Təqdim edilən rəqəmlərin üzə çıxardığı statistik ziddiyyətlər, yoxsa..?
Bakı və Sumqayıt şəhərlərinin su təchizatıyla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi təqdim etdiyi məlumatlara diqqət yetirəndə bəzi maraqlı və qaranlıq nüanslar üzə çıxır.
ADSEA vurğulayır ki, “Bakı və Sumqayıt şəhərlərində 1.277.010 abonent var”.
Olsun deyək və paralellərin fonunda bir hesablama aparaq.
Rəsmi statistikaya görə Bakıda 2.336.000 (köçkün və tələbələrlə birlikdə 3.500.000), Sumqayıtda isə 347.800 nəfər yaşayır”.
Nəzərə alsaq ki, bir ailədən abonent bir nəfər olur və orta statistikaya istinad etsək bir ailədə 5 nəfər yaşayır, onda aşağıdakı rəqəmlər alınır.
Belə olanda Bakıda 467.200, Sumqayıtda isə 69560 abonent olur. Bunun da cəmi edir 536.760 abonent.
Onda sual olunur: əcəba, bəs ADSEA-nın təqdim etdiyi 1.277.010 abonent, daha doğrusu, yerdə qalan 740.250 “abonent” haradan çıxdı. Nəzərə alsaq ki, sayğacın biri indi bilmirəm, 10 il bundan öncə 160 manata quraşdırılırdı, bunu da manata çevirəndə eləyir 118.440.000.
İndi də orta hesabla bu 740.250 abonentin ayda 20 manatdan olan su sərfiyyatını götürsək bu da 14.805.000 manat pul edir...
Təqdim olunan bu rəqəmlər heç də ADSEA-ya qarşı hansısa iddialar deyil. Sadəcə olaraq rəsmi statistikanın və ADSEA-nın təqdim etdiyi məlumatlar fonunda belə təzadlar üzə çıxır.
Əhalinin su ilə təminatı məsələsində ADSEA-nın fəaliyyəti demək olar ki, çox yarıtmaz bir haldadır. Bununla bağlı ayrı-ayrı vaxtlarda ölkə mətbuatında şikayət xarakterli məlumatlar verilsə də, maraqlıdır ki, aidiyyatı instansiya hansısa səbəblər ucbatından əhalinin narazılığını görməzdən gəlib. Şübhəsiz ki, belə yanaşma dolayı yolla dövlətlə vətəndaş arasında uçurum yaratmaqdan başqa bir şey deyil. Və elə yuxarıda da vurğuladığımız əsas qaranlıq nüanslardan biri və elə birincisi budur.
Çünki dövlət başçısı cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vrğulayıb ki, “hər bir məmur dövlətin xidmətçisidir və xalqın bir nömrəli xidmətçisi elə mən özüməm. Yerlərdəki məmurlar da mənim nümayəndələrimdir”. Cənab Prezident bütün bunları öz xidmətiylə təsdiq etsə də, ancaq çox təəssüflər olsun ki, ADSEA direktoru Zaur Mikayılov və Xəzər rayon Sukanal İdarəsinin rəisi David Quliyevin əməlləri heç də deyilənlərlə uzlaşmır.
Öncə onu vurğulayım ki, Bakı və Bakıətrafı kəndlərin abadlaşdırılması üçün bir neçə dəfə sosial-iqtisadi inkişaf Planı qəbul edilsə də, nədənsə bu planın səsi sorağı Xəzər rayonunda eşidilməyib. Binə qəsəbəsi, türmənin arxası deyilən ərazidə hansısa sosial inkişafdan danışsan adamı topa tutarlar. Bu ərazidə əhali sayı çox olsa da, heç bir məktəb, heç bir bağça, heç bir park, uşaqlar üçün heç bir futbol meydançası və digər kateqoriyadan olan əhəmiyyət kəsb edən məkan yoxdur. Bu, ayrı bir mövzunun söhbəti olduğu üçün hələlik buna toxunmuruq...
Əhalinin su ilə təminatı bu ərazidə heç kimi düşündürmür, özəlliklə David Quliyevlə Zaur Mikayılovu. Ərazinin yaxınlığından mərkəzləşdirilmiş su şəbəkəsi sistemi keçsə də əhalinin tam əksəriyyəti su üzünə həsrət qalıb. Bir qisim əhali isə David Quliyev və onun sələfləri ilə hansısa sövdələşmələrə gedərək kişik diametrli borularla həmin şəbəkəyə qoşulublar. Apardığımız müşahidələr də göstərir ki, hətta bu adamların çoxunda heç su sayğacı ya yoxdur, ya da çəkilən həmin xətlərə əlavə qoşulmalar günbəgün artmadadır. Bununla bağlı idarə rəsmilərinə məlumat verilsə də, Xəzər rayon Sukanal İdarəsi əlavə axınları müəyyənləşdirmək və tədbir görmək istiqmətində heç bir iş görməyib.
2025-ci ilin aprel ayından etibarən 22 avqusta qədər haqqında danışılan əraziyə su verilməyib. Səbəb kimi hansısa ”təmir işi göstərilib”.
22 avqust tarixindən 23 sentyabr tarixinə qədər su səhər axşam olmaq şərtilə tam qaydasında və normasında gəlib.
23 sentyabr tarixindən 16 oktyabr tarixində qədər su verilməyib. ADSEA rəsmilərinə müraciət ediləndən sonra 16 oktyabrdan 23 oktyabara qədər su qaydasında verilib.
23 oktyabrdan 30 oktyabra qədər su verilməyib.
30 oktyabrda səhər axşam 500 litr su verilib.
31 oktyabrdan yenə də su yoxdur...
Su yoxdursa hamı üçün olmasın. Axı bu, necə olur ki, Bakının digər ərazilərinə bütün sutkanı su gəlir, başqa bir yerinə səhər axşam mütəmadi olaraq gəlir, Binə qəsəbəsi, türmənin arxası deyilən əraziyə isə aylarla su gəlmir!!!
Əvəzindəsə yaxınlıqdan keçən mərkəzləşdirilmiş su şəbəkəsindən maşınlarla su daşınır və 1 tonu 7 manatdan əhaliyə satılır..
Bütün bununla bağlı həm ADSEA-nın qaynar xəttinə və Xəzər rayon Sukanal İdarəsinə (rəis David Quliyev, baş mühəndis Emil müəllim, işin təşkili şöbəsi Bilal Abdullayev), həm ADSEA rəsmilərinə hər gün məlumat verilib, kömək istənilib. Və bu kəslərin diqqətinə çatdırılıb ki, problem onların vurğuladığı kimi “ərazinin uzaqlığı”nda deyil, problem suyun mütəmadi olaraq verilməməsi və suyun verilişində təzyiqin aşağı olmasındadır. Bax ikinci əsas qaranlıq məsələ də burasındadır.
Nədən, axı nədən süni şəkildə vətəndaşda dövlətə qarşı nifrət formalaşdırır bu adamlar? Amacları nədir?
Tv713.az