DataLife Engine / ŞƏHİDLİYİMİZƏ, QAZİLİYİMİZƏ BAXIŞ

ŞƏHİDLİYİMİZƏ, QAZİLİYİMİZƏ BAXIŞ


İGİD TEYMURLU



BÜTÖV AZƏRBAYCAN NAMİNƏ HEÇ KİMİ UNUTMAYAQ, UNUTDURMAYAQ!






İDEALLARIMIZa qovuşduqca MİLLƏT olaraq böyüyür, Dövlət olaraq güclənirik.
Azərbaycana bu BÖYÜKLÜYÜ, Azərbaycana bu GÜCÜ bəxş edən müqəddəs yurd yerlərimiz uğrunda gedən Savaşda Şəhid olmuş bacı və qardaşlarımızın Ruhları qarşısında baş əyir, Qazilərimizə Uca Tanrıdan can sağlığı diləyirəm!

Əslində bu ZƏFƏR YOLU GEDƏCƏYİMİZ uzun, incə yolun başlanğıcıdır. Çünki hələ də Bizi səsləyən yurd yerlərimiz var, Zəngəzur son nöqtəmiz deyil! Yolumuz "QIZIL ALMA"yadır. O XOŞ GƏLƏCƏYİN NAMİNƏ HEÇ NƏYİ VƏ HEÇ KİMİ UNUTMAYAQ, UNUTDURMAYAQ!..

Azərbaycan bir dövlət olaraq bütün zamanlarda qonşularla xoş münasibətdən yana olub. Amma tarixi kontekstdə xronoloji ardıcıllığa nəzər yetirəndə şahidi oluruq ki, Azərbaycanın belə sülhpərvər və humanist mövqeyi heç də qədərində qiymətləndirilməyib, əksinə məmləkətimizə işğalçı hiyləsiylə yağlı tikə gözüylə baxmaq, bunu siyasi ideoloji xəttə çevirmək istəyənlər də olub. Və elə bunun bariz nümunəsi olaraq ötən 20- ci əsrdə deportasiyalara, soyqırımlara, torpaq itkisinə məruz qalmışıq.
Konkret olaraq, haylar rus çarizmi tərəfindən Cənubi Qafqazda təbəəliyə götürülən gündən ta bu günədək biz Zəfərini qutladığımız və qutlayacağımız savaşın içindəyik. Ermənilərin iddiaları artdıqca, iştahları böyüdükcə bizə də kutsal əmanətləri qorumaq yolundakı Şəhidliyimiz sahib çıxıb, BİZi yox olmaqdan hifz edib. Babalarımızın öygüləri, Dilək Duaları nəsildən nəsilə ötürülüb, yurdumuzun azadlığı uğrunda bütün zamanlarda Difai Fədailərimiz yetişib, mücadilə aparıblar, yurdu yaşatmaq üçün can veriblər, Şəhid olublar, Qazi olublar. 2020-ci ildəki 44 GÜNLÜK müharibədə uğur qazanmağımızın təməli o zamandan qoyulub - gah hərbi, gah da siyasi müstəvidə.

Bu mənada qəhrəmanlıq savaşımızı zaman kontekstində hansısa mərhələyə ayırmaq ( "birinci, ikinci") və nə qədər acınacaqlı olsa da, bir qisim insanlar tərəfindən Şəhidliyimizin, Qaziliyimizin elə həmin zaman çərçivəsinə salınaraq siyasi rituallar fonunda qiymətləndirilməsi kökündən yanlış və qorxuncdur.

Belə yanaşma birbaşa VƏTƏNDAŞIN DÖVLƏTİNƏ OLAN İNAMINI, GÜVƏNCİNİ ÖLDÜRÜR!

Biz bir millət olaraq əsla buna yol verməməliyik!

Və paralel olaraq DÖVLƏT BABANIN VƏTƏNDAŞINA, ƏSGƏRİNƏ SAHİB ÇIXMASININ NÜMUNƏSİ ortaya qoyulmalıdır. Əlhəmdülillah, bu istiqamətdə çabalar da edilir.

AMMA VƏ LAKİN...nə yazıq ki, bu gün dövlətlə vətəndaş arasında uçurum yaratmaq istəyən qüvvələrin yarıtmaz fəaliyyətləri ucbatından bizlər məmləkətimizdə ÖZÜ DƏ ƏLİL OLAN BİR ŞƏHİD ATASININ "YAŞAMAQ LAZIMDIR, AMMA NƏTƏRİ!?" fəryadını da eşidirik!!!

Nə yazıq ki, üstündən illər ötsə belə hələ də “birinci Qarabağ müharibəsi” kimi təqdim edilən Vətən Savaşımızda canını bu yurd uğrunda fəda edən Qazilərimizə olan münasibət demək olar ki, dəyişməyib. O dövrdə döyüşən OĞLANLARIN 70-80 faizinin adi veteran vəsiqəsilə təmin edilməməsi ilk baxışdaca dövlətin öz döyüşçüsünə sahib çıxmaması faktı kimi qiymətləndirilsə belə ancaq o illərin qəhrəmanları yenə də “Vətənə canım fəda!” deyib durmaqdadılar.

Baxın, belə paralellərin aparılmasıı nə qədər qüsurlu olsa belə bu gün savaş tariximizi hələ də mərhələlərə bölənlərə bir faktı demək məcburiyyətindəyəm. 28 ildir ki, elə Şəhidimiz SÜLEYMAN ƏHMƏDOVUN komandirlik etdiyi 713 saylı taborun timsalında keçmiş döyüşçülərin tam əksəriyyətinin haqqı tapdalanmaqda, hüquqları tanınmamaqdadır. 33 Şəhid verib bu tabor 1992-ci ildə, tabor komandiri Süleyman Əhmədov, qərargah rəisinin müavini Mehdi Rüstəmov, 2-ci bölüyün komandiri, güləş üzrə 2 dəfə Azərbaycan çempionu olmuş Vaqif Quliyev, onlarla döyüşçü Şəhid olmuş və bu gün də Onların Mübarək Bədənləri, Ruhları Şəhidlər Xiyabanında uyumaqda. Onlarla yaralısı var bu taborun. Kim mənə bir fakt göstərə bilər ki, o döyüşçülər buna görə intihara əl atıb, yaxud dövlətin ünvanına yanlış fikirlər söyləyib. Əksinə, həmin Oğlanlar öz övladlarına dövlət tərbiyəsini “Vətəni sevmək imandandır!” formatında təlqin ediblər ki, bunun da əyani sübutunu biz 44 günlük savaşda gördük. Ötən 28 il ərzində hər zaman “torpaqlarımızın azadlığı ancaq və ancaq müharibə yoluyla həll oluna bilər” deyən 713 saylı taborun döyüşçüləri Ali Baş Komandanın çağırışına ilk səs verənlərdən oldu. Hamılıqla Laçın rayon hərbi komissarlığında qeydiyyata düşüb aktiv döyüş zonasına göndərilmələrini tələb etdilər. Komissarlıq “gərəkərsə, sizlərə müraciət ediləcək” – deyə, son sözünü bildirdi. Bununla sakitlik tapmayan 713 saylı taborun Canfədailər Ordusu hamı kimi mallarıyla, mülkləriylə ordumuzun yanında oldular, övladları Vətən Savaşında atalarının getdikləri yolu layiqincə davam etdirib yurdu azad etdilər. Amma bütün bunlara baxmayaraq hələ də başda Müdafiə Nazirliyi olmaq şərtilə keçmiş döyüşçülərin hüquqlarının bərpası istiqamətində aidiyyatı instansiyalar əsaslı addım atmırlar. Heç kimin xətrinə dəyməsin, bu oğlanlar heç zaman ictimai yerlərdə “qaziyəm, veteranam” – deyə, sinə də qabartmadılar. Heç bir güzəşt, imtiyaz üçün də sosial sferada arzuolunmaz addımlar da atmadılar..

NƏ ŞƏHİDİNƏ, NƏ QAZİSİNƏ, NƏ DÖYÜŞÇÜSÜNƏ HEÇ BİR AD, ORDEN, MEDAL VERİLMƏDİ, DÖYÜŞÇÜLƏRİNİN TAM ƏKSƏRİYYƏTİNİN VETERAN VƏSİQƏSİ YOX BELƏ! ƏVƏZİNDƏSƏ QAZANCLARI YENƏ DƏ ÖVLADLARINA AŞILADIQLARI VƏTƏN SEVGİSİ OLDU VƏ AZAD EDİLMİŞ TORPAQLARIMIZ.

Və..və beləcə ömürlərini yaşamaqdadılar. Allah məkanlarını Cənnət eləsin, bir çoxu artıq bu dünyayla da vidalaşıb. Onların Haqqı Onların Haqqını tapdalayanların boynundadır, o cümlədən, müdafiə naziri cənab Zakir Həsənovun.

Həmin dünyasını dəyişən keçmiş döyüşçülərin də çoxu elə Zakir Həsənov kimi Rusiyada işləyib ailəsinə çörək qazanırdı. Ancaq Vətənin fəryadını eşidəndə hər şeyi gözardına alıb məmləkətə döndülər, Zakir Həsənovlar isə yox.

Paradoksallığa baxın: bu gün Vətənin harayına səs verənlərə bircə veteran vəsiqəsi verilmədən bu dünyadan köçür, ancaq öz mənfəətini düşünərək Vətənin harayına o zaman səs verməyən Zakirhəsənovların döşünü orden, medallar bəzəyir...Hələ mən məmmədrəfilərdən, səfərəbiyevlərdən danışmıram...

Şair demişkən, “üzündə bir sağ yer varsa; dünyanın tfu üzünə!”..

Keçmiş döyüşçülərin haqlarının bərpası istiqamətində 1992-ci il qanunlarını ayaqlar altına atıb 2025-ci il reallıqlarıyla diktə etmək nə dərəcədə düzgündür, deyə bilmərəm. 1992-ci ildə ordu var idi ki, indi Zakir Həsənov komandası və şəhadət barmağının əsirinə çevrilən məhkəmələr hansısa tərxisin əmrinin olmamasından da danışır?! Bu gün aktiv döyüş bölgəsinə gedib bir saat fanaqrama ilə oxuyan MUZIKANTA Zakir Həsənov çetesi müharibə iştirakçısı deyir, amma 1992-ci ildə aylarla sinəsini düşmən gülləsinə sipər edən oğlanlara veteran vəsiqəsi verilmir. HANSI Kİ, HƏMİN OĞLANLAR AZƏRBAYCANIN 80 FAİZ TORPAĞINI ERMƏNİ İŞĞALINDAN QORUYUB. HƏMİN OĞLANLAR OLMASAYDI, HEÇ BİLİRSİNİZMİ İŞĞALIN HƏCMİ NƏ BOYDA OLACAQDI?..

Acı reallıqları düşündükcə adamın tükləri ürpəşir, sel olan göz yaşlarını saxlaya bilmirsən!!!

Başqa bir paradoksallıq: vaxtilə 1 təpənin alınma xəbərini eşidib sevincdən göz yaşı axıdan bizlər indi Zəfər Bayramını qutlayarkən Şəhid atasının "NƏTƏRİ YAŞAYIM!?" fəryadından göz yaşı axıdırıq!!!

Dövlət Baba anındaca o fəryadı eşitməli, anındaca keçmiş döyüşçülərin problemini həll etməlidir. Ki, yetişən nəsil bu döyüşçülərə olan münasibətə baxıb yurd sevgilərini öz qəlblərində basdırmasınlar...

Uca Tanrı bu Yolda millətimizə yar olsun!
Bizi İDEALLARIMIZa qovuşduracaq Millətimiz, Dövlətimiz var olsun!

YAŞASIN TURAN BİRLİYİ!

SƏNƏ ZƏFƏR YARAŞIR, AZƏRBAYCAN!
1-09-2025, 20:23
Вернуться назад