İGİD TEYMURLU
TANRIYA UZANAN POETİK HESABAT
Sən ömrümün şeirisən,
mən o şeirin nəfəs almayan misrası…
Dilimdə susan sözlərimi qəlbimdən süzüb
Sənin sükutuna çevirdim.
Zaman Sənin Doğum Gününə yaxınlaşdıqca
sevgim yol tapdı rəqəmlərə,
sükutum belə Səni aradı, Sənə səsləndi:
Doğum günün qutlu olsun,
Başımın Tacı, Ömrümün Bəzəyi —
Tanrının mənə verdiyi Payın adını
SEVGİ qoyduğum MÖCÜZƏM…
Sən mənim Başımın Tacı, Evimin Nuru, Ruhumun İşığı oldun.
Bu həyatda Səninlə bir ömür yaşayırıq;
acılardan keçib, çilələrdən adlamışıq.
Çiyinlərimizə düşən çilələri
Müqəddəs Kitabımızda buyurulan
“çəkməyə gücümüz çatan yük” sanıb
və onun ağırlığından heç zaman bezməmişik.
Çünki bilib və inanmışıq:
Tanrı payı yük olmaz — hədiyyədir.
Anlamışıq ki, biz bu Hədiyyənin sahibi deyil,
sevgi ilə qorunan, səbrlə daşınan
bir möcüzənin əmanətçiləriyik.
Yolumuz dolanbaclı, zaman-zaman yorucu olsa da
göz yaşı ilə yoğrulan yollarımıza belə
hər zaman ümidlə baxmışıq.
Göz yaşında qüsl alaraq
“Tanrıya min şükür” deyib,
“uzun, incə bir yol”u birlikdə yürümüşük.
Bizi “Qızıl Alma”ya aparan bu yolda
Özümüzə,
Dədələrimizdən, Nənələrimizdən miras qalan Öygü Dualarımıza,
Dilimizə, Dövlətimizə,
Millətimizə, Kimliyimizə,
Adətimizə, Ənənəmizə, Tariximizə
sahib çıxmışıq.
Bu yol təkcə ideallarımızın deyil,
eyni zamanda səbrin,
dövlət–vətəndaş münasibətlərində
sınaqların yoluna çevrilib.
Sınaqlarla dolu bu yolda Tanrıya və Onun şah Əsəri olan Özümüzə güvənmişik.
Dövlət Baba bəzən Tanrı Payımızın timsalında gələcəyimizə, vətəndaşına qarşı soyuq və qapalı davransa da,
biz Onun yolundan sapmamışıq.
Haqqı tapdalanmış halımızla belə
Dövlətimizə sahib çıxıb,
övladlarımızın qəlbində sual yaratmadıq ki, “budurmu dövlətin Sizə verdiyi qiymət?”- deyə, soruşsunlar.
Onlara Tanrıya, Ataya, Anaya,
Dövlətə və Millətə münasibətdə
sevgi aşıladıq və Dövlətimizlə eyni taleyi bölüşdük.
Taleyimizi bölüşərkən dərk etdik ki,
daşıdığımız Tanrı Payı
Dövlət Babadan da öncə
bizə əmanətdir.
O pay bizə sınaq kimi verilib,
amma hədiyyə kimi sevilməlidir.
Sevdiyimiz Hədiyyənin Sahibi olan
Uca Tanrını tanıdıq.
Bildik ki, biz Ondan gəlmişik
və Ona qayıdacağıq.
Amma həm Onun,
həm də yaratdığı ŞAH ƏSƏRin
qarşısında cavabdehik.
Bu cavabdehliyi
iki tale misrası kimi
son nəfəsə qədər
eyni sükutla paylaşdıq —
sevincimizdə də, kədərimizdə də.
Böyüklərimizdən dərs aldıq, böyüdük.
Övladlarımızla və Övladlarımıza böyük olduq.
Onların cəmiyyətdə yer tapması üçün
hər məşəqqətə dözdük və dözürük.
Hər çətinlikdə özümüzü sınadıq,
hər səssizlikdə ruhumuzu yoxladıq.
Şükür ki, tikanlı çəpərləri adladıq
və adlamağa davam edirik.
Bilirik: sınaq yalnız bizə deyil,
övladlarımıza da hədiyyədir —
öyrənmək üçün, böyümək üçün,
Əbədi Nura yönəlmək üçün.
Evin bünövrəsinə toxunanda,
qapının astanasından keçəndə
bir həqiqətlə nəfəs aldıq:
hər göz yaşı, hər əzab, hər gülüş
Tanrının əli ilə yazılmış
bir misra kimi həyatımıza həkk olunub.
Həyatımıza yazılan misraları
birlikdə oxuduq, birlikdə anladıq.
Bezmədik nə misralardan,
nə də çətinliklərdən.
Övladlarımızın hər uğuru
dua kimi əllərimizdən yüksəldi.
Tanrısal hədiyyəni
göz bəbəyi kimi qoruduq.
Anladıq ki, əsl varlıq
yalnız sevgi ilə nəfəs alanda yaşayır.
Məni və Sizi yaşadan da
aldığımız o eyni nəfəsdir.
Aldığımız nəfəsin hənirtisində
övladlarımız böyüdü,
gözlərimizdə nur doğdu.
Gülüşlərimizdə əbədiyyətin sükutu səsləndi.
Addımlarımızda Tanrı ilə danışdığımızı hiss etdik.
Səninlə yaşadığım illər mənə öyrətdi ki,
əsl güc —
bir-birimizi qorumaqda,
“məndən başlanan Vətən”i yaşatmaqda,
övladlarımızın yolunu işıqlandırmaqda
və Tanrının verdiyi hər Payı sevməkdədir.
Başımın Tacı, Evimin Nuru, Ruhumun İşığı,
ömrümüzün hər anı
Tanrının əbədiyyətlə toxuduğu
bir nağılın misrasıdır.
Biz isə o misranın səssiz şahidləriyik —
bir-birinə yazılmış,
övladlarla tamamlanan
və Tanrının sevgisi ilə
ömür boyu davam edən misralar.
Bu misralar qəlbimizdə
əbədi sevgi elegiyası kimi çalınır.
Amma bil ki, bu yazı
yalnız elegiya deyil —
bu, sevdiyim janrın özüdür: SEVGİ ODASI
Kədərin pıçıltısında elegiya varsa,
ümidlə baxdığımız sabahın nəğməsində
oda var.
Və beləcə ömrümüzün şeiri bitmir,
sadəcə misralar səssizləşir.
Çünki sevgi ilə yazılan heç nə
əbədiyyətdə nöqtə ilə bitmir —
o, Tanrının Əlində
davam işarəsi ilə yazılır.
Və o yazıda yazılıb:
Sən ömrümün şeirisən,
mən də o şeirin nəfəs almayan misrası,
Tanrının mənə verdiyi Payın adını
SEVGİ qoyduğum MÖCÜZƏM…