DataLife Engine / Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir

Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir






Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Tv713.az xəbər verir ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr — 5 dekabr, 1988-ci il) başladı.

Sonradan Vətəndaş Həmrəyliyi Partiyasını təsis edən, milli oyanışımızda böyük rol oynayan "Azərbaycan" qəzetinin redaktoru olan, Xalq şairi Sabir Rüstəmxanlının, eləcə də Nemət Pənahlının aparıcılığı ilə davamlı şəkildə keçirilən bu mitinq bütövlükdə SSRİ adlı imperiyanı kökündən sarsıtdı.
Bütöv xalq, eləcə də başda Azərbaycan Xalq Cəbhəsinin(1989-1995)qurucusu və lideri olan Əbülfəz Elçibəyin başçılığı altında demokratik qüvvələr mitinqin əsas aparıcı qüvvəsi oldu. Bakıda və bir çox bölgələrdə qurtuluş mitinqləri keçirilmişdir. Azərbaycan Xalq Cəbhəsinin bu hadisələrdə iştirakı,mitinqlərin təşkilatlanmış halı kimi öz əksini tapır.






17 noyabr mitinqinin tələbləri

1. Azərbaycan hökuməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etməlidir. Televiziya birbaşa canlı yayımla verəcək ki, Topxanada nə işlər görülür.

2. Ağdam şəhərində qadağa saatı 24 saata ləğv edilməlidir.

3. Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanları buraxılmalıdır. Orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa edilməlidir.

4. Noyabrda açılan sessiyada iştirak edəcək SSRİ Ali Sovetinin 63 deputatı bu haqda məlumat verməlidir. Əks halda onların Azərbaycana qayıtması məqsədəuyğun deyil. Axşam saat 6-yadək vaxt vermişik…

5. Burada oturub gecələmək şərtilə 24 saata şərtimizə əməl olunmasa nümayiş qeyri-müəyyən vaxtadək uzanacaq.

Bu tələblərdən göründüyü kimi mitinqdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi, Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi. Bu tələblər Azərbaycan rəhbərliyini qane edirdi, lakin hökumət nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə mitinqçilər tələbləri yerinə yetirilməyincə meydanı tərk etməyəcəklərini bildirdilər. Burada "Moskvanın fitnələrinə son qoyulsun!", "Suverenlik!", "Azadlıq!" şüarları səslənməyə başlandı. Bundan Moskvaya təzyiq edib respublikalarda hakimiyyəti ələ keçirmək istəyən qüvvələr istifadə etməyə çalışırdılar. Bakının bəzi rayonlarında vəziyyət qəsdən gərginləşdirilir, xuliqanlıq hərəkətləri törədilirdi. Naxçıvanda dövlət orqanları binasına hücum edilmişdi, noyabrın 22-də Gəncədə əhali ilə ordu arasında qanlı toqquşma baş vermiş, 160 nəfər yaralanmış, üç əsgər və bir uşaq həlak olmuşdu. Noyabrın 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edildi. Küçələrə ağır silahlı qoşun hissələri yeridildi. Meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə qərənfillər taxır, əsgərləri camaatın tələbləri ilə tanış edir, qan tökməməyə çağırırdılar. Nümayişçilər meydana Azərbaycan SSR-in oraq çəkicli bayrağı ilə gəlmişdisə, bir neçə gün sonra — noyabrın 19-da burada ilk dəfə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı.

Dekabrın 3-də hərbi hakimiyyət mitinqçilərdən meydanı tərk etməyi tələb etdi. Dekabrın 4-də isə gecə hərbçilər hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər. Meydan dağıldıqdan sonra da bir neçə gün Bakıda və başqa şəhərlərdə etiraz tətili və nümayişləri keçirildi.

Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.

1989-cu ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçısı və dinc sakin qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarıldı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildə elan olunub.

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad ediləndən sonra Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur.

2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.

Milli Dirçəliş Günün qutlu olsun, Azərbaycan!
17-11-2024, 00:24
Вернуться назад