DataLife Engine / Ata Vətən və Ata Ürək

Ata Vətən və Ata Ürək





İGİD TEYMURLU



AUTİZMİN VURDUĞU ZƏRBƏNİN İKİ ÜZÜ



Bu nə dünyadır…
İnsan bəzən səssizcə çıxıb getmək istəyir — geriyə baxmadan, içində boğulan fəryadla…

Amma bəzən də qalır. Çünki sevgi qaçmağa yox, dözməyə məcbur edir.

Mən bu vətəni canımdan çox sevdim və sevməkdəyəm...
Uğrunda can qoydum və yenə də can qoymaqdayam..

Çünki biz də ona “Ata Vətən” dedik — onu qorumağı özümüzə borc bildik.

Zərbə gələndə sipər olduq, geri çəkilmədik.
Amma həyatın elə bir məqamı var ki…
orada eyni insan — o döyüşçü, o sipər olan ata —
başqa bir zərbənin qarşısında dayanır.

Bu dəfə qarşısında düşmən yox…
öz övladının taleyi var.

Bir övladın atasına əl qaldırmasına nə ad verilir?
Çoxu düşünmədən deyər: tərbiyəsizlik.
Bəlkə də haqlıdırlar… ancaq öz bildikləri dünyada.

Amma başqa bir dünya da var — səssiz, ağır, içdən yaşanan dünya.
Orada bir ata illəti, ata zilləti var, orada bir ata illərini sərf edir ki, duymayanların baxışınca göz dağına çevrilən gözünün qənşərindəki autist övladı günün birində yetər ki, əllərini idarə etməyi bacarsın, bunun üçün o, minlərlə manat xərcləyir,
gecəsini gündüzünə qatır ki, övladı bir gün
özünü qoruya bilsin, öz işini görə bilsin,
bir addım da olsa müstəqil ola bilsin.

Və bir gün… o uşaq əl qaldırır.
Zərbə deyil bu — bir işarədir.
O işarə bir üsyan yox, bir başlanğıcdır.
Və bu zərbənin adı var — AUTİZM..
Və bu zərbə… nə qədər səssizdirsə, bir o qədər ağırdır.

Kənardan baxan bunu anlamaz, amma o ata… o anın içində uçmağa qanad axtarar.

Çünki bu, onun illərlə çəkdiyi kədərin içindən doğulan bir sevincdir.
Bu, həm də sevinc bəxş edən bir toxunuş, bu, həm də atanı mənən ayağa qaldıran bir hərəkətdir!

Bu, bəlkə də başqası üçün adi bir hal sayıla bilər, amma bu, övladı autist olan bir ata üçün möcüzədir.

Bu, atanın kədərinin sevincidir…

Bu, göz yaşının içində boy atan ümiddir…

Bu, səssiz mübarizənin ilk səsidir...

Amma bu hekayənin bir də ağır tərəfi var.

Vətənə canını sipər edən ata indi bu dərdin qarşısında tək qalırsa — bu, artıq başqa bir ağrıdır.

Necə ki, “Ata Vətən”i qorumaq övlad olaraq mənim borcumdursa, eləcə də mənim üzləşdiyim bu dərdin qarşısında Dövlətin — o böyük “Ata”nın — yanımda olması onun babalıq borcudur.

Çünki bu mübarizə təkbaşına daşınacaq yük deyil.
Autizmli uşaqların reabilitasiyası, onların həyata qazandırılması — bu, yalnız bir ailənin deyil, bir cəmiyyətin məsuliyyətidir.

Dövlət bu səssiz mübarizədə valideynlərin yanında olmalı, onların əlindən tutmalı, yükünü bölüşməlidir.
Necə ki, biz Vətəni qoruyuruq, eləcə də Vətən öz övladını sahibsiz qoymamalıdır.

Və bəlkə də buna görə insan hərdən getmək istəsə də, elə bu cür anlar üçün qalır — ümid etdiyi üçün,
dayaq gözlədiyi üçün, dayaq olduğu üçün...

Və bir gün bu səssiz fəryadın eşidiləcəyinə inandığı üçün…
1-05-2026, 05:58
Вернуться назад