DataLife Engine / XAÇATURYAN MEXANİZMİ

XAÇATURYAN MEXANİZMİ






İGİD TEYMURLU





TƏQDİM OLUNAN VƏ QORUNAN ƏDALƏTƏ BAXIŞ



Bir neçə gün öncə Həkəri körpüsü üzərindən Ermənistana yola salınan Vaqif Xaçaturyan 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı törədilmiş qətliamla bağlı ittiham olunmuşdu. O, tutulanda da bu gün yola salındığı eyni nəzarət koridorunda saxlanılmışdı. Biz onda haqq, ədalət bərpa olundu demişdik...


Bakı Hərbi Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçmiş, 2023-cü ilin noyabrında isə Xaçaturyana 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdi. Sonrakı mərhələdə səhhəti ilə bağlı vəziyyətinə görə xəstəxanaya yerləşdirilməsi barədə məlumatlar mətbuatda yer almışdı.
Ermənistan tərəfi Vaqif Xaçaturyanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etsə də, AİHM erməni tərəfinin müvəqqəti tədbir tələblərini qəbul etməmiş və şikayətləri rədd etmişdi.

Bu gün sosial sferada dolaşan sual budur: Xaçaturyan haradadır və niyə oradadır?

Rəsmi məlumatlara görə, 2026-cı ilin əvvəlində Azərbaycan hakimiyyətinin qərarı ilə Vaqif Xaçaturyan da daxil olmaqla dörd erməni Ermənistana təhvil verilib. Onlar vurğuladığımız kimi Həkəri körpüsü vasitəsilə Ermənistan ərazisinə aparılıblar.

Bu fakt onu göstərir ki, Xaçaturyan Azərbaycan tərəfindən tutulub, məhkəmə hökmü ilə cəzalandırıldıqdan sonra razılaşdırılmış beynəlxalq və ya siyasi prosedurlar çərçivəsində Ermənistana köçürülüb.

Hökm almış şəxsin cəzasını gərəkirsə həm də öz ölkəsində çəkməsi beynəlxalq praktikanın tərkib hissəsidir. Xaçaturyanla bağlı tətbiq olunan mexanizm də bu kateqoriyaya aiddir. Bu da adətən ikitərəfli və ya çoxtərəfli razılaşmalar, humanitar səbəblər (yaş, səhhət), siyasi-diplomatik anlaşmalar çərçivəsində baş verir.

Lakin cəmiyyətin əsas narahatlığı da məhz bu nöqtədə yaranır: soyqırımda iştirakı ittiham olunan bir şəxsin transferi Azərbaycan cəmiyyətində hansı ədalət hissini formalaşdırır? Əgər beynəlxalq hüquq əsas götürülürsə, bəs nə üçün həmin beynəlxalq hüquq son 30 il ərzində Azərbaycanın haqq səsinə lazımi reaksiya vermədi?

O da məlumdur ki, Ermənistanın belə şəxsləri qəhrəmanlaşdırması ehtimalı cəmiyyət üçün ciddi psixoloji və mənəvi suallar doğura bilər. Cəzanın real icra olunmaması riski, ədalət hissinin zədələnməsi, hətta tam aşınması görüntüsü yarada bilər. Cəmiyyətin narahatlığı da məhz bu mərhələdə dərinləşir.

Belə olan halda sual qaçılmazdır: tarixin acı dərslərinə söykəndikdə bu narahatlıq bizə nə vəd edir və biz bu narahatlığı necə aradan qaldıra bilərik?

Vaqif Xaçaturyanın məhkum edildikdən sonra Ermənistana transfer edilməsi hüquqi baxımdan beynəlxalq praktikaya uyğun mexanizm kimi təqdim oluna bilər. Doğrudan da, beynəlxalq hüquqda “məhkumun verilməsi” institutu mövcuddur və bu, bir sıra hallarda humanitar və siyasi-diplomatik səbəblərlə tətbiq edilir. Lakin burada əsas məsələ hüquqi mexanizmin mövcudluğu deyil, onun hansı kontekstdə və hansı nəticələrlə tətbiq olunmasıdır.

Xaçaturyanın işi sıradan cinayət işi deyil. Söhbət etnik təmizləmə və soyqırımı kontekstində törədilmiş ağır cinayətlərdən gedir. Bu tip cinayətlər beynəlxalq hüquqda xüsusi kateqoriya təşkil edir və onlara münasibətdə cəzanın labüdlüyü, ədalətin görünən və hiss olunan şəkildə təmin edilməsi əsas prinsip sayılır.

Bu nöqteyi-nəzərdən, məhkumun Ermənistana verilməsi hüquqi cəhətdən mümkün olsa da, siyasi və psixoloji baxımdan ciddi risklər yaradır. Ermənistanın indiyədək oxşar şəxslərə münasibətdə nümayiş etdirdiyi davranış – onları qəhrəmanlaşdırmaq ( Monte Melkumyan) cəzanı formal xarakterə çevirmək – cəmiyyətin ədalətə olan inamını sarsıda bilər.

Digər mühüm məqam beynəlxalq hüquqa inam məsələsidir. Azərbaycan cəmiyyəti haqlı olaraq sual verir: əgər bu gün beynəlxalq hüquq mexanizmləri işləyirsə, bəs niyə son 30 il ərzində işğal, etnik təmizləmə və soyqırımı faktlarına münasibətdə eyni həssaslıq göstərilmədi? Bu sual cavabsız qaldıqca, qəbul edilən qərarların legitimliyi ictimai şüurda mübahisəli olaraq qalacaq.
Nəticə etibarilə, məsələ təkcə bir məhkumun taleyi deyil, ədalətin necə təqdim edildiyi və qorunduğu ilə bağlıdır.

Biz cəmiyyət olaraq bir şeyi də açıq deməliyik: soyqırımda adı hallanan şəxslərlə bağlı qərarlar cəmiyyətin ədalət hissini sarsıtmamalıdır.
Əgər cəza real icra olunmayacaqsa, əgər canilər başqa ölkədə qəhrəmanlaşdırılacaqsa, bu, yalnız keçmişin yarasını yenidən qanatmaq deyil, həm də gələcək üçün təhlükəli presedent yaratmaqdır. Bu, “cinayət cəzasız qala bilər” mesajıdır ki, bu da heç bir xalq üçün qəbulolunan deyil. Bunun üçün birmənalı şəkildə prosesdə iştirak edən beynəlxalq tərəfdaşlardan real zəmanətlər tələb olunmalı, soyqırımı və ağır cinayətlərə münasibətdə siyasi deyil, prinsipial mövqe qorunmalıdır. Çünki
ədalət yalnız məhkəmə hökmü ilə yox, onun icrası və nəticəsi ilə ölçülür.
16-01-2026, 09:21
Вернуться назад