
BİRİNCİ YAZI
Düşmən məkrinin hiyləsinin qurbanı olanda hələ səkkiz yaşı var idi. O zaman
atası Rəhim kişi, anası Fatma xanım böyük sovetlər imperiyasını, onun dahi rəhbərini övladlarına sevə-sevə, dönə-dönə tərifləyərdilər...
Və günün birində Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın başı üstünü "deportasiya" adlı qara buludlar aldı. Yaşıdları kimi Süleymanı da da düşündürən, onu narahat edən bir sual var idi: əcəba, bəs nə oldu təriflənən sovetlər imperiyası? Axı nə oldu ki, birdən-birə bu elin, bu yurdun qədim-qaim insanlarını, bir anlığa öz yurd-yuvalarından didərgin salıb, sürğün etdilər?..
Süleyman Əhmədov böyüdükcə,
tarixi yaddaşımızı çözələdikcə anlayıb ki, harada rus- erməni faşizminin fikri əsas götürülüb, harada müsəlmanlara qarşı ikili standartlar mövcud olub, bax orada başqa cür düşünməyə də dəyməzmiş. Və bunu da anlayıb ki, ermənilərin türklərə qarşı nifrəti əsassız iddialara söykənməklə həm də intəhasız xarakter daşıyıb. Və bu, heç də birinci deportasiya və birinci qırğın deyil..
ŞÜLEYMAN ƏHMƏDOV 1940-cı ilin yanvar ayının 5 -də Qərbi Azərbaycanda Göyçə mahalının Ağzıbir kəndində gözlərini dünyaya açmışdı.
Ğöyçə gölünün sahilində yerləşən AGZIBİR kəndinin sakinləri müharibədən kecən səkkiz il ərzində qalib bir imperiyanın böyük ambisiyalarının təsirindən xoşhal olduqları gözəl günlərin birində yük vaqonlarına yığılaraq Azərbaycanın mərkəzi Aran ərazilərinə deportasiya ediləcəklərini ağıllarına belə gətirməzdilər.
Bəli, bu, artıq baş vermişdi.
RƏHİM kişinin ailəsinin Ağdaşın Xosrov kəndinə köçməsi ailənin fəlakəti demək idi.
Həyat üçün adi zəruri şəraitlərin olmaması, suyun, havanın, bir sözlə iqlimin uyğun gəlməməsi, ailədə olduqca çətin günlərin başladığından xəbər verirdi.
İki il Agdaşın Xosrov kəndində dözülməz şəraitdə yaşayan Rəhim kişinin ailəsi sonradan yeni yaranmaqda olan DAŞKƏSƏN rayonuna köçürlər. Nə qədər çətinliklərin olmasına baxmayaraq burada yaşamaq, bu yerlərin havasını udub, suyunu içmək qismən də olsa ailədə təskinlik yaradırdı.
Orta məktəbi Daşkəsən rayonunda bitirən Süleyman Əhmədov bir il filiz mədənlərində işləməyə qərar verir.
Onun həyatında əhəmiyyətli dönüş isə həqiqi hərbi xidmət illərində baş verir. Həquqi hərbi xidmətə yollanarkən anası Fatma xanımın elə bil ürəyinə dammışdı ki, Süleyman orada qalıb, ömrünü hərb peşəsinə bağlayacaq. Əsgəri xidmətdən sonra onu səbirsizliklə gözləyəcəklərini anası Fatma xanım Süleymana dəfələrlə tapşırmışdı...
Saratovda hərbi xidmətini başa vuran Süleyman Əhmədov elə oradaca ali hərbi məktəbə daxil olur. Bunun üçün Süleyman Əhmədov böyük qardaşı VƏLİ müəllimə məktub yazaraq gizli şəkildə ondan razılıq alır.
Beləcə, Saratovda ali hərbi məktəbi bitirən Süleyman Əhmədov iki il orada işlədikdən sonra Bakıya təyinat alır...
İKİNCİ YAZI
SÜLEYMAN ƏHMƏDOV harada olmasından, nə iş görməsindən asılı olmayaraq həmişə özünü narahat hiss edərmiş. Məsum uşaqlıq illərində yaşadıgı köçkünlük həyatı ömrünün hər anında onu qarabaqara izləmiş, könlünü ovunduracaq hansısa bir hadisə bu ağrını ona unutdura bilməmişdi.
"Axı bu deporatasiyanın gerçək səbəbləri nə idi, hansı məkrli niyyət bu mənfur planın arxasında dayanırdı?" sualının cavabını tapmağa çalışsa da, buna müvəffəq ola bilməmişdi.
Ancaq həyat davam edirsə, yaşamaq lazımdırsa, calışmağı, işləməyi də unutmamışdı Süleyman Əhmədov.
Əmək fəaliyyətinə ilk olaraq Daxili İşlər Nazirliyində başlayır - Qobustandan. Burada bir necə il işlədikdən sonra 1968 - ci ildə Ağdama, Şahbulaq kəndinə bölük komandiri kimi göndərilir. İşlədiyi müddətdə fəaliyyəti hər zaman yüksək qiymətləndirilib.
Çox keçmir ki, Süleyman Əhmədovun həyatında növbəti əlamətdar hadisə baş verir. Əhmədov 1970 - ci ildə ailə həyatı qurmaq qərarına gəlir. Və beləcə Süleyman Əhmədov ĞÜLÜSTAN xanımla ailə həyatı qurur...
BU evlilikdən onlarln üc ogul övladları olur.
Yeddi il Ağdamda işlədikdən sonra Süleyman Əhmədov Bakıya qayıdır.
Bakıda Köhnə Əhmədli və Qaradağda işləyir.
İşlədiyi müddətdə S.Əhmədov öz bilik və bacarığı, nizam - intizamı ilə həmişəki kimi yenə də hər kəsə bir örnək olur.
28 il xidməti fəaliyyətdən sonra pensiyaya çıxsa da, Bakı şəhəri, Nizami rayonunda hərbi müfəttiş kimi işləməyə qərar verir.
Ermənilər torpaqlarımıza qarşı ərazi iddiaları ilə silahlı münaqişəyə başlayanda S.Əhmədov özünə yer tapa bilmir, cəbhəyə yollanıb yağılara qarşı mübarizəyə qoşulmaq istəyir.
Bununla bağlı Süleyman Əhmədovun həyat yoldaşı GÜLÜSTAN xanımın söylədiklərindən:
"...Xocalı faciəsindən sonra Süleymanı tanımaq olmurdu. Sanki tam fərqli bir adam olmuşdu. Həlim xasiyyətli bu adamın gözlərindən düşmənə qarşı qəzəb yağırdı. Özünə heç cür rahatlıq tapa bilmirdi, təqaüddə olsa da, öz iş yoldaşlarına "buz bu gün hamılıqla dövlətimizin yanında olmalıyıq, nəyin bahasına olursa olsun yağı düşməni torpaqlarımızdan qoymalıyıq, hazırlaşın, gedək" - deyirdi...
ÜÇÜNCÜ YAZI
SÜLEYMAN ƏHMƏDOVUN ömrünün bu çagında silaha sarılıb, düşmənin üstünə getməsinin ən başlıca səbəblərindən biri hərbçi kimi peşəkar olmasıyla yanaşı düşmənin amansızlığı və görünməmiş vəhşiliyi olmuşdur.
XOCALI FACİƏSİNİN dəhşətləri ömrünün son anlarına qədər bir mübariz vətənpərvər zabit kimi onu rahat buraxmamışdı. Hətta ömür-gün yoldaşı Gülüstаn xanım ona: “Bu yoldan qayıt, artıq təqaüddəsən, əlavə işin də var, otur evində-eşiyində”, — desə də, həmişəki kimi eyni cavabı almışdır: “Sən getmə, mən getməyim, oturaq evimizdə, düşmən də gəlib çıxsın qapımıza? Olmaz! Mən dövlətimə bu gün vacib lazımam!”
Süleyman Əhmədov bununla kifayətlənməmiş, təqaüddə olan hərbçi tanışlarını da səfərbər olmağa, müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumağa çağırmışdı.
Vətən darda olanda TÜRKÜN bir şüarı olub: "düşmən üstümüzə gəlirsə, yaş 18-dir". Süleyman Əhmədov da bir türk övladı olaraq öz rahat, qayğısız həyatını birdən-birə məhz bu amal uğrunda mübarizəyə dəyişmişdir.
Ailədə üc ogul övladını ĞÜLÜSTAN xanıma tapşıran Süleyman Əhmədovun daha qayğılı və daha şərəfli günləri elə bundan sonra başlayır. Vətənin hər qarış torpağını qorumaq eşqiylə and içən Süleyman Əhmədovun bu inadı qarşısında nəhayətdə hərbi komissarlıq razılaşmaq məcburiyyətində qalır və beləcə Süleyman Əhmədov könüllü olaraq döyüş cəbhəsinə yollanır...
DÖRDÜNCÜ YAZI
SÜLEYMAN ƏHMƏDOV 701-saylı briqadada silah üzrə rəis təyin ediləndə bu təyinatla qəti olaraq razılaşmayıb, komandanlığa "mənim düşmənlə üzbəüz döyüşməyə gücüm, cəsarətim hələ ki, tükənməyib" - deyərək, bu təyinatdan imtina etmişdir..
Laçının şimal istiqamətində olan sonuncu kəndi QORCU da artıq tam yandırılmışdı. Müdafiəyə cavabdeh olan 811 saylı polk və Lacın polis taboru cənuba doğru QUBADLI istiqamətinə çəkildiyindən, düşmənin sərbəst hərəkəti üçün heç bir maneə qalmamışdı. Odur ki, ermənilər kiçik, qarətçi dəstələrdən ibarət qruplarla kəndləri yandıraraq irəlləyirdilər.
May ayının 25-i, ya da 26-sı olardı. Qorcu kəndinin başı üstündə olan Ağ duzlaq adlı hündür daglıq hissədən 100-150 nəfərdən ibarət bir qrup adamla alovlara qərq olan Laçının məşəqqətli günlərinə tamaşa edənlərdən biri də mən olmuşam.
Burada həmçinin Kəlbəcərdən olan hərbçilərdən ibarət kiçik bir qrup da var idi. Onlar müdafiə məqsədilə səngər qazır, düşmənin qabağını kəsmək üçün tədbirlər görürdülər.
Mən də daxil olmaqla orada qalıb bu ürəkdağlayan mənzərəni seyr edənlər üçün bir şey maraqlı idi: doğrudanmı hər yeri yandırıb külə döndərən erməni qüvvələrinin qarşısının alınması mümkün deyildi?!
Artıq Körçəbulaq kəndinə də od vurulmuşdu. Alovun dilimləri göylərə qalxırdı. Hər şeyə qadir olan Allahın da namərd düşmənin dəfələrlə etdiklərini unutduğumuz üçün sanki bizə rəhmi kəsilmişdi..
UNUTDUNSA, DEMƏK TƏKRAR YAŞAMALISAN!
Erməni talanları Qorçu kəndinə adlayanda, diqqətlə hərəkət edən hərbiləşdirilmiş qarətci, talançı dəstələrə baxmaq şansım oldu. Qabaqda niva maşın, BRDM, ZİL-131 -dən ibarət kiçik bir dəstə evlərə od vuraraq, sərbəst hərəkətdə idilər. Beləcə Laçın son kəndinə qədər alovlara qərq oldu. May ayının sonunda bütün Laçın od-alovun içində idi, rayon və rayonun kəndləri tamamilə yandırılmışdı.
Belə bir zamanda düşməni torpaqlarımızdan qovmaq üçün Az TV-də Vətənin müdafiəsinə könüllü olaraq səfərbər olmaq üçün belə bir elan getdi!...
BEŞİNCİ YAZI
BEŞİNCİ YAZI...
...İnsanın müsbət və mənfi keyfiyyətləri dar gündə tanınar. Bir sözlə elin dar günündə özünü əsirgəyən, yoxa çıxan insan sonradan hansı kosmetik donlara və oyunlara girsə belə özünü qətiyyən sübut edə biməz...
Nə qədər qəribə görünsə də, baş verən faciələrin özünə belə həmin kosmetik donlardan geyindirilir, işğal faktında cavabdeh şəxslər öz məsuliyyət hissindən boyun qaçırırdılar. Elə Laçının işğal faktında da belə görüntünün şahidi olduq. Laçının işğalı adama danışılmış, sövdələşmiş bir işğalı xatırladırdı. Elə bil Laçının son kəndinə qədər, düşmənə tələsmədən, arxayın, heç bir itki belə verməyərək, bu əraziləri yandırmaq, qarət etmək tapşırığı verilmişdi.
AMMA nəinki yerli sakinlər, eyni zamanda digər rayonlarda, paytaxt və mərkəzi şəhərlərdə yaşayan laçınlılar və respublikanın bütün əhalisi bu itki ilə qətiyyən barışmırdılar.
Müharibə çox igidlərin çiynindən cəsarət, hünər quşunu uçurtdu. Mən özüm yaşıma uyğun və yaşımdan yuxarı beli tapançalı, əli tüfəngli, gecəsi arxaclı, gündüzü toylu- mağarlı igidlər gördüm, amma iş əməli fəaliyyətə gələndə hamlsı yoxa çıxdı. Bu mənada S.ƏHMƏDOVUN 52 yaşında silaha sarılması, görünməmiş, təqdirəlayiq bir hadisə idi.
Laçının Mişni kəndindən olan, 713-saylı taborun birinci bölüyünün üçüncü taqımının komandiri ALIYEV CABBARIN söylədiklərindən:
"May ayının 21-i, 22-si olardı. Laçının işğaldan azad olunması üçün AZTV-də belə bir elan getdi ki, kim könüllü olaraq Laçının müdafiəsi üçün getmək istəyirsə, Bakı şəhəri, Bünyad Sərdarov küçəsində yerləşən, səfərbərliyi həyata keçirən qərargaha müraciət etsin. Bir zabit kimi bu elanı eşidəndə sevincimin həddi-,hüdudu olmadı. Səhərin açılmasını səbirsizliklə gözlədim. Sübh tezdən qərargaha yaxınlaşdım. Özümü təqdim etdim. Amma zabit olmağım deyəsən onların xoşuna gəlmədi. "Səni zabit kimi götürə bilmərik" - dedilər. Mən də cavabında dedim ki, eybi yox, sıravi əsgər kimi gedərəm.
Bu təklifimlə razılaşdılar.
Beləliklə, mən Laçının müdafiəsinə yazılan könüllü müdafiəçilərdən oldum.
Onu da qeyd edim ki, qərargahda işləri təşkil etmək əslən Lacından olan Alış və Ğəncəliyə həvalə olmuşdu"...
Laçını müdafiə etmək istəyən könüllülərin sayı hesabı yox idi. Bu, bütün əli silahlılar kimi məni də sevindirirdi. Nəhayət, bizi ÜÇTƏPƏYƏ təlim düşərgəsinə apardılar...
ALTINCI YAZI
...Artıq Bakıda, Bünyad Sərdarov küçəsində yerləşən Laçının işğaldan azad olunmasına səfərbərlik üçün nəzərdə tutulmuş qərargahda işlər öz qaydası ilə davam edirdi. Respublikanın bütün rayonlarından könüllü döyüşlərə qatılmaq istəyənlərin ardı- arası kəsilmirdi.
Bunu bizə açıqlamasında 713 saylı taborun döyüşçüsü olmuş CABBAR ALIYEV də təsdiqləyir: "...May ayının 23-ü, 24 -ü bizim 713 saylı taborun yeni təşkil olunmuş birinci bölüyünü Üçtəpəyə hərbi təlim düşərgəsinə apardılar. Silah təminatı olmadığı üçün döyüş öncəsi fiziki və hərbi hazırlığın həyata keçirilməsi üçün təlimlərə başladıq. Burada məni tağım komandiri təyin etdilər...
Beləcə Üçtəpədəki hərbi və fiziki hazırlıqdan sonra bizi Kəlbəcər istiqamətinə göndərməyi qərarlaşdırdılar. Sübh tezdən bizim bölüyün şəxsi heyətini o zamankı "Spartak" stadionuna gətirdilər. İlk düzülüşdə baş letenant RƏHMAN İSGƏNDƏROVU bizə bölük komandiri kimi təqdim etdilər.
İyun ayının 13 - də hərbi maşınlarla Kəlbəcər rayonunun Zülfüqarlı kəndinə gəldik.
Səhəri gün briqada komandanlığı bizə mayor SÜLEYMAN ƏHMƏDOVU tabor komandiri kimi təqdim etdi"...
Bir həftə Zülfüqarlı kəndində yerli şəraitdə təlim məşq keçəndən sonra taborumuz yüksək səviyyədə olmasa da silah sursatla təmin edildi. Və beləcə mayor Süleyman Əhmədovun komandanlığı altında 713 saylı tabor ilk tabor olaraq Laçının müdafiəsi üçün hərəkətə keçdi... (ardı var)

FÜZULİ ALMƏMMƏDOV
keçmiş 713 saylı Taborun döyüşçüsü