DataLife Engine / BİZ 713 SAYLI TABORU YAŞADAN SEVGİNİN QURBANLARIYIQ

BİZ 713 SAYLI TABORU YAŞADAN SEVGİNİN QURBANLARIYIQ



QURTULUŞUMUZUN QİBLƏSİ – ŞƏHİDLİYİMİZ





Şəhidlər Xiyabanı millətimizin Haqq Səsinin, Qurtuluşunun Məkkəsi və qibləsidirsə, onda bu millət hansı Üzlə, hansı Sozlə, hansı Əməllə bu Müqəddəs Məkana ziyarətə yollanır?!...

2020-ci ildəki 44 günlük müharibəyə qədər bax bu sual qarşısında qəddimiz də elə sual işarəsi formasına düşmüşdi. Şükürlər olsun ki, RƏŞADƏTLİ ordumuzun Zəfər Yürüşü qismən də olsa, qəddimizi düzəltdi, az da olsa silkələnib Özümüzə qayıtdıq...

Bu zamana qədər sanki içdiyimiz andlar unudulmuş, Sözümüz də öz Qüdrətindən endirilmişdi. Dünən qanımızı tökmək üçün rusları Bakıya dəvət edənlər bu gün o faciələrin ideoloqu olan Primakovlara esse yazdırıb həmin gecənin vəhşətlərini millətə unutdurur, sanki rus və erməni hərbi birləşmələrinin törətdiyi Umudlu, Qaradağlı, Ballıqaya, Xocalı soyqırımı, işğal olunmuş rayonlarımızda zülmün ərşə bülənd edildiyini olmayıbmış kimi qəbul edir, rusa da, erməniyə də sevgi ruhu aşılamağa çalışırdılar. Sanki bu torpaq uğrunda 30 minə yaxın QURD ürəkli Oğlanlar canlarını fəda etməyibmişlər kimi davranırdılar...

Bax bu baxımdan ötən zaman kəsiyindən ta 2020-ci ilədək Şəhidlərin Əməllərini tapdalayaraq Onları ziyarət etmək Allahını yeyən məmləkət əhlinin davranışına bənzəyirdi...

Məmləkət Əhlinin bu davranışı və buna müqabil Şəhid Baxışlarının Diktəsi nələri söyləyirdi o zaman, İlahi?..
Ayrı-ayrı fərdlər üçün bir sitəmə çevrilən 20 Yanvar tarixini yüksək pafosla Millətin Doğum Günü adlandırırdıq, ancaq buna müqabil əməllərimizsə "nə oldu, bəs hanı o "doğulan millət"?" deyə, hər kəsi haqqın DİVANINA çəkirdi...

Fikirləşirdin ki, axı hansı üzlə ŞƏHİDLƏR XİYABANINA gedəsən ki, üstündən bunca illər ötsə belə hələ də biz televizor qarşısında oturub Qarabağ üzərində haray çəkən Kəsik Qolların, Kəsik Qıçların Nigaran Baxışlarını seyr edəcəyik!?...

Fərd olaraq mən də ŞƏHİDLƏR XİYABANINA GETMƏYƏ utanırdım. Çünki o Xiyabanda uyuyan 20 YANVAR ŞƏHİDİ tələbə yoldaşım AZƏR NƏSİBOĞLU var idi və var...

Çünki o Xiyabanda uyuyan 1992-ci il Qarabağ uğrunda Savaşın birinci fazasında könüllülərdən ibarət olan 713 saylı taborda komandirim olmuş mayor SÜLEYMAN ƏHMƏDOV var idi və var...

Çünki o Xiyabanda 1992-ci ildə Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə canlarını bu Yurdun azadlığı uğrunda fəda edən, şəxsi heyətinin tərkibinə daxil olduğum 713 saylı tabordan olan qan qardaşlarım, can qardaşlarım, səngər yoldaşlarım var idi və var...

Utanırdım Onlardan, Onların Baxışlarından doğan suallardan utanırdım. Və bu utancaqlıq fonunda bu günün özünə qədər hələ də Müdafiə Nazirliyi tərəfindən tapdalanan 713 saylı taborun haqları da yadımdan çıxırdı...

O Nigaran Ruhlar qarşısında özümü unutqan, günahkar bəndə olaraq hiss edirdim...

Çünki itirilmiş yurd yelərimizin fonunda dərdlərimiz və problemlərimiz qartımaqda, anbaan Özümüzdən uzaqlaşmaqda idik...

Amma o uzaqlıqdan Bizi Özümüzə qaytaran keçmiş döyüşçülərin də timsalında xalqımızın dözümü, sabaha inamı, dövlətlə xalqın vəhdəti, gələcəyə hesablanmış siyasi kombinasiyaların dürüstlüyü və heç şübhəsiz ki, yurd uğrunda heç nəyə baxmadan ortaya qoyduğumuz Şəhidliyimiz var idi və var – hər zaman Canlı Şəhidlərimiz!


Təsadüfi deyil ki, 2020-ci ildə Ali Baş Komandanın Çağırışına ilk səs verənlərdən birincisi 713 saylı taborun keçmiş döyüşçüləri oldu – Canlı Şəhidlər və Şahidlər. Laçın rayon hərbi komissarlığı da buna şahidlik edə bilər. O gün 28 il haqqı tapdalansa da, 28 il hüquqları pozulsa da, 713 saylı tabor yenə də müsəlləh əsgər olaraq kəsilmiş qıçıyla, kəsilmiş qoluyla, parçalanmış ciyəri, parçalanmış böyrəyi, fəaliyyəti zəifləmiş ürəyilə, malıyla, mülküylə “ordumuzun yanındayıq” dedi.
Və...və bunun adı VƏTƏN SEVGİSİ idi.
Bax onda adi veteran vəsiqəsini bu KİŞİLƏRə çox görənlər bunu anlamadılar və anlamazlar da. Çünki belələri ancaq və ancaq mənfəət peşində, çünki belələri 1992-ci ildə olduğu kimi yenə də kol dibində idilər...
1988-ci ildən üzü bu yanakı dözümümüzün, iradəmizin, mücadiləmizin sonucu olan 44 günlük Vətən Savaşı Bizi Özümüzə qaytardı!

1990-cı il 20 Yanvar tarixində o Qanlı Gecənin Bətnindən Şəhidlərimizin timsalında Uca Millətimiz təzədən doğulmuşdusa, apardığımlz Vətən Savaşıımızın son 44 günlük Zəfər Yürüşündə də biz sağımızda, solumuzda gah quyruq bulayan, gah da hürüşən İtlərə fikir vermədik, Özümüzə güvənib ayaqda durmağı bacardıq!

Həm o Qanlı Gecədə olan, həm də Qarabağ savaşındakı ŞƏHİDLƏRİMİZ ayrı-ayrı Fərdlərin Faciəsı olsa da, ancaq bütövlükdə həmin ŞƏHİDLİYİMİZ Millətin Doğum Günüdür, millətimizin Özünü təsdiq etməsidir..

Bu mənada 713 saylı taborun döyüşçülərinin bugünədək tapdalanan haqları fonunda bizi doğulduğumuza görə peşiman etmək istəyənlər o Gecənin vəhşətini, o Gecənin dəhşətini, o Gecənin bizlərə əmanət qoyub getdikləri Vətən Sevgisini və bütövlükdə torpaq uğrunda aparılan savaşın mahiyyətini anlamazlar! O SAVAŞDAKI ŞƏHİDLƏRİN uyuduqları məkan bizim Qurtuluşumuzun qibləsidir! Haqqımızı tapdalayanlar o qiblənin səmtini belə duyamazlar...

Nə yazıq ki, hələ də bizə Qurtuluşumuzun qibləsini unutdurmağa çalışanlar var. Nə qədər ki, keçmiş döyüşçülərə olan münasibət dəyişməyib, nə qədər ki, keçmiş döyüşçülərin haqqı verilməyib, demək ki, bizə qibləmizin səmtini unutdurmaq istəyənlər hələ də at belindədirlər. Yüngül silahlarla erməni və rus hərbi birləşmələrinə qarşı aylarla mücadilə etmiş, zəfər qazanmış, Azərbaycanın yerdə qalan 80 faiz torpağını bu qaniçənlərdən qorumuş bir əsgəri hansısa “çıxış əmrinin olmaması ” bəhanəsilə Dövlət babanın ona sahib çıxmaması faktıyla üz-üzə qoymanın adı nədir?
Lap tutalım adam günahkardır?
Bəs sən ondan silahı təhvil alanda hansı adla evə buraxmısan?
Bəs sən bunca illər ərzində “çıxış əmrinin olmaması” faktıyla nədən bu adam haqqında cinayət işi açmamısan?
Necə olur ki, həmin “şıxış əmri olmayan” belə adamlara bir zamanlar “veteran” kii tanınaraq ev, torpaq, maşın verilir (hanı bə deyirsiniz ki, qanunda geriyə yol yoxdur), amma sən Müdafiə Nazirliyi bütün bunları görməzdən gəlirsən?..

Yambızları isti kresloda ləngər vuranlar veteran vəsiqələrinin verilməsiylə bağlı indiyədək ən azından 2-3 formatda şərtlər irəli sürdülər. Gah 3 gün söhbəti oldu, gah məhkəmələrdə 2-3 şahid söhbəti oldu, gah MN-nin göndərdiyi məktub oldu...
Əzizlərim, bütün bunlar parlamentin, aidiyyatı instansiyaların, özəlliklə Müdafiə Nazirliyinin dövlətə nifrət formalaşdırmasını stimullaşdıran hallardan başqa bir şey deyil. Bütün Şəhidlər Xiyabanı 1992-1993-cü illərdə Şəhid olan qardaş və bacıların mübarək Cisimlərilə doludur, amma Səfər Əbiyev deyirdi ki, “1994-cü ilə qədər Qarabağda bir dənə də olsun səngər qazılmayıb”. Çünki onun başı burada torpaq alverinə qarışmışdı, döyüşən ordudan məmmədrəfilərin, səfərlərin xəbəri olmayıb. Di gəl ki, səfərlər “veteran”, səngərdə düşmənlə üz-üzə dayanıb, bit-birə içində olsalar da Vətənin müdafisəini özünə şərəf sananlarsa heç kim. Qarabağ müharibəsinin birinci fazasının ən şanlı və ən qanlı səhifəsi 1992-ci il olub. O illərdə könüllü olaraq döyüşə qatılanın vəsiqəsi yox, amma 94, 95, 96-cı illərdə atəşkəs dövründə hərbi xidmətdə olanlar veteranlardır. Bunlar hansı döyüşdə oldular, hansı səngərdən düşmən ovladılar axı?...
Siyasətin hər üzü var. Siyasətin məkrli üzü bizə Güney Azərbaycan itkisini, Dərbənd itkisini, Borçalı itkisini, İRƏVAN itkisini, Qarabağ itkisini "bəxş" etmişdi. Dədə-baba yurdlarımız rusların, farsların, ermənilərin, gürcülərin tapdağında qalmışdı və Böyük Azərbaycan kontekstində tam əksəriyyəti indi də qalmaqdadı. Siyasətin məkrli üzü bizə 1990-cı ildə 20 Yanvar qətliamını "bəxş" etmişdi. Düşmən siyasətinin məkrli üzü bizi 20 faiz torpağımızın işğal edilməsi faktıyla üz-üzə qoymuşdu...

Ordu ilə xalqın birliyi, vətəndaş həmrəyliyimiz, qətiyyətli və prinsipial siyasətdə ordu-xalq-hakimiyyət üçbucağında Ali Baş Komandanın iradəsilə böyük mənada haqqın bərpasına nail olduq. İtirdiyimiz yurd yerlərimiz düşmən tapdağından azad edildi və son 500 illik tariximizdə bu, bir ilk idi –itirdiyimiz torpağı düşməndən geri aldıq. Bu mənada cənab İlham Əliyev son 500 illik tariximizin lideridir.
Keçmişimizə daş ataraq 713 saylı taborun timsalında keçmiş döyüşçülərin haqqını tanımayanlar, haqqını verməyənlər, keçmişimizi unutdurmağa çalışanlar əslində 500 illik tariximizin Liderinin yürütdüyü siyasətə qarşı çıxanlar, gələcəyimizi topa tutanlar, Birliyimizi, Bütövlüyümüzü sarsıtmağa çalışanlardır. Mayor Süleyman Əhmədovun timsalında bir tabor komandiri, Mehdi Rüstəmovun timsalında bu taborun qərargah rəisinin müavini, güləş üzrə 2 dəfə Azərbaycan çempionu Vaqif Quliyevin timsalında bir bölük komandiri və onlarla Şəhidi olan, zamanında Hoçaz dağı kimi strateji bir yüksəkliyi ələ keçirməklə Laçın koridoruna nəzarəti təmin edən bir taborun döyüş yolunu görməzdən gəlmək, Onların heç birinin xidmətlərinin bu və ya digər şəkildə qiymətləndirilməməsi Dövlət Babanın öz vətəndaşına, öz əsgərinə olan laqeyd münasibətinin göstəricisidir. Ki, bunu da başda Müdafiə Nazirliyi olmaqla aidiyyatı instansiyalar formalaşdırırlar.

AMMA VƏ LAKİN...

Haqqımız tapdalansa da, haqqımız verilməsə də biz AZƏRBAYCANI A-Z-Ə-R-B-A-Y-C-A-N kimi görmək istəyən parçalayan, dağıdan qüvvələrə şans verməyəcəyik. Təki Vətən sağ olsun!
20 Yanvardan üzü bu yana tapdalanan, tanınmayan Haqqımızı Qarabağ Savaşımızın son 44 günlük və antiterror əməliyyatında Zəfər Yürüşüylə sonuclandırsaq da, nə yazıq ki, millətimizə, dövlətimizə o zəfəri yaşadan Şəhidlərimiz, haqları tanınmayan keçmiş döyüşçülərimiz məmur yarıtmazlığı ucbatından unudulmaqda. O haqların bərpa edilməməsi üçün saysız-hesabsız sədlər çəkilməkdə.
BELƏ YARITMAZ FƏALİYYƏTƏ “DUR!” DEYİLMƏSİ ÜÇÜN YALNIZ VƏ YALNIZ SİZİN “DƏMİR YUMRUĞUNUZ”A EHTİYAC VAR, CƏNAB ALİ BAŞ KOMANDAN!
BAX ONDA HƏR KƏS YERİNİ BİLƏCƏK, HƏR KƏSƏ ÖZ HAQQI VERİLƏCƏK!..
O illərin qəhrəmanlarının çoxunun yaşı 60-ı, 70-i haqlamış, çoxu da bax həmin yarıtmaz məmurların səhvi ucbatından “Vətən bizə sahib çıxmadı” deyə-deyə bu dünyadan köçmüş. 1992-ci ildə ordunu formalaşdıran könüllü döyüşçüləri 2025-ci ilin sərt qanunlarıyla ittiham etmək axı hansı məntiqlə düzgündür!?
Keçmiş döyüşçülər, o cümlədən 713 saylı taborun könüllüləri o zaman Vətənin harayına səs vermişdilər, hansısa vəsiqə sevgisiylə ayağa qalxmamışdılar. Ancaq sonradan bürokratiyanın dayəliyilə ayağa qalxıb vəsiqə əldə edənlərin sayəsində Vətən harayına səs verənlərin xidmətləri heçə endirildi.
1992-ci ildə ordunu könüllülər formalaşdırırdı və könüllülərlə bağlı onda hansı qanunlar mövcud idisə, bax o qanunlar çərçivəsində də onların tapdalanan haqlarına qiymət verilməlidir. Və günün birində veriləcək də.
Bu gün 713 saylı tabor başda olmaqla keçmiş döyüşçülər bir növ “Yalama batalyonu”nun taleyini yaşamaqda. Zamanında bu batalyon da döyüşdü, canlarını fəda etdilər. Amma bizlər onlardan xəbər tuta bilmədik. Üstündən 80 ildən artıq bir vaxt keçəndən sonra Arif Əliyevin sayəsində bu qəhrəman batalyonun döyüş yolundan xəbər tutduq – o qəhrəmanlıq səlnaməsini bizə unutdurduqlarına görə çoxuna lənət, o döyüşçülərəsə rəhmət oxuduq.
Geostrateji məkanda hegemon güclərin qurduğu oyunlardan zəfərlə çıxmaq üçün bütün bilik və bacarığını ortaya qoyan Ali Baş Komandanın bu kateqoriyadan olan problemlərn çözülməsi vaxtını sərf etməsi bölgədə marağı olan qüvvələrə şans verir. Və o şansı yaradanlarsa başda Müdafiə Nazirliyi olmaqla aidiyyatı instansiyalardır. İnanırıq ki, general olsanız da, günün birində buraxdığınız yanlışlara görə “dəmir yumruq” başınıza enəcək, müşavirə otağında deyil, qapı arxasında dayanacaqsınız. Görünür, keçmiş döyüşçülərlə bağlı haqqın yerini tapması üçün hər şeyin zamana ehtiyacı var. Onda şübhəsiz ki, Qarabağ Savaşının son 44 günlük mərhələsində olduğu kimi yenə də günün birində dövlət başçımızın siyasi iradəsi dövlətin vətəndaşına sahib çıxma formulasını ortaya qoyacaq, Şəhid mayor Süleyman Əhmədovun komandanlıq etdiyi 713 saylı taborun şəxsi heyətinin timsalında keçmiş döyüşçülərin haqqını tapdalayanları "iti qovan kimi"qovacaq.
Biz bu yolda Müdafiə Nazirliyindən nəsə gözləmirik. Bizim gözləntimiz Ali Baş Komandan və parlamentdəndir!

Keçmiş döyüşçü olaraq biz öz Qibləmizə üz tutub Sevgimizə sahib çıxmışıq – uğrunda can qoyduğumuz yurd yerlərimiz azaddır. Haqqımız tapdalansa belə Bizi yaşadan da bax o Sevgidir - Vətən Sevgisi. Şəhidlərimizin uğrunda can qoyduqları Sevgi.. Biz də 713 SAYLI TABORUN CANLI ŞƏHİDLƏR i olaraq o Sevginin Qurbanlarıyıq....
28-08-2025, 20:36
Вернуться назад