DataLife Engine / 713 saylı tabor Vətən Savaşında

713 saylı tabor Vətən Savaşında

YAZILAN TARİXƏ ÖN SÖZ

713 saylı tabor Vətən Savaşında





Bu gün bizlər qartımış dünyanın şirin nağıllarıyla səhərimizi açır, günümüzü yola veririk. Dərdlərimiz də elə qartımış dünyanın özü kimi qartımaqdadır. Sanki bu dünyanı hörümçək toru bürüyüb. Biz də Dərbəndimizlə, Borçalımızla, İrəvanımızla, Təbrizimizlə 1828-Cİ İLDƏN ÜZÜ BU YANA bölünmüş xalq olaraq bu hörümçək torunun tən ortasında. Və deyəsən fərqində də deyilik…

Biz bu tora Dərbəndi, Borçalını, Qarayazını, İrəvanı, Təbrizi itirəndə düşmüşük.
Ancaq bu torun içində həm məhvolma təhlükəsi, həm də elə bu torun içindəcə siyasi, iqtisadi, ideoloji,hərbi fəndlərlə mahir bir oyunçuya çevrilmə şansımız var. Hayların ötən əsrin sonunda gerçəkləşdirdikləri işğal prosesinin üstündən 30 il ötəndən sonra nəhayət ki, biz bu şansı qismən də olsa qiymətləndirə bildik. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən Savaşımızın sonucu sübut etdi ki, bizim hərbi fəndlərlə mahir oyunçu olmaq imkanımız heç də çoxunun təlqin etdiyi kimi tükənməyib. Yetər ki, vahid komandanlığımız, yetər ki, xalqla ordunun, xalqla dövlətin sarsılmaz birliyi ortalıqda olsun…

Bu gün həm ölkənin içində, həm də dışında baş verən proseslər artıq Azərbaycan insanına çox şeyləri anladıb. İnsanların fizionomiyası dəyişsə də, ortalıqda dəyişməyən bir şey var - o da, yurd sevgisidir. Vətənə, elə, obaya, dədə-babalarımızın uyuduğu məkana, babalarımızın bizə miras qoyub getdikləri sevgili məmləkətə olan sevgi dəyişməyib.

Bu günün özündə də ürəyi Vətən, ürəyi yurd eşqiylə döyünən Oğlanların gözündən sezilən bir nəsnə var – onların içində yatızdırılan döyüş əzmi hələ də öz yerindədir. Nə qədər ki, tarixi torpaqlarımızın bütövlüyü tam təmin edilməyib bir o qədər də bax bu Oğlanların, onların övladlarının əlləri başqa ipə sapa yatmayacaq.

Nə qədər ki, torpaqlarımız tam olaraq işğaldan azad edilməyib, nə qədər ki, tarixi torpaqlarımız düşmən tapdağı altındadır, bir o qədər də o əllər düşməni gəbərdəcək tətiklər üçün darıxır, darıxacaq. O əllər Vətənimizin işğal altında qalan yurd yerlərindəki daşını, çınqılını sığallamaq üçün darıxır. Darıxan əllərin titrəyişi üzümüzü qusullayan göz yaşlarımızda parıldayır.Yaşarmış gözlərimizdə Şəhid Qardaşlarımızın Kölgəsi görünür. Qazanılan nisbi uğurların ağuşunda uyumayaq: 44 günlük Savaşımız və 23 saatlıq uğurlu antiterror əməliyyatımız Azərbaycanın tam qələbəsidir, qəti qələbəsi deyil. Hələ də bizi gözləyən yurd yerlərimiz var!!!

Qəti qələbə öz dogma dədə-baba yurdlarımıza qayıdandan sonra olacaq - Göyçəyə, Zəngəzura, Dərbəndə, Təbrizə, İrəvana qayıdanda…

Hələ 1601-ci ildə çar I Aleksandra etdikləri müraciətdən sonra haylar müxtəlif metod, vasitələrdən istifadə etməklə rusların, fransızların və farsların himayəsini əldə etdilər. Ta o zamandan XX əsrə qədər aparılan siyasi və ideoloji fitnəkarlıqlar, terror şəbəkəsinin çabaları sonda hayların Cənubi Qafqazda yerləşdirilməsinə gətirib çıxardı. XX əsrdə erməni aqressiyası özünün pik həddinə çatdı, ötən əsrin əvvəllərində və ortalarında Azərbaycan türkləri soyqırımlara, deportasiyalara məruz qaldılar. Və nəhayət əsrin sonunda hayların “Böyük Ermənistan” xülyası onları daha böyük torpaqları işğal etməyə, daha böyük formatda soyqırım, deportasiya törətməyə sövq etdi…

Sovet Dövlət Təhlükəsizlik Komitəsinin əliylə erməni istəyincə 1988-ci ildə törədilən Sumqayıt hadisələri buna növbəti zəmin hazırladı. Hayların ötən əsrin sonlarında açıq müstəvidə hərəkətə keçmələri heç də deyildiyi kimi “Topxana”dan başlamadı. Buna əslində zoribalayanların Fransadan, aqanbekyanların, şahnazaryanların rəsmi Kremldən gələn mesajlarından, separatçı qüvvələrin Xankəndində gizli şəkildə təşkil etdikləri müşavirələrdən start verilmişdi. Sonradan bu separatçı fəaliyyət, işğalçı düşüncə 1988-ci ildə açıq müstəviyə qədəm qoydu. “Laçın rayonununTığik kəndindən olan bir hamilə qadının, onun bətnindəki çağanın, yanındakı uşağın və həyat yoldaşının qətlə yetirilməsilə daha qorxunc mərhələyə qədəm qoydu. Amma bu, o zamankı Vəzirov hakimiyyəti tərəfindən gizlədildi, bu hadisə haqqında laçınlılar məlumatlı olsa da, ancaq bütöv cəmiyyət bundan xəbərsiz idi”.

Bax bu deyilənlər sonradan Ayaz Mütəllibov hakimiyyətinin məsələyə münasibətdə bir az qorxaq və həm də seyirçi mövqedə dayanması, eləcə də Elçibəy hakimiyyətinin səriştəsizliyi, naşılığı ucbatından iç problemimizin həllinin elə bu problemi yaradanlara həvalə edilməsinin fəsadları da ayrıca mövzunun söhbətidir.

Bütün olmuşlara az da olsa güzgü tutulub, olanlar dilə gətirilib. Bu kontekstdə zamanın hərbi və siyasi rəhbərliyinin, o zamankı komandirlərin icra etdikləri siyasi rituallar da incələnib....

Beləcə tarixə qısaca ekskurs etməklə Sizlərə təqdim olunan bu kitabın yazılmasında məqsədimiz müqəddəs Vətən Savaşında 713 saylı taborun keçdiyi şərəfli döyüş yoluna ayna tutmaq, Laçın və Ağdərə rayonları uğrunda aparılan döyüşlərə nəzər salmaq, bütün bunların fonunda həm Azərbaycanın, həm də Azərbaycanı canından belə çox sevənlərin bu və ya digər şəkildə tapdalanan haqlarını dilə gətirməkdir.

1992-ci il 18 mayda Laçının işğalından sonra tam əksəriyyəti laçınlılardan ibarət olan bu tabor Bakıda, Axundov parkının yanındakı evin zirzəmisində formalaşdı. Laçınlılardan əlavə bu tabora digər rayonlardan olan yurdsevərlər də qoşuldular. Tabor Pirəkəşküldə qısa zaman çərçivəsində təlim məşq toplantısı keçəndən sonra Kəlbəcərə, oradan da Laçına yollanıb və azadlıq mübarizəsinə başlayıb…

Vətən Savaşımızda digər yurddaşlarımız kimi 713 saylı taborun şəxsi heyətinin də yazdığı tarix var. Bu tarixdə hələ 1992-ci ildə Laçın rayonunun azad edilmiş 42 kəndinin, Ağdərənin bir neçə kəndinin adı var. Bu tarixdə strateji əhəmiyyətə malik Hoçaz yüksəkliyinin götürülməsi var. Bu tarixdə taborun döyüşüçülərinin Kəlbəcər istiqamətində göstərdikləri şücaətdən söhbət açılır. Bu tarixdə 44 günlük müharibədə 713 saylı taborun Vətən qarşısında təmənnasız olaraq yerinə yetirdiy borcun xronikası var…Və bu tarixdə çox təəssüflər olsun ki, günün bu gününədək 713 saylı taborun döyüşçülərinin, Şəhidlərinin tanınmayan haqlarının hayqırtısı, bir də siyasi və hərbi rəhbərliklərin məsələyə münasibətdə laqeydliklərini əks etdirən sətirlər də var…

Amma nə yazıq ki, bir çox hallarda ya bu tarix təhrif edilərək cəmiyyətə təqdim olunur, ya da o tarix ümumiyyətlə sanki unutdurulmağa çalışılır. Təqdim olunan infomasiyalar deməyə əsas verir ki, bu döyüşlər haqqında hansısa səbəblər ucbatından cəmiyyətə düzgün məlumat ya verilməyib, ya da ki, deyilənlərdə çox zaman 713 saylı taborun döyüşçülərinin haqqı tapdalanıb. Sanki o gizlinlər, sanki o qəhrəmanlıqlar məqsədli şəkldə unutdurulur. Səsləndirilən fikirlərdə bilərəkdən, ya da bilməyərəkdən yanlışlıqlara yol verilir.

Axı tarix əməllərimizin xəzinəsi, keçmişimizin də şahididir. Tarix həm də bugünümüzə bir ibrət və nümunə, gələcəyimiz üçün də bir xəbərdarlıqdır. 713 saylı taborun tarixini yazmaqla biz keçmişimizə, bu günümüzə və gələcəyimizə sahib çıxmağın peşindəyik, başqa amacımız yox.

713 saylı tabor 1992-ci ildə Laçında qələbə paradı düzənləyəndə, Hoçazda qələbə tonqalını çatanda o zamankı Elçibəy hakimiyyəti Bakıda siyasi ritualları səhnələşdirməklə məhz bu taborun döyüşçülərinin qismində sanki səngərdəkiləri belə unutmuşdu. O zamankı qruplaşmaların Bakıdakı mövqe mübarizəsi azadlıq mücadiləmizi belə arxa plana keçirmişdi.

713 saylı taborun 1992-ci ildə Laçın və Ağdərə istiqamətlərində keçirdiyi uğurlu əməliyyatlar bütövlükdə Azərbaycan əsgərinin kökdən gələn döyüş ruhunun təcəssümü olub. Və 713 saylı tabor bəlkə də yeganə tabor idi ki, o zamankı heç bir siyasi qruplaşmaya bağlılığı yox idi. Təchizat və təminat baxımından 713 saylı tabor indiki ordu ilə nəinki müqayisə ediləcək səviyyədə deyildi, heç bunu təsəvvür belə etmək mümkün deyil. Ancaq fakt da bundan ibarət idi ki, təklənən Azərbaycan ordusu o zaman birbaşa Rusiya imperiyasının timsalında Ermənistanla döyüşməsinə baxmayaraq “Xankəndinin 11 kilometrliyinə qədər yaxınlaşmışdı” və 713-cü tabor da məhz bu ordunun əsas aparıcı qanadlarından idi…

Nə yazıq ki, o zamankı siyasi və hərbi rəhbərliyin idarəetmədəki naşılığı həmin ruhun bütövlükdə cəmiyyətimizə aşılanması istiqamətində nəinki bir iş görməyib, əksinə canını yurd uğrunda fəda etməyə hazır olan həmin oğlanların döyüş yoluna kölgə salınmış, məhz həmin yanlışlığın ucbatından bu günün özündə də 713 saylı taborun döyüşçülərinin haqları tapdalanmaqdadır. Bütövlükdə o dövrdə döyüşən ordu timsalında könüllü birləşmələrin buraxılması, bu və ya digər vasitələrdən istifadə etməklə dağıdılması zamanın ən böyük səhvi idi. Aparılan müşahidələr də göstərir ki, təkcə 713 saylı tabor deyil, ümumiyyətlə o dövrdə döyüşən könüllü qüvvələrin tam əksəriyyətinin bu gün “veteran” statusu belə yoxdur. Məsələyə münasibətdə Müdafiə Nazirliyinin mövqeyi də bundan ibarət oldu ki, bu kontekstdə həmin qurum zaman-zaman müxtəlif şərtlər irəli sürməklə əslində ortalıqda bir oyunun oynanılmasını bilərəkdən, ya da bilmiyərəkdən masaya qoymuş oldu. Baxın: öncə tələb olunurdu ki, “3 gün belə döyüş bölgəsində olanlar veteran hesab edilir”. Sonradan məhkəmələrdə bəyan edildi ki, “iddiaçı 3 şahid gətirməklə öz statusunu bərpa edə bilər”. Daha sonra hansısa yaralanma və digər şərtlər irəli sürüldü. Və beləcə “veteran”lıq statusunun özü alver predmetinə çevrildi. Ali Baş Komandan rəhmətlik Heydər Əliyevin “veteran” kimi dəyərləndirib ev, torpaq, maşın verdiyi döyüşçülər belə sonradan veteranlıq statusundan məhrum edildi, haqları tanınmadı. Əsil döyüşənlər qıraqda qaldı. Hətta atəşkəsdən sonra hərbi xidmətdə olanlar belə “veteran” vəsiqəsilə təmin edilsələr də, aktiv döyüşlərdə olanlar unuduldu. Qeyri-rəsmi məlumatlara görə bu gün 100 mindən yuxarı “veteran” vəsiqəsi gəzdirən var. Halbuki o zaman Azərbaycan ordusunda 5-6 min əsgər ola, ya da olmazdı. Öyləsə bəs haradandı bu 100 min?!

Kimdir günahkar?

Təbii ki, bütün bunlara görə birbaşa MN cavabdehdir.

Məlumat üçün onu da bildirim ki, hələ 1995-ci ildə rəhmətlik Heydər Əliyev bir əfv fərmanı imzalayıb. O fərmana görə hətta günahları,səhvləri olan keçmiş döyüşçülər bağışlanmışdı, bu günün özündə belə “veteran” status ala bilməyən keçmiş döyüşçülərin haqqı tanınmışdı. Ancaq MN nədənsə bütün bunları da görməzdən gəlir. Hətta bu gün Ali Baş Komandan İlham Əliyevin özü tərəfindən dönə-dönə vurğulanıb ki, "heç bir halda veteran, əlil və şəhid ailəsinin haqqı tapdalana bilməz”, amma nə yazıq ki, yenə də MN bu günün özündə belə həmin göstərişi sanki görməzdən gəlib eşitməzliyə vurur.

MN-nin yüksək çinli zabitlərinin, Arxiv İdarəsinin yetkililəri üçün hansısa maraq önəmlidirsə, ancaq 713 saylı taborun keçmiş döyüşçülərini düşündürən yurd anlayışı olub. Və elə bunun nəticəsidir ki, 44 günlük müharibə başlayanda Ali Baş Komandanın çağırışından da öncə Laçın rayon hərbi komissarlığına ilk olaraq müraciət edənlər sırasında 713 saylı taborun döyüşçüləri var idi. Keçmiş döyüşçülərdən bir çoxu öz övladlarıyla birgə 44 günlük müharibədə səngər həyatını bölüşdü və bir çox döyüşçünün övladı Qalib Əsgər olaraq 713-ün yarımçıq qalmış mübarizəsini qalibiyyətlə başa vurdu.

Amma o biganəlik, o laqeydlik yenə də davam etməkdədir. Şübhəsiz ki, belə məmur özbaşınalığı, belə yanaşmalar veteranlardan daha çox onların övladları olan yetişən nəslin dövlətə olan inamını sarsıdır, dövlətlə vətəndaş arasında bir uçurum yaradır.

Əgər bu gün yetişən nəslin gözü qarşısındaca bütövlükdə 713 saylı taborun döyüşçülərinin, eləcə də hansısa əlilin, hansısa Şəhidin timsalında keçmiş könüllülərin haqqı tapdalanırsa, onda biz hansı vətənpərvərlik hissini onların övladlarına, yetişən nəslə aşılaya bilərik!?

Bütün bunlara baxmayaraq 1992-ci ildə keçirdiyi hərbi əməliyyatlarla tarix yaradan 713 saylı taborun döyüşçüləri onlara olan laqeydliyi, biganəliyi aradan qaldırmaq, gerçəyi olduğu kimi tarixə həkk etmək üçün keçdikləri döyüş yolunu anbaan yetişən nəslin diqqətinə çatdırmaqda israrlıdır ki, cəmiyyətimizdə unutqanlıq oturaq hal almasın.

Məhz bu kitabda hələ 1992-ci ildə Laçın koridorunu digər köməkçi qüvvələrlə tam nəzarətə götürən 713 saylı taborun döyüşçüləri unutqanlığı aradan qaldırmaq üçün öz xatirələrini bütöv cəmiyyətə təqdim edir.

Məhz bu kitabda başda 701 saylı briqada komandanlığı olmaqla MN-də kök salmış dağıdıcı çetenın yarıtmaz fəaliyyəti nəticəsində hərbi xidmətləri yetərincə qiymətləndirilməyən 713 saylı taborun döyüşçülərinin gerçək fəaliyyətləri və tapdalanan haqları ortaya qoyulur.

Məhz bu kitabda 713 saylı taborun Şəhid komandiri, mayor Süleyman Əhmədovun əlyazmalarında olan deportasiyaların, soyqırımların, o zamankı hakimiyyətin siyasi və hərbi naşılığının izləri var.

Məhz bu kitabda 713-ün tapdalanan haqqına etiraz edən döyüşçü hayqırtısı var..

Süleyman Əhmədovun, Füzuli Rzaquliyevin, Rəhman İsgəndərovun, Qəşəm Rzayevin, Cabbar Alıyevin, Füzuli Alməmmədovun, Faiq Bəxtiyarovun, Gündüz Səfərəliyevin və digərlərinin qanla yazılan əlyazmalarını, döyüş xatirələrini oxuduqca 713 saylı taborun Laçında, Ağdərədə ermənilərlə aparılan müharibədə qazandıqları qələbə bir qısametrajlı film kimi adamın gözü önündən keçir. Əlyazmalar vərəqləndikcə, xatirələr oxunduqca adam bir anlığa o günlərə qayıdır, o dövrdə təklənən Azərbaycanın hərbi təchizat və strateji müttəfiqlik baxımından düşməndən qat-qat zəif olmasına baxmayaraq qazandığı uğurdan riqqətə gəlir. Xatirələrdə döyüşçülərin adamla şövqlə danışması deməyə tam əsas verir ki, 44 günlük müharibədə qazanılan uğurun təməli məhz o illərdən qoyulmuşdu.

Qazanılan qələbədə hər birimizin öz payı var. Amma bu, heç də o demək deyil ki, kiminsə haqqına girmək dolayı yolla hər kəsin yaşam tərzinə çevrilsin. Çox təəssüf ki, bəzən bunun da şahidi oluruq. 713 saylı taborun Şəhidlərini öz Şəhidi kimi göstərən taborlar var!!! 713 saylı taborun keçirdiyi hərbi əməliyyatları öz adına çıxanlar var!!! Bu gün çoxları Hoçaz kəndi uğrunda gedən döyüşü, hətta Hoçaz Şəhidlərinin nəşinin döyüş meydanından çıxarılmasını belə öz adlarına yazmaqla 713 saylı taborun haqqını tapdalamadadılar. Hoçaz yüksəkliyi uğrunda gedən döyüşün özü də bu qəbildəndir. Halbuki Hoçaz kəndi uğrunda gedən döyüşdə ancaq və ancaq 713 saylı taborun 2-ci bölüyünün uşaqları iştirak etmiş və qeyri bərabər döyüşdə Vaqif Quliyevin komandiri olduğu 2-ci bölük 7 Şəhid verərək mövqe dəyişkənliyi etmək məcburiyyətində qalmışdır. Döyüşün sabahı günü – iyul ayının 30-da Rəhman İsgəndərovun komandiri olduğu 713 saylı taborun birinci bölüyünün uşaqları həmin 7 Şəhidi döyüş meydanından çıxarmış və bu döyüşdə Vaqif Quliyevin komandiri olduğu 2-ci bölüyün döyüşçüləri də onlara yardımçı qüvvə olaraq kömək etmişlər. Yəni, həmin döyüşdə 713 saylı tabordan başqa heç bir qüvvə olmamışdır. Ancaq təəssüflər olsun ki, təqdimatlarda bu, fərqli formatda verilir.

Eləcə də o dövrün ən qanlı və ən şanlı səhifələrindən olan Hoçaz yüksəkliyi uğrunda gedən döyüş haqqında hazırlanan filmlərdə, verilən müsahibələrdə 713 saylı taborun haqqı birmənalı şəkildə tapdalanır. Halbuki bu döyüşün tam episentrində dayanan qüvvə, düşmənin bir nömrəli hədəfi 713 saylı taborun qüvvələri və onların qoruduqları zirvə olub…

Məhz bu Canlı Tarixlərin - döyüşçülərin təqdimatında yuxarıda anonsunu verdiyimiz məsələlərə, həmçinin 713 saylı taborun hansı zərurət əsasında yaranmasından tutmuş hansı səbəblər ucbatından dağılmasına qədər görünməyən nəsnələr, bu taborun Laçın və Ağdərədə keçirdiyi əməliyyatlara bacardığımız qədərində detallı şəkildə aydınlıq gətirilib. O zamanın ən qanlı və strateji əhəmiyyətli döyüşlərindən olan Höçaz kəndi, Hoçaz yüksəkliyi, Mişni, Qızılqaya (Arutunaqomer) və Vəng əməliyyatlarına güzgü tutulub, tapdalanan Şəhid, tapdalanan qazi, tapdalanan veteran haqlarıyla bağlı məsələlərə toxunulub...

Kitab müəllif olaraq mənim yazdığım ön söz, 713 saylı taborun döyüşçüsü, qardaşları bu taborla birgə döyüşüb Şəhid olmuş, ehtiyatda olan mayor Etibar Həsənquliyevin yazdığı rəy və 3 əsas hissədən ibarətdir.

Kitabın birinci hissəsində 713 saylı taborun Laçın və Ağdərə rayonu uğrunda gedən döyüşlərdə canını yurd uğrunda fəda edən Şəhidlərinin və sağ qalan Canlı Tarixlərinin bioqrafik məlumatları, onların əldə olan şəkilləri verilib.

Kitabın 2-ci hissəsində 713 saylı taborun komandiri (mayor Süleyman Əhmədov Şəhid olandan sonra) olmuş, ehtiyatda olan polkovnik leytenant Rəhman İsgəndərovun, eləcə də ayrı-ayrı döyüşçülərin xatirələri yer alıb.

Kitabın 3-cü hissəsində isə müəllif olaraq mənim Savaş Tariximizlə bağlı olan publisistik yazılar, 713 saylı taborun qəhrəmanlarının keçdikləri şərəfli döyüş yolu, onların qarşılaşdıqları problemlər və Qızıl Almaya doğru getdiyimiz Yolda üzərimizə düşən yükün müqəddəsliyindən bəhs edən məqalələrim öz əksini tapıb.

Kitab 713 saylı taborun döyüşçülərinin kollektiv əməyinin məhsulu olaraq ərsəyə gəlib. Müəllifi olaraq bu kitabın hazırlanmasında daha yaxından iştirak edən 713 saylı taborun komandiri olmuş, Şəhidimiz mayor Süleyman Əhmədovun həyat yoldaşı Gülüstan xanım Əhmədovaya, sonradan 713 saylı taborun komandiri (əvvəlcə 713 saylı taborun birinci bölüyünün komandiri olub), polkovnik leytenant Rəhman İsgəndərova, 713 saylı taborun qərargah rəisi olmuş, kapitan Füzuli Rzaquliyevə (hazırda AVMVİB sədri), döyüşçülərdən Qəşəm Rzayevə, Rafiq Şükürova, ehtiyatda olan mayor Etibar Həsənquliyevə, Fəxri Bəndəliyevə və bütövlükdə 713 saylı taborun sağ qalan bütün döyüşçülərinə öz minnətdarlığımı bildirir, bütün Şəhidlərimizin qarşısında baş əyirəm.

Tanrı millətimizi, dövlətimizi qorusun!

Qartımış dünyanın nağıllarına uymayaq, günümüzü, zamanımızı bada vermiyək. Birliyimizə, Bütövlüyümüzə sahib çıxaq, Qızıl Almaya doğru gedən Yolun Adamı olaq - İdeallarımıza söykənən Yolun. Unutmayaq ki, Qarabağ kimi Təbriz də, Qarayazı da, Göyçə də, Zəngəzur da, İrəvan da, Borçalı da, Dərbənd də Azərbaycandır!




İGİD TEYMURLU
30-06-2024, 18:40
Вернуться назад