DataLife Engine / KOR OLAN SEVGİ ÜÇÜN MEDİTASİYA

KOR OLAN SEVGİ ÜÇÜN MEDİTASİYA







İGİD TEYMURLU





MƏTBUATIMIZIN AŞAĞILIQ SEVGİSİ



Azərbaycan mətbuatındakı bütün BÜTLƏR sındırılmalıdır - kişiliyindən, qadınlığından asılı olmayaraq. Çünki o BÜTLƏR zatən bir kötük! Bütlük onların maraq xatirinə oynayan və oynadılan qiymətləri, kötüklüksə onların layiq olduqları və qoyulduqları yer - AŞAĞILIQ...

NƏ ACI HƏQİQƏT Kİ, bugünkü mətbuat 3-5 nəfər bütləşdirilən kötüyün monopoliyasında onları oynadan və onları yaşadanların sayəsində dizin-dizin süründürülməkdədir!!!

Deyəlim ki, mən bilmirəm, öyləsə siz deyin: "obyektivliyi" mətbu sferaya pırtdayıb çıxdığı kanalizasiya lükündən gələn iy qədərində olan, hər daim hakimi-mütləqlərin qulbeçəsi rolunda çıxış edən, antitəbliğat yoluyla guya ki, "qarşı olduğu"na əslində öz MİRinin naxışlarıyla at və it sədaqəti göstərən, dünən söyərək cəmiyyəti çaşdırmaqla bu gün söydüyünün onun üçün hazırladığı yalaqdan təamlar dadan saqqallı-saqqalsız personayların, vaxtilə bir xəbəri eşitmək üçün nişan üzüyünü hərraca çıxaran, indisə arzulamadığı həmin kəslərin hərracında beli qırmızı lentlə bağlanmasından zövq alan badamgözlülərin mətbuatımıza gətirdikləri yenilik axı nədən ibarət olub?

Bu gün "Xəbərçi"lik əslində sözlə çilingağacı oynayanların əlində çilik-çilik olub. Söz oyununda alt qatla üst qat bir-birinə qarışıb. Mətbu əxlaqlarıyla alt qata qədər enib üfunətə bulaşanlar indi mətbuatımızın üst qatının "seçmənlər"i sayılır. Mahiyyətindən asılı omayaraq gündə 20 informasiya ilə ADAM YOLA SALMAQ yaşamağın tələbatı qismində mənəvi zorlanmanın əsasını təşkil edir. Və bu əsas hər il "mətbuatın ildönümü"ndə apaydın şəkildə bütün çılpaqlığıyla nümayiş etdirilir. Napaleonun oyuncaqları qismində "jurnalistlər"ə verilən ev, orden və medalların fonunda mətbuatımızın bu gününə nəzər yetirəndə sual olunur: axı nəyin müqabilində?

Çapılmaqdan MƏTBU ATın əməlli başlı əhdi kəsilib. Öldürülən mətbuatın xərabələri üzərində ucaldılan "jurnalist binaları"ndan boylananların tam əksəriyyətinin sümükləri gələcəkdə dar ağacından asılacaq - mənəvi zorlanmaya nizamicəfəovlarsayağı "dabro" verdiklərinə görə...

Bu gün Sözün Cəng Meydanında qılınc qurşanan yoxdur, zurna balaban çalanlar var - verilən əmrlərə, verilən sifarişlərə zurna balaban çalanlar və çaldıqlarının qarşılığında kölgədə özünü günə verənlər.

Hər gün də bu dəstə çoxalmaqda!..

Eyni xəbərlərin "kopirovka" yoluyla tirajlanması nə zamandan "mətbuatın inkişafı" olub?!

Qəzet dili "publisistik dil"dir, hanı sizin publisistikanız?

Cəmiyyətimiz özü böyda məngənənin çəngində inləməkdədir - hanı Sizin bu problemlərin araşdırılması, bu problemlərin həlli istiqamətində KİV-in üzərinə düşən vəzifəsini yerinə yetirmə çabalarınız?!

Mətbuat özü bir hakimiyyətdir, nəzarət mexanizmidir. Amma sizlər bütün hakimiyyətlər zamanında mətbuatı yürüdülən siyasətin quyruğuna bağlayıb nəzarət funksiyanızı məhz öz mənfəətləriniz naminə qurban verdiniz. Əvəzində qazanan siz, itirən mətbuat oldu...


"Maarifləndirmə"nin mahiyyətini ölkə mətbuatının "birinciləri" şəhadət barmağına oxunan mədhiyyədə, qozbel MEDİÇİLƏRə qədərindən qat-qat artıq sevə-sevə oxuduqları serenadalarda görürlər. Mətbu fahişəliyə ənlik kirşan çəkilib göz qamaşdırılaraq bakirəliyin simvolu kimi cəmiyyətə təqdim edilir. Adətimiz, ənənəmiz, kimliyimizə ayna tutan gələnəklərimiz arxa plana keçirilir, zamanın çaxçaxında unutdurulur. Artıq cəmiyyətin bütün sferasına o "birincilik" eşqi sirayət edib. "Birinci" olmaq istəyən digər sahənin yönətənləri mətbu "birincilər"in bığının altından keçirilir. Mətbutda qəzetçilik prinsipləri deyil, yaşamaq üçün bazar qaydaları lokomotivlik edir. Mətbuatımızda "reytinq xatirinə birinci olmaq" üçün fahişələr əxlaqdan, quldurlar insanlıqdan, oğrular doğruluqdan dərs deyir cəmiyyətə - təki para olsun, təki mən "salim olum". Beləcə sındırılan bu güzgü qırıntılarında "birincilər"in "eybəcər simaları"na NAPALEONUN OYUNCAQLARI QİSMİNDƏ VERİLƏN ORDEN, MEDALLAR, EVLƏR ayrıca format verir. Qarın psixologiyası həm Mətbu Atı yallama çapanlar, həm də çapılanların tapınaq yerinə çevrilib.

Televiziya, radio, çap mətbuatı, ya da saytlar olsun - fərq etməz. Məhz bugünkü yurnalistikanın tam əksəriyyətinin "birinciləri"nin sayəsində Azərbaycan mənəviyyatı para hesabına zor - la - nıb - dır!!!

Məhz bugünkü yurnalistikanın tam əksəriyyətinin "birinciləri"nin sayəsində eybəcər cəmiyyət kodeksi, yaltaqlıq, məddahlıq, yalan danışmaq, oğurluq, çoxüzlülük sevgili məmləkətimizdə arzu olunan yaşam tərzimizə çevrilib!!!.

Məhz bugünkü yurnalistikanın tam əksəriyyətinin "birinciləri"nin sayəsində mətbu şəbəkələşmə özünün pik nöqtəsinə çatıb!!!

Məhz bugünkü yurnalistikanın tam əksəriyyətinin "birinciləri"nin sayəsində heç bir potensialı olmayan papanın gül balaları hansısa "şedevr yaratdılar", hansısa nominasiyada qos-qoca yazarları qatdalayıb ciblərinə qoydular!!!

Və bununla da yalan bizi ayaqladı, ayaqlar altında qaldıq, bizi ayaqlayan yalanların qurbanına çevrildik. Boynu qırmızı xaltalı quzular özünü "4-cü hakimiyyət"ə siğə edən mətbuat saysalar da, əslində MƏTBU AT olaraq minilməkdən, beləcə sürülməkdən həzz almadadılar!!!

Bu gün həmin Mətbu Atı minib çapanlar əslində mətbu "birincilər"in tam əksəriyyətinin özlərini hara istəyirlərsə yallama sürürlər. KİV-ə Dəstək Fondu da bunların yem dağarcığıdır. Belələrini demokratiya adlı örüşə buraxmaq da lazım deyil, çünki belələrinin vaxtı vaxtında arpasını, suyunu ver, min, çap - həmin köşəni demokratiyanın beşiyi sanacaqlar!

Azərbaycan yurnalistikasının tam əksəriyyətinin "birincilər"inə elə gəlir ki, bunlar hətta zamanın özünə belə hiyləgərlik donu biçiblər. Fərqində də deyillər ki, məhz onların adı üstündə olan yalları və quyruqları kəsilən bu Mətbu At əslində cəmiyyətə heç bir başucalığı gətirmir, əksinə cəmiyyətimizdəki bütün mənəvi dəyərlər sistemini darmadağın edir, onların ləyaqətlərinin sübutu kimi tarixə düşürlər. Deşilən çuvaldan və yerə tökülən dənlərdən bunların xəbərləri yox! Və dərd orasındadır ki, deşilən çuval da, yerə tökülən dənlər də cəmiyyət olaraq bizimdir!!!

Deyilənlər bugünkü reallığın çox cüzi bir hissəsidir. Tanrı millətimizi Bütlərə tapınma aşağılığından hifz eləsın! Kahr olsun Bütlük xatirinə özünü bazara çıxaranların aşağılıq sevgisi! Özünüzü və mədh etdiklərinizi cəmiyyətə büt kimi sırımağa hacət yox, çünki sizlərin yonulmamışdan öncə kötüklüyünüzü görmüşük və bilirik. Kor olan sevginizin meditasiya yoluyla təmizlənməsi üçün etdiklərinizə deyil, eləmədiklərinizə, görə bilmədiklərinizə sahib çıxın. Bu da sizlər üçün mənəvi təmizlənmə texnikasıdır...
3-08-2025, 12:27
Вернуться назад