İGİD TEYMURLU
VƏ SƏRGİLƏNƏN ZƏRƏRLİ MƏRHƏMƏT
Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransın moderatoru, vitse-spiker Rafael Hüseynov Azərbaycan dilinin normaları ilə bağlı müzakirələrdə çıxış üçün tədbirə dəvət olunan sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlının sözünü kəsib.
Sabir bəy son sözünü demək istəsə də, vitse-spiker buna imkan verməyib.
Xalq şairimizin buna münasibəti belə olub: "Bizi buraya dəvət etmisinizsə, fikir bildirməyə imkan verməlisiniz. Mənə 3 dəqiqə vaxt verirsiniz, lakin siz hər çıxışdan sonra 5 dəqiqə izahat verirsiniz. Bu cür hörmətsizlik olmaz”.
Vətəndaş Həmrəyliyi Partiyası iclas keçirərək təşkilatın üzvü Rafael Hüseynova sədrə qarşı etdiyi hərəkətə görə töhmət elan edib.
Sabir Rüstəmxanlının həyat yoldaşı, Vətəndaş Həmrəyliyi Partiyasının Milli Məclisdəki digər deputatı Tənzilə Rüstəmxanlı da məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada deyib ki, "Rafael müəllimlə Sabir bəy iki dost, iki ziyalıdırlar. Uzun illərdir bir yerdə olublar, hər zaman bir-birlərinə sayğılı davranıblar...Rafael müəllim Sabir bəyin ədəbi yaradıcılığını, ədəbi fəaliyyətini, əsərlərini ən yaxşı oxuyub təhlil edənlərdən biridir”...
Deməli, belə. Yuxarıda deyilənləri qoyaq bir yerə. Sadəcə olaraq, dəyərli Tənzilə xanımın bax bu axırda dediyi söz var haaa, adamın lap cızdağını çıxarır. Mən bilmirəm, Rafael H. bəlkə məsələn, dünən Ramiz Mehdiyevi tərifləyən, bu gün tənqid edən İsa Həbibbəyli kimi akademiklərin yanında olan toplantılarda Rüstəmxanlının əsərlərini ola bilsin ki, tərifləyib. Ancaq toplum şüuruna yönələn geniş sferada mən bunun şahidi olmamışam...
MARAQLIDIR: Axı bu Rafael H-nın nazıyla nə çox oynayırsınız siz VHP Syasi Şura üzvləri? Ola bilsin ki, siyasətin görünməyən tərəfinə söykənib bu kateqoriyadan olanlara mərhəmət göstərməklə başda Tənzilə xanım olmaqla VHP-nin digər zati -aliləri bununla hansısa gücü nəzarətdə saxladıqlarını düşünürlər. Ancaq bunun sosial tərəfində suallar yığnağında həm də sanki seçici bir yanaşma görünməkdədir ki, bunu sıradan bir üzv etsəydi görən nə olardı? Və bu sualın fonunda görünən bu ki, insanlar ictimai nərdivanla üzüyuxarı qalxanda çox vaxt daha çox “öz dairələrinə” qarşı mərhəmətli olurlar. Demirəm belədir, ancaq elə Rafael H-ya olan mərhəmətdə də bu, görünməkdə — onun "gücü"nü nəzarətdə saxlamaq. Və həm də görünən budur ki, Rafael H-lar da zaman-zaman belə mərhəmət hislərindən açıq olduğu üçün belə demək mümkünsə, sui-istifadə ediblər, Rüstəmxanlının imkanlarından qədərindən də artıq yararlanıblar. Aşağılarsa "qaldı bizə boş çuvalı kartofun" deməklə yenə də həmrəylik nümayiş etdirməkdə...
Hə, bu arada məsələn, fərd olaraq dəyərli Tənzilə xanımdan soruşmaq istəyirəm:
1. VHP-nin təşkilatlanmasında YAP-çıdan çox YAP-çı kimi davranan, VHP-çiliyi zərrə qədər olsa belə hiss olunmayan Rafael H-nın ( bax o məlum məclisdə Rafael H. Sabir bəyə imkan versəydi, mən də o Kişinin izahatından dilimizin yazılış qaydasının incəliklərini öyrənərdim və burada "Rafael H." yazmağın doğru-dürüst olub-olmamağını da öyrənərdim, tak şto, günah Rafael H-dadır) rolu nədən ibarətdir və bununla bağlı hansı arqumentləri ortaya qoya bilərsiniz?
2. Tarixilik baxımından VHP ideyalarının cəmiyyətdə oturuşması istiqamətində Rüstəmxanlının rolu konusunda Rafael H-nın hansısa addımlarını ardıcıllıqla sadalaya bilərsinizmi?
3. Atdığınız addımın, verdiyiniz açıqlamanın mahiyyəti kontekstində sıravi VHP-çiləri Sizin kimi qoyuram gözardına, öz təbirinizcə desəm, ""Rüstəmxanlının ən yaxın dostu" olan Hüseynovun Sabir bəyə yönəli mətbu hücumlar zamanı Rafael H-nın hansı müdafiə xarakterli çıxışını mənə təqdim edə bilərsiniz? Hələ mən söyüş və qarğış janrında Rüstəmxanlının mətbuatda (elə bu və ya digər formatda pərvazlandırdığınız mətbu nəşrlər və mətbu "generallar" da bura daxil) topa tutulması zamanı Rafael H-ların və başqalarının gerçəklərə, reallığa söykənən hansısa çıxışlarını göstərə bilərsinizmi? Edilən bir-iki çıxış da həmin söyüş və qarğışların janrına uyğun deyil, daha çox özlərini "yandırmamaq"la vəziyyətdən çıxış xarakteri daşıyıb, Rüstəmxanlını müdafiə üçün yox.
4. Musa Quliyev Urud adlı birisi siyasi və ədəbi əxlaqdan uzaq davranaraq Sabir Rüstəmxanlını "bir-iki cızma qara yazan" kimi cəmiyyətə təqdim edəndə nə əcəb Sizin təbirinizcə desəm, "Rüstəmxanlının əsərlərinin hamısını oxuyub onu ən gözəl şəkildə təhlil edən" həmkarınız Rafael H. cıqqırını belə çıxarmadı? Halbuki, Rüstəmxanlı bu millətin "Ömür kitabı"nı yazmışdı. Rafael H. bəyəm bu millətdən deyil? Yazardı da Rafael H. adlı "akademik" Musa Urudun yeddi sifətindən və cəmiyyət də görərdi ki, həə, bax bu Musa sadəcə olaraq ona uzadılan qurudun peşindədir, haqqın yox....
5. Ta bu günün özünədək Sabir Rüstəmxanlı siyasi və ictimai sferada ən çox haqqı tapdalanan, ən çox haqqında yanlışlar söylənilən tarixi şəxsiyyətlərdən biri olub və biridir. Tənzilə xanım, nə əcəb Sizin akademikiniz, Sizin həmkarınız, Sizin partiyadaşınız, Sizin silahdaşınız bir dəfə də olsun son dövr tariximizin BİR PARÇASI OLAN RÜSTƏMXANLI FENOMENİ haqqında mətbu cangüdənlik etməyib?..
Eynullafətullayevlər kimi Bulqakovun it ürəkliləri Rüstəmxanlıya münasibətdə öz gidişən yerlərini əlləri ilə deyil, ayaqlarıyla qaşıyanda nədən bu Rafael H-lar (hələ mən Sizin Siyasi Şuranızda olanların tam əksəriyyətini deyirəm haaa) etibarlı limana çəkilib özlərini Rüstəmxanlının kölgəsində günə verir və Rüstəmxanlının özünün qulağı sırğalı gədələrə, badamgözlü məxluqatlara cavab verəcək səviyyəyə enməsinə baxırdılar?...
Və sair....və ilaxır....
Suallar çox, cavablar da beləcə təzadlar içində...
VƏ BİR DƏ SONDA: kənardan görünən mənzərəyə baxın - məlum olaydan narazı qalan aşağılar, yəni, sıravi VHP-çilərin Rafael H-nın davranışına qarşı qəzəbi, Siz yuxarı təbəqə, Sizin də təmsil olunduğunuz Siyasi Şuranın isə Rafael H-ya qarşı sərgilənən mərhəməti?!.
Rafael H-ya qarşı sərgilədiyiniz empatik açıqlama da, verilən töhmət də zərərli mərhəmətdən başqa bir şey deyildir. Riskləri artıran zərərli mərhəmət. Sizlər cəzaya layiq davranışı bağışlamaqla həm də ədalətsizliyi böyüdürsünüz - bilərəkdən, ya da bilmiyərəkdən...
RÜSTƏMXANLI BURADA SÖYLƏYİR DƏ:
"...MƏNDƏN SALAM SÖYLƏ, KİMƏ, HEÇ KİMƏ,
DAHA O YERLƏRDƏ KİMİM QALMAYIB..."
P.S: VHP-ni VHP edən beləcə qurban verdiyiniz aşağılardır, xanım Əfəndi. Qədrini bilmədiyiniz, düşüncələrinə qiymət vermədiklərinizdir - VHP-nin elektoratı. Və lütfən bunu, ayrıseçkilik kimi qiymətləndirməyin. Bu, faktın özüdür.
Bir az VHP-yə kənardan baxın: Rafael H-lar və Rafael H-ların belə kontekstdən olan münasibətlərinə seyirçi davranış nümayiş etdirənlər arasında sanki bir sövdələşmə var. Ki, ictimai nərdivanda sanki bu subyektlər bir-birini əvəzləyən, bir-birinin davamı olan pillələrdir. Lap cəmiyyətimizdəki "mövcud vəziyyət"imizə moderatorluq edən, VHP-nın sayəsində vitse spikerliyə qədər qalxan, Rafael H-nın da təmsil olunduğu Sahibə Qafarova deputatxanasında olduğu kimi... Sayğılarla