İGİD TEYMURLU
BOLLUQ SÜFRƏSİ VƏ BOŞ KİTAB RƏFİ
Dəyərli Telman Cəfərov bu bayram günündə xalqın kitab oxumamasından, kitab almamasından gileylənir və çıxış yolu axtarır. Bu narahatlıq, şübhəsiz ki, yerindədir. Amma sualın kökü bəlkə də başqa yerdədir: kitab oxumayan xalqmı günahkardır, yoxsa kitab almağa gücü çatmayan insanmı?
Məsələni romantik çağırışlarla deyil, sosial reallıqla izah etmək lazımdır. Çünki bu ölkədə kitab sevgisi yox olmur — sadəcə, gündəlik dolanışıq mübarizəsinin altında əzilir.
Vaxtilə Əliağa Vahid deyirdi ki, insanı bir tikə çörəyə möhtac edəndə onun başqa dəyərləri arxa plana keçir. Bu gün də fərqli deyil. Dörd il universitet, iki il magistratura oxuyan, yüksək qiymətlərlə təhsil alan bir müəllim 380 manat maaş alır. Onun 70–80 manatı yol xərclərinə gedir. Qalan məbləğlə isə adam bir ailənin kirayəsini, kommunal xərcıərini, yeməyini, geyimini, dərmanını, toyunu, yasını, Konstitusiyamızda vurğulanan ustirahət hüququnu necə təmin etsin?
Bu sualın cavabı yoxdur — çünki bu, riyazi deyil, sosial ədalətsizlik problemidir.
Eyni zamanda, ölkənin idarəçiliyində təmsil olunan fiqurların aldığı maaşlarla sadə vətəndaşın gəliri arasında uçurum var. Bu məmləkətdə əli qabarlı fəhlələr, qul bazarlarının daimi sakinləri, diplomları qəfədan altlığına çevrilən intiligentlər bayram nıdir bilməzlər, uzaqbaşı şəmkirli Bayram Kişini tanıyırlar. Amma ölkədə nə çox bayrambazlar. Bayram Nurludan tutmuş ta mən nə bilim kimlərə qədər nə çox bayrambazlıq edənlər...
Məsələn, Əli Əsədov, Məzahir Pənahov, nazirlər, komitə sədrləri, icra başçıları kimi yüksək vəzifəli şəxslərin, şirkət və idarə rəhbərlərinin, seçicilərini unudub ancaq özləri üçün əlləşən "millət vəkilləri"nin maaşı ilə müəllimin, fəhlənin, yaxud müharibə veteranının gəliri müqayisə edilə bilməyəcək qədər fərqlidir. Bu fərq sadəcə rəqəm deyil — bu, həyat keyfiyyətində, seçim imkanında, hətta düşüncə tərzində yaranan uçurumdur.
Bir tərəfdə bayram süfrələri dolub-daşır, digər tərəfdə isə insanlar bayramı sadəcə təqvimdə qeyd olunan gün kimi yaşayır və şablon cümlələrlə, quru sözlərlə bir-birini təbrik edib günü "yola verirlər".
“Bayrambazlıq” anlayışı belə getdikcə sosial təbəqələrə bölünür: biri üçün bolluq, digəri üçün isə sadəcə tamaşa.
Müharibə veteranına 80 manat, sağlamlıq imkanları məhdud vətəndaşa 200 manat, 4 il bakalavr, 2 il magistratura oxuyan müəllimə 380 manat, dövlət büdcəsini formalaşdıran neft sektorunda çalışan fəhlə kateqoriyasına 1350–1500 manat əmək haqqı verən məmləkətin baş naziri 17 min manat maaş alır. Belə sosial ədalətsizliyin fonunda qarnının, xəstəliyinin hayında olan insan kitabı necə alsın? Hansı pulla? Hansı rahatlıqla?
Çünki kitab almaq artıq mədəni seçim deyil, iqtisadi imtiyaza çevrilib.
Dəyərli Telman müəllim, kitab oxumağı təbliğ etmək, əlbəttə ki, vacibdir. Amma oxumaq üçün əvvəlcə yaşamaq lazımdır. Yaşamaq isə bu gün bir çox insan üçün mübarizədir, seçim yox.
Bu məmləkətdə kitabı daha çox maaşı yüksək olanlar ala bilərlər, biz yox. Bayramı da onlar qeyd edirlər. Digərləri isə sadəcə baxır.
Elə “bayrambazlıq” da buradan başlayır: biri üçün süfrə, digəri üçün seyr.
Və bəlkə də burada ortaya çıxan əsas sual yenə əvvəlində qoyduğumuz sualdır — problem nədədir: kitab oxumayan cəmiyyətdə, yoxsa oxumağa imkan verilməyən cəmiyyətdə?