DataLife Engine / "...TƏPƏMƏ GÜLLƏNİ ÇAXARDILAR DA..."

"...TƏPƏMƏ GÜLLƏNİ ÇAXARDILAR DA..."

III hissə


“...TƏPƏMƏ GÜLLƏNİ ÇAXARDILAR DA!”





- Mətbuat yazırdı ki, bəs Qraçov hansısa görüşdən sonra “Rəhim Qazıyev prezident olmasa, görərsiz neyniyəcəyik?” deyib. Belə şey olubmu?



- Mətbuat ağına-bozuna baxmadan ağlına gələni yazır. Mətbuat yazır ki, Rəhim Qazıyev Şuşanı satıb. Adama deyərlər ki, kimə satmışam Şuşanı? Harada satmışam? Neft idi, qaz idi, nə idi Şuşa? Bəs onda o Şuşada döyüşən əjdaha oğlanlar, ziyalılar harada idilər? Mən onların əlindən silahı almışdım? Biri gəlib, təpəmə çaxardı da gülləni!..



- Mətbuatın iddia etdiyi “Qraçovun dedikləri“ deyəsən yaddan çıxdı, Rəhim bəy?



- Narahat olma, yadımdan çıxmayıb. Sənin mətbuatının dediyinə münasibət bildirmək üçün dağa-daşa düşdüm. Qraçov, mənə “sən niyə prezident olmursan?” deyəndə ona belə dedim: “Paşa, sən QKÇP vaxtı Yeltsini xilas edəndə niyə prezident olmadın?” Durub mənə baxdı, baxdı və qucaqlayıb dedi ki, mən sənə görə azərbaycanlıları sevməyə başlamışam. Mən ondan texnika xahiş etmişdim. Götürdü 4-cü ordunun komandiriylə danışdı. Ona dedi ki, sən Rəhimə 10 tank, 10 BMP ver. Popov dedi ki, hamısı Prişibdədi, akumlyatorları yoxdu. Mən də dərhal müavinim Vahidə zəng edib dedim ki, Vahid, qadan alım, get mənim kabinetimə, bilirsən orada nə var, lazım olan şeyi götür, get Popovun yanına, oradan da gedirsən Prişibə. Aidiyyatı adamlara məlumat vermişəm, gedəndə yolda qabağına nə qədər Kamaz, MAZ çıxsa, hamısını saxla, akumlyatorlarını çıxararsan. Tankları, BMP-ləri komplektləşdirib sonra gələrsiniz platformaya, oradan dəmiryoluyla Zəngilana gedərsiz. Zəngilandan Laçın istiqamətində “marş brosok” olacaq...


SƏFƏR ƏBİYEVƏ AÇILAN CİNAYƏT İŞİ VƏ 18 İL 6 AYLIQ DƏBDƏBƏLİ HƏYAT


- Bakıya nə vaxt döndünüz?



- Mən Bakıya ayın 11-də döndüm. 10 tank, 10 BMP öz xoduyla gəlib çıxıb platformaya, hamısı da tam hazır formada, komplektləşdirilib. Heç bir yerdə dayanmadan gedirlər Zəngilana. 12-si səhər Zəngilanda düşəndə 20 texnikadan 8-i yerindən tərpənmir. Sonra məlum olur ki, yolda gələndə elektrik naqilləri kəsilib. Əsədə əmr verdim ki, götür heç olmasa, o işləyən texnikanı birbaşa Laçın istiqamətinə get. Oldu. Həmin ərazidən heç 10 km aralanmamış, Qubadlıya çatmamış Səfər Əbiyev tankları, BMP-ləri orada qoyub qaçır. Mən onu dərhal işdən azad edib cinayət işi qaldırtdırdım...



- Sonra nə oldu?



- Sonra? Sonra o oldu ki, həmin Səfər Əbiyev 18 il 6 ay Azərbaycanın müdafiə naziri oldu!!! Sonra o oldu ki, general-polkovnik rütbəsinə qədər qaldırdılar onu!..



ALLAH MÜBARİZ ƏLİZADƏYƏ RƏHMƏT ELƏSİN – KQB-NİN ƏN GÖRKƏMLİ AGENTİNƏ!”


- Həm qəribə, həm də məntiqsiz səslənsə belə, yenicə tanıdığınız Elçibəyin 54 ildə evinə bazarlıq belə etmədiyini vurğulamısınız... Haradan bilirdiz Əbülfəz bəy heç evə bazarlıq etmir, siz ki, onu təzə-təzə tanımışdınız? Və deyəsən axı bu ifadə ilə həm də özü-özünüzü ifşa etmiş olursunuz.



- Burada heç bir qəribəlik və heç bir məntiqsizlik yoxdur. Bəzi şeyləri bilmədiyin üçün sənə belə gəlir...



- Deyin bilək, “Qəribə Adam”la yaxından tanış olaq...



- Əbülfəz bəyin öz dilindən eşitmişəm, deyirdi ki, “mənim bugünkü günə kimi öz ailəmdən xəbərim yoxdu, Almurad baxıbdı, evə də bazarlığı Almurad edibdi”.



- Heydər Əliyevin arxasınca təyyarə göndərən kim idi?



- Əbülfəz bəy. Əbülfəz bəyin təyyarəsi gedibdi.



- Nə vaxt olub?




- Ayın 6-dan 7-nə keçən gecə..

- Zərdüşt bəy vurğulayır ki, “Xalq Cəbhəsini sonradan götürən cəbhəçilər KQB agenturasıdır”. Həmin yanaşmayla siz də o “agentlər”dən birisiniz?



- Allah KQB-nin ən görkəmli agentlərindən olan Mübariz Əlizadəyə rəhmət eləsin. Yəqin o spisoku dədəsi gətirib Zərdüşt bəyə verib. Sizə bir şey deyim, başqasının ünvanına yalan, böhtan deyən adam özünü ziyalı, ləyaqətli insan saya bilərmi?



- Təbii ki, yox.



- Olmayan şeyi olmuş həqiqət kimi demək mümkündürmü?



SÜLHƏDDİN ƏKBƏR KQB AGENTİDİR”







- Rəhim Qazıyev də deyib ki, “Sülhəddin Əkbər KQB agentidir”, bunlar olan şeylərdir?



- Bəli, olan şeylərdir, demişəm. Mən bilirdim elədir, yəni bildiyimi demişəm. Sülhəddin Əkbər də gəlsin, onunla bir kursda oxuyan qəbələlini də çağırın, indi həkim işləyir, qoy danışsınlar. Üçüncü kursda nə təhər “verbovat” olunubdu...



- Haradan almısınız bu informasiyaları?



- Nə təhər haradan? Mən müdafiə naziri olmuşam, keçi qulağı olmamışam ki...



- Bircə dəqiqə, Rəhim bəy. “KQB” arxivləri bütün hakimiyyətlər dönəmində hansısa səbəblər ucbatından açılmayıb, təbii hal olaraq agentlər ifşa olunmayıb, amma Rəhim Qazıyev böyük bir inamla iddia edir ki, “Sülhəddin Əkbər KQB agentidir”. Hardandır sizdə bu inam, bu iddia, belə yerdə gözəlim məntiq nə deyir?



- Dedim axı adını çəkdiyim adamlar gələr, sonra inşallah Qurban Məmmədov da qayıdar..



- Qurban Məmmədov nə deyir?



- Sən məsələnin açılmasını deyirsən, mən sənə deməyəcəm axı. Sənə ünvanları deyirəm, mifik adamlardan danışmıram ki. Sonra onu xüsusi xidmət işinə casus kimi cəlb edən adam taleyin qismətindən nazir oldu, bu da onun müavini..



- O zaman nazir Fəxrəddin Təhməzov idi də?

- Bəli və elə həmin Fəxrəddin Təhməzov Sülhəddini casus fəaliyyətinə cəlb edib. Fəxrəddin Təhməzov Tibb İnstitutunda KQB-nin kuratoru olub...



MƏNİM YANIMA AGENT SALA BİLİRLƏR....”


- Rəhim bəy, bu məsələyə məntiqi baxımdan yanaşaq. Yuxarıda deyildiyi kimi arxivlər açılmayıb, agentlər ifşa olunmayıb – bunlar faktdır. Onda elə bu faktların fonunda məntiq onu deyir ki, Rəhim Qazıyev özü də KQB-nin agenti olub ki, yol yoldaşını tanıyıb..



- Gözəl, çox gözəl.. Əvvəla, agentin agentdən xəbəri olmaz...



- “Agentin agentdən xəbəri olmaz” xidməti gerçəyini haradan bilirsiniz?



- Mən müdafiə naziri işləmişəm, bu, bir. Mənim girişim olub bəzi məqamlara, bu, iki...



- Müdafiə nazirinin bəyəm girişi var idi belə yerlərə?



- Hara var, bu, mənim öz işimdi...



- Necə yəni, “öz işimdi”, sizin işiniz bəyəm qanun çərçivəsində olmayıb ki?



- Sən nə “qanun çərçivəsi”ndən danışırsan e? Yooox, mənim yanıma agent sala bilirlər, mən kiminsə yanına agent sala bilmirəm. Mən də nazirəm də. Qayıdaq Zərdüşt Əlizadəyə..

Zərdüşt Əlizadəyə..



“Azərbaycan siyasətində “bazar fahişələri” var”


- Rəhim bəy, Zərdüşt Əlizadə konkret olaraq sizi hədəf seçməyib, o, özü Cəbhədən uzaqlaşandan sonra oradakıların hamısını ittiham edib, siz də onlardan birisiniz.



- Anlaşdıq. Yaxşı, 2002-ci ildə Zərdüşt Əlizadə yazıbdı ki, 5 martda Ayaz Mütəllibov istefa verəndə girib Ayaz Mütəllibovun parlamentdəki otağına, tapançanı çıxarıb onu məcbur edib ki, sən istefa ver. Mən onda Zərdüşt Əlizadəyə məktub yazdım. Dedim ki, Zərdüşt, sənin savadlı və informasiyalı olmana şübhə etmirəm. Amma mən Ayaz Mütəllibovun yanına girəndə onun yanında bir həkim, bir də şəfqət bacısı var idi, bir də rəhmətlik Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova. Ayaz Mütəllibovun ürəyi tutmuşdu. Sizə yaltaqlıq eləyən adamların bir çoxu aşağıda təbliğat aparır ki, Ayaz getsin. Sən mənim ona nəinki silah çıxarmağımı, hətta bir dənə kobud söz işlətdiyimi desən, mən səndən üzr istiyəcəm. Yoxsa, etiraf elə, üzr istə, kişi yalan danışmaz. Allaha şükür, indi bu adamların hər biri sağ. Ayaz Mütəllibov Zərdüşt deyənlərin zərrəsini təsdiqləsin ki, Rəhim mənə təhqiramiz, etikadankənar söz deyibdi, gəlib hamının yanında Zərdüştün əlin öpüb, adımı da dəyişib Zərdüşt qoyuram...



- “Azərbaycan siyasətində bazar fahişələri var” demisiniz. Kimdir bunlar?



- Elə biri Zərdüşt...



- Sonra..



- Hamısının adını niyə mənə bir-bir dedizdirirsiniz, mənə düşmən hazırlayırsınız?..



- Düşməni mən yox, öz diliniz sizə hazırlayır. Dilinizə sahib çıxın ki, düşmən qazanmayasınız. Mən dilinizin altında gizlənən Rəhim Qazıyevə sual verib cavabını istəyirəm. Siz də buyurun, özünüz bəyan edin, “mən”inizin bəyan etdiyinə sahib çıxa bilmənizi göstərin, görüm dediyinizə imza atmaq cəsarətiniz varmı?



- Cəsarətim çoxdur, sən məni çox qızışdırma...


"SİYASƏTDƏ TANINAN OLSAYDIQ, BU GÜNƏ DÜŞMƏZDİK”



"...TƏPƏMƏ GÜLLƏNİ ÇAXARDILAR DA..."


- Rəhim Qazıyevin yanaşmasına görə, Azərbaycanı kimə görə tanıyırlar?



- Füzulisinə, Nizamisinə, Hüseyn Cavidinə, Mirzə Ələkbər Sabirinə, Cəlil Məmmədquluzadəsinə, hamısına görə..



- Bəs siyasi sferada?



- Siyasətdə tanınan olsaydıq, daha bu günə düşməzdik ki!?



- Qorxmursunuz ki, gələcəkdə etdiyiniz günahlara görə sümüklərinizi çıxarıb dar ağacından asarlar?



- Vallahi mən falçı deyiləm, indi gələcəkdə kim nə edəcəksə, edəcək də. Siyavuş Novruzovkimilər gəlib tarixi araşdıracaqlarsa, mənim yerlim Yaqub Mahmudov kimi tarixçilər gəlib tarixi iyrənc hala salacaqlarsa, onda nə var ki, burada.



“SUAL ETDİM, BUNUN ADI NƏDİ?”


- Aldandığınız zaman, nə vaxt aldadıblar sizi?



- Mənim sadəlövhlüyüm çox olub. Mən də bir insanam, mənim də səhvlərim olub. Səhvim olmasaydı, uduzmazdım... 1993-cü il ayın 6-dan 7-nə keçən gün getdim Gəncəyə. Qonaq evinin yanında Surətin atasının evi var idi. Qapını döydüm, anası Fatma xala çıxdı. Ay Rəhim, sənə qurban olum, balamı öldürürlər. Surət gəldi ki, atamın qırxı ərəfəsində qəbri üstünə mina qoyublar, nə bilim nə... Qulaq asdım, çıxıb gəldim Bakıya. Zəng elədim Əbülfəz bəyin köməkçisi Gürşad Zərbəliyevə. Sonradan onu güllələyib öldürdülər. Buna dedim ki, Gürşad, Bəyə denən mən onunla görüşmək istəyirəm. Yarım saat keçmədi ki, Gürşad dedi ki, Bəy deyir gəlsin. Salamlaşandan sonra dedim Bəy, biz çayxanalarda, millətin içində yetişib gələn adamlarıq. Sizi də ki, hamı xalqın adamı tanıyır. Gəncədə ölən də, öldürən də bizimkidir. Amma bu gün xalqın hakimiyyət mümayəndələrindən bir nəfər də olsun nə ora getməyib, nə də başsağlığı verməyib. Sual etdim, Bəy, bunun adı nədi? Baş nazir Pənah, Ali Sovetin sədri İsa Qəmbər və sizin heç biriniz getməyib. Orada vəziyyət həddindən artıq gərginləşib və bunu gərginləşdirən adamlar var. Bəy haqq dünyasındadı, mən burdayam. Yalan deyirəmsə, bütün günahları boynuma gəlsin. Gəlin belə eliyək. İmam Mustafayev, uzun illər Gəncənin başçısı olmuş Tofiq Bağırov, İsmayıl Şıxlını və başqalarını götürək gedək Gəncəyə..





- Əbülfəz bəy razılaşdımı?



- Dedi ki, bəy, orda məni öldürərlər. Dedim Bəy, heç kim sənə orda artıq bir kəlmə də deməyəcək, nəinki öldürmək. Bir saat söhbət etsək də, Bəyi razı sala bilmədim. Dedim Bəy, mən səninlə gedirəm, sənə atılan gülləyə mən sinəmi verməsəm, mənə haram olsun. Mən öləndən sonra səni öldürərlərsə, ona neyliyə bilərəm ki? Amma sən xalqın gözündə birə min qat yüksələcəksən belə olarsa.



- Söhbətiniz beləcə bitdi?



- Sonda bir söz də dedim. Dedim Bəy, bu gün ayın 7-sidi. Sən 10 gündən artıq bu kabinetdə otura bilsən, mənə haram olsun. Çıxıb getdim. Ayın 17-də Rəsul Quliyev, Etibar Məmmədov və mən zəng elədim Müdafiə Nazirliyinə?


NƏ RƏSUL QULİYEV, NƏ ETİBSR MƏMMƏDOV AĞIZLARINI DA AÇMADILAR”




- Nə ilə bağlı idi bu zəng?



- Dedim ki, zabitlər yığılsın, gəlirəm. Nə Rəsul Quliyev, nə də Etibar Məmmədov ağızlarını da açmadılar, mən danışdım. Dedim siz çaşmısınız, düşmənlə müharibə gedən bir vaxtda ordunu ön cəbhədən çıxarıb daxili məsələlərə qarışırsınız?



- Nə dedilər?



- Dedilər ki, Ali Baş Komandanın əmri var. Dedim o əmr yetərli deyil. Sizin daxili məsələlərə qoşulmanız üçün parlament qərar verməlidir. Hakimiyyət dəyişəndən sonra gedən gedəcək, gələn gələcək, ancaq sizi tutacaqlar. Eşitdiniz? Deyib çıxdım.



- 1993-cü il hadisələrini Rəhim Qazıyev necə qiymətləndirir: hakimiyyətin təhvil verilməsi, yoxsa hakimiyyət çevrilişi?



- Burada çox qəribə məqamlar var.



- Heç bir qəribəlik yoxdur, arqumentlər, faktlar var?..



- Var, var!!..



- Varsa, sadalayın da bir-bir.



- Birinci məqam, Əbülfəz bəy, niyə xalqa müraciət etmədin? İkincisi, niyə Əbülfəz bəy demokratik qüvvələri, lap o Etibar Məmmədovu çağırmadı, niyə buna təşəbbüs göstərmədi, amma bilavasitə Heydər Əliyevi çağırdı? Niyə?..



- Niyə?



- Mən onu bilmirəm..



- Deməli, hakimiyyət təhvil verildi!



- Onda mən anladım ki, ay Rəhim, sən ki, 89-cu ilin dekabrında getdin ora, bu şəkil o idi...



- Mənim sizdən soruşacaqlarım bilirsiz nə qədərdir?



- Mənim də sizə deyəcəklərim bitib tükənən deyil...




GECƏ SAAT 2-DƏ NƏRİMAN İMRANOVUN KABİNETDƏ NƏ İŞİ VAR?”




- Laçının işğalı, Laçın batalyonunun ləğvi, yeni formalaşdırılan 713 saylı Laçın batalyonu, bu batalyonun dağılması, dağıdılan bstalyonun və onun döyüşçülərinin bu günədək hüquqlarının tapdalanması Laçında strateji əhəmiyyətə malik Hoçaz yüksəkiyini götürən 713-ün haqqının tanınmaması, Tahir Süleymanovun Laçına gətirilməsinin məqsədləri, Laçının təzədən ermənilərə verilməsi, satılan Qrişalar, Müdafiə Nazirliyinin analitik-informasiya mərkəzinin "xəbərlər" adı altında bilərəkdən, ya da bilməyərəkdən koordinatlar barədə informasiya ötürməsi, Ağdərə əməlyyatında 713-ün pusquya salınması, o zaman muzdla döyüşən çeçenlərin Azərbaycan ordusuna nifrət edərək geri dönməsi, ordu quruculuğundakı dağıdıcı meyillər, müharibə vaxtı generalitetin Bakıda düzənlədiyi dəbdəbəli toylar haqqında danışmağı sonraya saxlayaq, çünki yayındırıcı cavablarla bu suallara aydınlıq gətirmək olmaz...

- Bütün bunlar geniş bir müsahibənin mövzusudur ki, mən özüm də bu mövzularla bağlı müəyyən qeydləri nəzərdən keçirməliyəm...

- Yaxşı, deyin görək quş quşluğuynan qona bilməyən KQB zindanından Rəhim Qazıyev və dostları necə qaçdı?



- Bütün sadaladıqlarına hər zaman cavab verməyə hazıram və bunların hər biri böyük bir müsahibənin və çəkilişin mövzusudur. Bunları bir cümləylə demək mümkün deyil. Sən də elə dirənib deyirsən ki, ”konkret olaraq deyin görək”. Elə hazırda soruşmaq istədiyin KQB zindanı da bu qəbildəndir. Bu bütünlüklə KQB-nin tarixində unikal bir hadisədir. KQB tarixində belə qaçış olmayıb. 6-cı mərtəbədə idi o istintaq idarəsi. Aşağıya qədər 12 dənə siqnalla təchiz edilən zirehli qapı var. Mənə dedilər ki, səni öldürəcəklər. Neynəyim? Qaçaq... Bunu detallarla danışmaqdan ötrü günlərlə vaxt lazımdı. Mən sənə bəzi detalları deyim, indi Allaha şükür, professionalsan, peşəkarsan və özün də analiz et. Ayın 20-də müharibə getmir, neft kontraktları imzalanır, gecə saat 2-də Nəriman İmranovun kabinetdə nə işi var?



- Sizin müsahibənin əvvəlində vurğuladığınız Uzaq Şərqdə işləyən Nəriman İmranovun, eləmi?



- Bəli. Nəriman İmranovun orada nə işi var idi? Deməli, biz xüsusi marşrutla qaçırılmalı idik...



- “Qaçırılmalı idiniz” ifadəsinə bir az başqa səmtdən yanaşaq, belə “qaçış” KQB-nin nüfuzuna xələl gətirməyəcəkdi?



- Xeyir, həmin anası ölmüş növbətçi Faiq Mirzəyevin cibinə 30 min dollar qoyub məsələni həll edəcəkdilər. Adını da qoyacaqdılar ki, Rəhim Qazıyev Faiqə 30 min dollar verib və qaçıb. Faiqi başa saldım ki, a bədbaxt sənin meyidin bizim yanımızda onlara lazımdı. Onda mənim başımın necə də gözəl işləməsinə özüm də sonradan məəttəl qaldım. KQB-nin bütün canavarlarını, bütün peşəkarlarını pis vəziyyətdə qoymuşdum. Bu, çox ağır bir mövzudur, inşallah istəsəniz başqa bir müsahibədə bunu ən kiçik detallarına qədər mən sizə incələyərəm. Qısaca onu deyim ki, ayın 23-24-də biz bəyanat verdik ki, qayıdırıq, bizi öldürməkdən ötəri qaçırmışdılar.





"QALMAZ BELƏ, QALMAZ DÜNYA” VƏ BİR “VAĞZALI" HAVASI







- Ən çox sevdiyiniz mahnı və ən çox qol götürüb oynamaq istədiyiniz rəqs havası hansıdır?



- “Qalmaz belə, qalmaz dünya” mahnısıdır ən çox sevdiyim, bir də muğamatın hamısı. Havaya gələndə, oynamıram. Amma məni ən çox ilgiləndirən “Vağzalı”dı....


İGİD TEYMURLU
Versus.az
2018-ci il










-
17-08-2024, 09:57
Вернуться назад