
XASIYEV MAHMUDUN 713-ə gəlişi Ağdərədən başladı. Rəhmətlik Mahmud taborumuzun 2-ci bölüyünün komandiri olmuş Vaqif Quliyevi dəfn edib qayıdan əsgərlərlə birlikdə gəlmişdi.
Yaxşı xatırlayıram.
Mahmud hündürboy, qıvrımsaç, gülərüz bir oğlan idi. Həmin vaxt mən də taborumuzun birinci bölüyündən olan qardaşlara bir yerdə idim. Bölüyünün komandiri Rəhman İsgəndərov idi.
Mən rəhmətlik Mahmuda yaxınlaşıb tanış oldum. Əlində Xalq Cəbhəsinin qəzeti var idi. Oxumaq üçün ondan qəzeti istədim, dərhal qəzeti mənə verdi. Bir az baxandan sonra haradan gəldiyini, adını soruşdum. Özü barədə ətraflı danışdı. Məlum oldu ki, Gürcüstanda yaşayan soydaşlarımızdandı, oradan gəldiyini dedi.
Sonra daha ətraflı şəkildə bir-birimzlə danışdıq...
Həmin dönəmdə Gürcüstanda da vəziyyət qarışıq idi. Gürcülər iki istiqamətdə - həm Abxazyada, həm də Osetiyada müharibə aparırdılar.
Rəhmətlik MAHMUD danışırdı ki, onun yaşadığı kəndə gürcü polisi gəlir. Polislər bütün kənd cavanları kimi Mahmuda da gedib Abxaziya, Osetiya cəbhəsində döyüşməyi, getməyəcəyi təqdirdə isə ölkəni tərk etməli olcağını deyirlər.
Və bununla bağlı fikirləşmək ücün Mahmuda da 3 gün vaxt verirlər: "Ya Abxaziya, Osetiya cəbhəsində döyüşmək, ya da ölkəni tərk etmək!"...
Özünün dediyinə görə evdə həyat yoldaşıyla məsləhətləşən Mahmud Qarabağ uğrunda gedən döyüşlərə qatılmağı daha məqbul variant olaraq qəbul edir.
Mahmud gürcü polislər 3 ğündən sonra qayıdıb gələndə onlara "mən Qarabağ uğrunda gedən savaşa qatılıb erməni separatçılaına qarşı döyüşəcəm" deyir.
Bunun qarşılığında da gürcü polislər ona dərhal maşın gətirib, yır-yığış edib, ölkəni tərk etməyi bildirirlər.
Və beləcə rəhmətlik MAHMUD Azərbaycana köcür...
Söhbət əsnasında Mahmud həyat yoldaşının da çox vətənpərvər olduğunu deyirdi. Mahmud bununla bağlı br epizodu da mənə danışmışdı:
"Bir ğün Agdərə döyüşlərilə bağlı televiziyada reportaj gedəndə, həyat yoldaşım mənə dedi ki, sən axı Qarabağa döyüşməyə gəlmişdin?
Mən də bu sözü gözləyirmiş kimi, evdən çıxıb yüngül bazarlıq edib qayıtdım. Yoldaşım "Mahmud, bu nə bazarlıqdır" - deyə, sual etdi. "Qarabaga gedirəm, siz bunları yeyib qurtarana qədər mən Qarabagı alıb gələcəm, dedim"...
Mahmud həqiqətən də o qədər cəsarətli, vətənpərvər , qəhrəman bir qardaş idi ki, inanın əgər bu müharibəni bir saata sona catdırmağı bacarsaydı, mütləq edərdi...
Hoçaz dagında bizim postdan yuxarıdakı, rəhmətlik Mahmudgilin postu idi. Bütün döyüşlərdən sonra həmişə enib yanımıza gələrdi. Rəhmətlik siyasi söhbətlərə həddindən artıq yer ayırırdı...
Son döyüşün gərginliyi hər şeyi bizə unutdurmuşdu. Həmin gün nə Mahmud bizi axtardı, nə də biz Mahmudu.
Səhərisi günü Mahmudgilin səngərinə yollandım. Qarşıma Şahin çıxdı. Şahin Mingəçevir batalyonunun onlara verilmiş əsgərlərdən idi.
Hal-əhval tutduq. Mahmudu soruşdum. Şahin kövrəldi. Mahmudun yaralandığını, aparılarkən yolda şəhid olduğunu dedi...
Bu xəbər hər birimizi olduqca məyus etdi...
Allah vətən şəhidlərinə, o cümlədən, torpaqlarımızın azadlığı uğrunda Şəhidlik Zirvəsinə ucalan qardaşımız Mahmud Xasiyevə də rəhmət eləsin!
Ruhu şad, məkanı cənnət olsun!

ALMƏMMƏDOV FÜZULİ
Keçmiç 713 saylı taborun döyüşçüsü