz o döngəni dönəndə gördük ki, təxminən 40-50 nəfərdən ibarət bir dəstə yolun qırağında oturublar. Hələ biz bunların kim olduqlarını tam aydınlaşdırmamışdıq. Əvvəlcə elə bildik ki, bunlar bizə deyilən “öndə gedən kəşfiyyat qrupu”nun uşaqlarıdır. Ani olaraq komandirimiz Rəhman İsgəndərovun bizimlə döyüş, yaxud kəşfiyyat öncəsi qarşılaşa biləcəyimiz real situasiyalarda hansı taktiki manevr imkanlarından və necə istifadə etməklə bağlı verdiyi tövsiyyələr yaddaşımda çözələndi. Hər şeydən öncə biz soyuqqanlı olmağa çalışırdıq. Həmin qüvvələrlə bizim aramızda 6-7 metrlik bir interval var idi. Mehman qabaqda olmaqla biz onlara doğru irəlilədik.

Artıq dayanmağın yeri də yox idi. Yaxınlaşanda bildik ki, bunlar ermənidirlər. Biz sakitcə dayanıb ermənilərə zərbə endirmək üçün əlverişli məqam və qrup komandirimiz Mehmanın göstərişini gözləyirdik. Ermənilər də bu gözlənilməz görüşdən çaşıb qalmışdılar. Nəhayət ermənilərdən biri durub bizə yaxınlaşdı, hər kəsi başdan ayağa süzməyə başladı. Mehman bunlarla rus dilində danışmağa başladı. Biz dəqiq bilirdik ki, Mehman bu hərəkətiylə vaxt udmağa çalışır və əlverişli şəraitin yaranması üçün çabalar göstərirdi.
Mehmanla həmin erməni danışıq aparanda birdən gördük ki, ermənilərdən ratsiyanı götürmək üçün radistin çiyninə əl atmaq istəyir. Mehman həmin erməniyə öz iradını bildirdi ki, sən necə komandirsən ki, mən səninlə danışıq aparıram, amma sənin döyüşçün özbaşına hərəkət edərək radistimizin çiyninə əl atır. Ondan sonra həmin erməni komandir də öz döyüşçüsünə sakit dayanmağı əmr etdi.
Biz onlara izah etməyə çalışırdıq ki, bu görüşə biz özümüz gəlmişik. Onları oyalamağa çalışırdıq ki, müharibəni qızışdıran ruslardır, onlara Qafqazı qan çanağına döndərmək istəyirlər. Beləcə aldadıcı jestlərlə vaxt udmağa çalışırdıq.

Elə bu anda həmin erməni bizim uşaqların arxadan gəldiyini gördü və bərk döyüş başladı. Orada Mehman ayağından yaralandı, Əfilağa Şəhid oldu, Malış Asif yaralandı, itkin düşdü. Həmin günü Asifi tapa bilmədik. Orada Rəmzi də rəhmətə getdi. Biz özümüzə mövqe tutduq. Güclü atışma oldu. Fərrux yaralandı, ikinci bölüyün kimandiri Vaqif müəllim Şəhid oldu. Sonra bizə əmr gəldi ki, geri çəkilin...

Səhərisi gün biz Malışı axtarmaq üçün yenə də həmin istiqamətə getdik. Orada da biz 2 qrupa bölündük: bir qrup dərənin içiylə, ikinci qrup isə dağın döşüylə axtarışa getdi. Biz Qızılqaya kəndinin qəbiristanlığına çatanda orada məlumat gəldi ki, bəs Malış tapılıb. Biz geri qayıtsaq da, ikinci qrupumuz Qızılqaya kəndində ermənilər tərəfindən güclü artilleriya atəşinə tutuldular və orada bizdən bir nəfər yaralanmışdı....


MİŞNİ DÖYÜŞÜ



1992-ci il Iyul ayının 15-i biz Pircahan kəndində idik. Laçın polisindən xəbər gəldi ki, Mişni uşaqlarından haradasa 15 nəfər kəndi ziyarətə gedəndə erməni qüvvələrilə qarşılaşıblar. Hazırda onlara kömək lazımdır. Biz də polislərin yanına getdik, orada qərar verildi ki, biz onlara köməyə gedək. Orada Asəf, mən, Əfilağa, İsgəndərov Rəhman və başqa yoldaşlar da var idi. Təfərrüatıyla hər kəs yadımda deyil.
Biz 3 nəfər – Asəf. mən və Əfilağa komandirimizin göstərişiylə kənddə çayı keçəndən sonra sol tərəfdən yola yaxınlaşıb həmin istiqaməti tam nəzarətə götürdük. Digər qrup isə kəndə doğru irəlilədi. Ermənilərin UAZ və QAZ 66 maşınları da var idi. Gördük ki, ermənilər maşınla yolla bizə tərəf gəlirlər. Hətta QAZ – 66 imkan tapmadığından dal-dala sürətlə gəlirdi. Bu zaman biz yolun üstündə mövqe tutmuşduq. Asəf ortada, mən və Əfilağa isə sağ və sol tərəfində idik. Asəf bizə dedi ki, mən qumbaranı UAZ-ın üstünə atan kimi siz də onu güllə yağışına tutun.

Belə də oldu. Asəf qumbaranı UAZ-ın içərisinə atmaq istəsə də, qumbara maşının üstünə düşdü və partlayış oldu. Və bu anda biz dərhal UAZ istiqamətində ardıcıl atəş açmağa başladıq. Sonra dərhal mövqeyimizi dəyişdik ki, açıq hədəfə çevrilməyək.

UAZ yolda qalmış, sağ qalan ermənilərsə qaçıb getmişdilər. Hava da artıq qaralmışdı. Ölən və yaralananlarla bağlı dəqiq məlumat toplaya bilmədik. Təkəri dağılmış QAZ 66 maşını qəbiristanlığın yanında qalmışdı. Biz UAZ maşınını özümüzlə götürdük, QAZ-66-nı isə səhər təkər tapıb maşına qoyandan sonra Pircahana gətirdik və bu, bir qənimət olaraq öz taborumuzda qaldı...

İGİD TEYMURLU
Tv713.az
1-11-2023, 09:40
Вернуться назад