Binədə, ''türmənin arxası" deyilən ərazidə nə baş verir?
Bir müddət öncə “Binədə dövlətlə xalqı üz-üzə qoyan kimlərdir? - ŞİKAYƏT” başlığı altında gedən yazıda yerli sakinlərin su problemindən əziyyət çəkdikləri və buna müqabil aidiyyatı instansiyaların yarıtmaz fəaliyyətindən söz açılmışdı.
Binə qəsəbəsi, “türmənin arxası” deyilən ərazidə yaşayan sakinlərin bildirdiklərinə görə bütün növ mədəni məişət obyektlərindən məhrum olan bu əraziyə son aylarda suyun verilişi demək olar ki, tam bərbad vəziyyətdədir: “Əvvəllər bizə su tam normal şəkildə gəlirdi. Sonradan hər ay vaxtı az-az qısaltmaqla gündəlik su tələbatımızn ödənilməsi təmin edilmədi. İndi ümumiyyətlə biabırçılıqdır. Bilmirik zülümlə qazandığımız əmək haqqımızı çörəyimizə, digər ehtiyaclarımıza ödəyək, yoxsa su ilə kanalizasiya xidmətinə. Dəfələrlə problemlə bağlı Xəzər rayon sukanal idarəsinə şikayət edib dərdimizi bildirsək də, hələ ki, ortalıqda bir nəticə yoxdur. Saytınız vasitəsilə də problemimizin dəfələrlə işıqlandırılmasında bizə yardımçı olduğunuza görə Sizə də təşəkkür edirik. Amma yenə də nəticə yoxdur. Axı biz dərdimizi kimə deyək. Bu məmurlar dövlət başçısının yerlərdəki nümayəndələri deyilmi? Axı cənab Prezident hər zaman deyib ki, mən xalqın bir nömrəli xidmətçisiyəm. Amma Xəzər rayon Sukanal İdarəsinin praktiki fəaliyyəti deyilənlərlə tamamilə ziddiyyət təşkil edir”...
Sakinlərin şikayətini nəzərə alaraq biz özümüz də həmin əraziyə baş çəkdik, deyilənlərin tam şahidi olduq. Adam bir az utanc hissi də keçirir ki, paytaxt Bakıda ilin, günün bu vaxtında sakinlər uzaq Afrikadakı qəbilə sakinləri kimi əllərində butulkalarda ordan-burdan su daşıyırlar. Doğrudan da, maraq doğuran bir məqam var. Axı cənab Prezident Bakı və Bakıətrafı rayonların sosial-iqtisadi inkişafı ilə bağlı dəfələrlə Dövlət Proqramı imzalayıb. Şübhəsiz ki, bu Proqram çərçivəsində Xəzər rayonu sakinlərinin də güzəranının yaxşılaşdırılması nəzərdə tutulub. Amma faktsa əhalinin su təminatı çərçivəsində tam olaraq bunun tərsini deyir.
Məsələyə aydınlıq gətirmək üçün Xəzər rayon sukanal idarəsilə əlaqə saxladıq. Bir neçə telefon nömrəsinə dəfələrlə müraciət etdikdən sonra nəhayət zəngimiz cavablandırıldı. Çox mülayim və mədəni bir tərzdə problemlə bağlı suallarımızı cavablandıran Xəzər rayon sukanal idarəsinin Müraciətlərin qəbulu və işin təşkili şöbəsinin rəisi BİLAL ABDULLAYEV aşağıdakıları söylədi: “Mərkəzi xətdən daxil olan suyun təzyiqindən yaranan problem bu narazılıqların kökündə dayanır. Tənzimləmə ilə bağlı gücümüz nəyə çatırsa , onu edirik. Ancaq buna baxmayaraq yenə də problem var. Hətta bina evlərində 3-cü mərtəbədən yuxarıya suyun qalxmamasıyla bağlı şikayətlər gəldi. İnanın ki, problemin aradan qaldırılması üçün idarənin rəisi başda olmaqla hər birimiz səfərbər olmuşuq”.
Yeri gəlmişkən, sukanal idarəsinin rəsmisi də elə sakinlərin özü kimi təzyiqin aşağı olmasından gileyləndi. Onun fikrincə, məhz təzyiqin aşağı olması problem yaradıb: “Sözün düzü biz heç belə problemlə qarşılaşmamışdıq. Hansısa sahədə problem olurdusa müəyyən intervallarla bunu tənzimləyə bilirdik. Bu il nədənsə problem daha böyük bir format aldı. Suyun istifadəsinə olan tələbatın artmasından, ya nədəndirsə, bu hal problematik vəziyyət yaradıb. Bütün problemlərlə bağlı məlumatlar rəhbərliyin nəzarəti altındadır”.
“Təzyiqi artırmaqla problemi həll etmək mümkündürmü?” sualımıza Bilal müəllim “bəli” deyə cavab verdi: “Sadəcə olaraq təzyiqin artırılması bizdən asılı deyil. Bu, birbaşa agentliyin məsələsidir. Amma yenə deyim, hazırda sudan istifadədə kütləvi artım müşahidə edilir. Bura havaların isti keçməsini də əlavə stimul kimi qeyd etmək olar”.
Elə isə sakinlərin məsələnin həlliylə bağlı birbaşa agentliyə müraciət etmə variantına aydınlıq gətirən idarə rəsmisi “biz də elə agentliyin bir qoluyuq” deyir: “Tədbirlər görülür. Sizin dediyiniz türmənin arxası Əliağa Vahid küçəsində suyun verilişində yaranan problemlərdə belə demək mümkünsə, sakinlərin də günahları az deyil. Mən 15 ildən artıqdır ki, bu idarədə müxtəlif vəzifələrdə işləmişəm. Sakinlərin çoxuyla birbaşa təmasda olmuşam. Görürsən sakinlər yığışıb 32-lik xətlə 5-6 nəfər öz hesablarına su çəkirlər. Biz də onu sayğacla təmin edirik. Sonradan bu xəttə 10-15 nəfər də qoşulur. Təbii ki, belə olan halda problem yaranacaq. Belə olan halda problemin ortaya çıxacağıyla bağlı həmin sakinlərə öz iradlarımı bildirsəm də, ancaq sonucda bəlli olur ki, həmin xəttə 5 deyil, 15 adam qoşulub. Bu mənada problemin yaranmasında həm də sakinlər özləri də məsuliyyət daşıyırlar”.
Haqqında danışılan ərazinin mərkəzləşdirilmiş şəbəkə sistemiylə təmin olunmamasını da idarə rəsmisi birbaşa agentliyin özüylə bağladı: “bu, birbaşa agentlik tərəfindən həll edilən məsələdir. Məsələn, biz heç bilmirdik, Bolluq deyilən əraziyə mərkəzləşdirilmiş şəbəkə sisteminin yönləndirilməsi də buna bir sübutdur”.
Mövcud vəziyyətdə xətdə “təzyiqin 3.8 ” olmamasını da Bilal Abdullayev sudan istifadənin artımında görür: “Bizim Xəzər rayonu ərazi baxımından sonuncu rayon olduğu üçün bu da gələn təzyiqin aşağı düşməsində müəyyən rol oynayır. Baxmayaraq ki, agentlik də bu istiqamətdə fəaliyyətini davam etdirir, ancaq Bakı şəhərində sürətlə məskunlaşma yenə də müəyyən problemlər yaradır”.
Ortalıqda olan problemin həllinin bu və ya digər formada birbaşa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) asılı olduğunun nəzərə alaraq adı çəkilən quruma müraciət etdik. Müraciətimizin rəsmi qaydada cavablandırılacağını bildirən “mətbuat xidmətinin əməkdaşı” kimi təqdim edilən Ruhəngiz xanımın diqqətinə Xəzər rayon Sukanal İdarəsinin rəsmisinin fikirləri əsasında ortaya çıxan aşağıdakı sualları çatdırdıq: 1. Binə qəsəbəsi, “türmənin arxası” deyilən əraziyə su verilişində təzyiqin aşağı olmasının tənzimlənməsi həm də birbaşa agentliyin nəzarətindədirsə, onda nədən bu problem aradan qaldırılmır? 2. Həmin ərazinin mərkəzləşdirilmiş su şəbəkəsi sistemiylə təmin edilməməsi nə ilə bağlıdır?
Ruhəngiz xanım sualların araşdırılaraq cavablandırılacağını bildirsə də, qısaca olaraq məsələyə münasibəti belə oldu: “günü gündən məskunlaşma çoxaldığından problemlər də belə demək mümkünsə, günbəgün çoxalır. Bu suallara daha detallı şəkildə bizim Sizə təqdim edəcəyimiz cavabda mütəxəssislərimiz aydınlıq gətirəcək”...
Ümid edirik ki, aidiyyatı insatansiyalar tərəfindən problem tez bir zamanda aradan qaldırılacaq və dövlət başçımızın sosial-iqtisadi inkişafla bağlı imzaladığı sərəncamlardan irəli gələn vəzifələr layiqincə yerinə yetiriləcək.
Mövzunu diqqətdə saxlayacağıq.
İgid Teymurlu