DataLife Engine / Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyi: bina uçub dağılır, eksponatlar yoxa çıxıb

Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyi: bina uçub dağılır, eksponatlar yoxa çıxıb

Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyi: bina uçub dağılır, eksponatlar yoxa çıxıb



Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150-ci ildönümüdür.

Prezident İlham Əliyev ədibin yubileyinin qeyd olunması ilə bağlı bu ilin yanvar ayında müvafiq sərəncam imzalayıb.

Böyük ədib Gürcüstanın paytaxtı Tbilisidə uzun illər yaşayıb-yaradıb və müəllifi olduğu “Molla Nəsrəddin” jurnalının ilk sayını da məhz bu şəhərdə nəşr etdirib. Mirzə Cəlilin Tbilisidə yaşayıb-yaratdığı ev muzeyinin onun 150 illiyinə qədər bərpa olunacağı gözlənilirdi. Belə ki, son iki ildə Tbilisidə səfərdə olan Azərbaycanın rəsmi nümayəndələri ev-muzeyə dəfələrlə baxış keçiriblər və məkanın təmir olunması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracaqlarını bildiriblər.

Aprel ayında uzun illər nəinki Qafqazda, hətta bütün Yaxın Şərqdə yeganə illüstrasiyalı və rəngli satirik jurnal olan “Molla Nəsrəddin”in Tbilisidə ilk sayının işıq üzü görməsindən (7 aprel 1906-cı il) 113 il ötür. Mirzə Cəlilin yazdıqlarına görə, “jurnalın ilk sayı min tirajla nəşr olunmuş, yarısı bir günün ərzində günortayadək Tiflis şəhərində satılmışdı”.Bu iki əlamətdar tarixlər fonunda “Report”un Gürcüstan bürosu C.Məmmədquluzadənin vaxtilə Tbilisi şəhəri, Mtatsminda rayonu, Besiki küçəsi, 24 ünvanında yaşadığı evin hazırkı durumu ilə maraqlanıb.

Böyük ədib Tbilisidə yaşadığı ev barədə yazırdı: “Müqəddəs Davud küçəsində yaşamağım məcmuənin sərbəstliyinə böyük təsir bağışladı. Bura gürcü məhəlləsi idi və müsəlmanların əlləri çatmayan bir yer idi”.

1997-ci il oktyabrın 11-də həmin evdə C.Məmmədquluzadənin muzeyi açılıb. İkiotaqlı muzey 200-dən çox yaşı olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Deyilənlərə görə, vaxtilə binanın hər iki mərtəbəsi Mirzə Cəlilə məxsus olub. “Qeyrət” mətbəəsi də bu evin zirzəmisində fəaliyyət göstərib. Sonradan binada ailələr məskunlaşıb, birinci mərtəbədəki 2 otaqlı mənzil isə ev-muzeyi kimi qorunub saxlanıb.

Binanın fasadından tikilinin qəzalı vəziyyətdə olduğu aydın görünür. Pas atmış navalçalar və pəncərə məhəccərləri, ovulub dağılan fasad binada 20 ildən çoxdur ki, heç bir təmir-bərpa işlərinin aparılmadığını əyani olaraq sübut edir. Yaxınlıqda yeni binanın inşa olunması da tikilinin fasad hissəsinə ciddi ziyan vurub. C.Məmmədquluzadənin binanın fasadına vurulan xatirə lövhəsi də köhnəlib. Lövhədə gürcü və kiril əlifbaları ilə “Azərbaycanın böyük demokrat ədibi Mirzə Cəlil Məmmədquluzadə 1897-1918-ci illərdə bu binada yaşayıb yaratmışdır. 1906-1918-ci illərdə məşhur “Molla Nəsrəddin” məcmuəsini nəşr etdirmişdir. (1866 Naxçıvan – 1931 Bakı)” yazısı əks olunub.Ev-muzeyin olduğu mənzilin interyerinin vəziyyəti də olduqca acınacaqlıdır. Otaqların tavan və bütün divarlarında dərin çatlar var. Divarlar hər an uçmaq təhlükəsi ilə üz-üzədir.

Muzeyin yalnız bir otağında az sayda da olsa, müəyyən eksponatlar qorunub saxlanılıb. Bunlar, əsasən, C.Məmmədquluzadə və ailə üzvlərinin fotoşəkilləri, “Molla Nəsrəddin” jurnalının nüsxələri, məcmuədə dərc olunan Abdulla Şaiqin portreti, tar və kamança və digər materiallardır. Muzeyin eksponatlarının siyahısının heç vaxt tərtib olunmadığı məlum olur. Digər otaqda da vaxtilə bəzi eksponatların olduğu xüsusi lövhə boş halda gözə dəyir. Həmin eksponatların taleyi naməlumdur.

Muzey illərdir baxımsız qaldığından həmin eksponatlar oğurlanıb. Yoxa çıxan eksponatların Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə təqdim olunduğu bildirilirdi. Lakin muzeyin direktoru Leyla Əliyevа ilə söhbət zamanı bu məlumatın həqiqətə uyğun olmadığı üzə çıxıb. O, rəhbəri olduğu muzeyə C.Məmmədquluzadənin ev muzeyinə aid heç bir eksponatın verilmədiyini bildirib: “Cəlil Məmmədquluzadənin ev muzeyi bizim muzeyin tabeçiliyində deyil. Muzeyin əsaslı şəkildə bərpa olunmasına ehtiyac var. Təmir-bərpa işləri həyata keçiriləndən sonra ev-muzey dövlət qeydiyyatına alınmalıdır. Muzeyin daha sonra Azərbaycan Mədəniyyəti Muzeyinin tabeçiliyinə veriləcəyi nəzərdə tutulub. Yalnız bundan sonra biz ev-muzeyə cavabdehlik daşıyacağıq”.

Son vaxtlar ev-muzeyə Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurası himayədarlıq edir. Şuranın sədri İsaq Novruzov bildirib ki, otaqların və eksponatların təmizliyinə nəzarət olunur. Şuranın hesabına otaqlardakı bəzi çatlar yamanıb, bir qapının çürüyən hissəsi taxta lövhə ilə əvəzlənib.İ.Novruzov bu yaxınlarda Gürcüstanda səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun muzeyə baş çəkdiyini xatırladıb. Şura sədrinin sözlərinə görə, Tbilisi meriyası muzeyin yerləşdiyi binanın fasadının möhkəmləndirilməsi üzrə işlər aparmalıdır: “Bundan sonra muzeyin daxili hissəsinin vəziyyətini ekspertlər qiymətləndirməlidirlər. Ekspertiza rəyi olandan sonra təmir-bərpa işlərinin smetası tutulacaq”.

Muzeyin bərpa olunması istiqamətində həyata keçiriləcək tədbirlərin tarixləri isə hələ məlum deyil. Belə ki, muzeyin heç bir qeydiyyat sənədi yoxdur və bu da işlərin həyata keçirilməsini ləngidir. Binada ev-muzeyin yerləşdiyi mərtəbədə yaşayan ailənin başqa yerə köçürülməsi ilə bağlı vaxtilə müəyyən danışıqlar aparılsa da, heç bir nəticə əldə olunmayıb.

Gürcüstan paytaxtında qədim binaların bərpası ilə Tbilisi meriyası nəzdində fəaliyyət göstərən Tbilisi İnkişaf Fondu məşğul olur. Qurumun rəsmi internet səhifəsində builki gələcək layihələr siyahısında Besiki 24 küçəsində yerləşən binanın təmir-bərpası yer almayıb.

Ev-muzeyin yerləşdiyi bina əsaslı şəkildə təcili bərpa olunmasa, Mirzə Cəlilin Tbilisidəki izi yox olacaq.Vaxtilə ümummilli lider Heydər Əliyev böyük ədibin fəaliyyətinə ən yüksək qiyməti verib. “... Əgər Сəlil Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəаliууətini göstərməsəydi, əgər “Molla Nəsrəddin” jurnalı yatmış insanları qaranlıqdan çıxarmağa çalışmasaydı, əgər onun “Ölülər” əsəri insanların gözünü real dünyaya açmasaydı, xalqımız bu qədər inkişaf edə bilməzdi”.

Azərbaycan xalqının inkişafında və ictimai fikrinin formalaşmasında misilsiz rol oynamış Cəlil Məmmədquluzadənin Tbilisidə yaşayıb-yaratdığı ocağın böyük ədib və yazıçının 150 illiyində bərpa olunması onun xatirəsinə verilə biləcək ən böyük ehtiram və hörmət göstəricisi ola bilər.


Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyi: bina uçub dağılır, eksponatlar yoxa çıxıb




Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyi: bina uçub dağılır, eksponatlar yoxa çıxıb
24-04-2019, 20:15
Вернуться назад