DataLife Engine / GÖYÇƏDƏN LAÇINA UZANAN ÖMÜR

GÖYÇƏDƏN LAÇINA UZANAN ÖMÜR






Şəhid komandirimiz SÜLEYMAN ƏHMƏDOVun taleyi





...Bəzən bir insanın həyatı təkcə onun öz taleyi olmur. O həyat bir xalqın ağrısını, didərginliyini, mübarizəsini, ləyaqətini və yaddaşını özündə daşıyır.

1992-ci ildə torpaqlarımızın azadlığı uğrunda könüllü şəkildə mübarizəyə qalxan oğulların sırasında 713 saylı taborun Şəhid komandiri Süleyman Rəhim oğlu Əhmədovun ömür yolu da məhz belə talelərdən idi — Göyçədən başlayan, deportasiyalardan keçən və Hoçaz yüksəkliyində Şəhidlik zirvəsinə ucalan bir ömür...

1940-cı ilin qarlı yanvar günündə Göyçə mahalının Ağzıbir kəndində dünyaya gələn Süleyman Əhmədovun uşaqlığı çox keçmədən faciə ilə üz-üzə qalır. Hələ yeddi yaşı olarkən sovet hakimiyyətinin “köç siyasəti” adı altında həyata keçirdiyi deportasiya onun ailəsini də doğma ocağından qoparır. Əslində isə bu, köç deyil, Qərbi Azərbaycan türklərinin öz ata-baba torpaqlarından zorla sürgün edilməsi idi.

Göyçənin saf havasından, dağlarından, bulaqlarından ayrılan o uşaq sonralar ömrü boyu içində Vətən nisgili daşıyacaqdı...

Əhmədovlar ailəsi əvvəlcə Ağdaşa, daha sonra Daşkəsənə köçür. Çətinliklər və məhrumiyyətlər Süleyman Əhmədovu sındırmır, əksinə, daha da möhkəmləndirir. O, ali təhsil alır, hərbi xidmət keçir, Saratovda hərbi məktəbdə oxuyur və peşəkar zabit kimi formalaşır. Azərbaycana qayıtdıqdan sonra daxili qoşun hissələrində müxtəlif məsul vəzifələrdə xidmət edir.

Həm hərbi xidməti dövründə, həm də əvvəlki pedaqoji fəaliyyətində Süleyman Əhmədov intizamlı zabit, tələbkar müəllim, eyni zamanda qayğıkeş insan kimi yadda qalırdı.

Onu tanıyanların xatirəsində Süleyman Əhmədov ilk növbədə səmimi və mərhəmətli insan olaraq yaşayır. Əsgərlərinə adi hərbçi kimi yox, öz övladı kimi yanaşardı. Onların qayğısı ilə maraqlanar, problemlərini dinləyər, lazım gələndə sərt komandir, lazım gələndə isə ata nəfəsi olardı. Bilik və bacarığını ortaya qoymağı bacaran insan idi. Amma bunu heç vaxt özünü göstərmək üçün etməzdi. Çünki onun daxilində vəzifədən, rütbədən də böyük bir hiss yaşayırdı — Vətən sevgisi.

1990-cı ildə təqaüdə çıxdıqdan sonra çoxları kimi sakit həyat yaşaya bilərdi. Məktəbdə hərbi rəhbər, maarif şöbəsində hərbi müfəttiş kimi fəaliyyət göstərir, cəmiyyətə fayda verməyə davam edirdi. Amma həyat yoldaşı, dəyərli Gülüstan xanımın söylədiyi kimi, “Süleyman Vətənin taleyi təhlükəyə düşəndə sakit qalacaq adamlardan deyildi...”

Və elə də oldu...

Xocalı soyqırımından sonra artıq vicdanı onu arxa cəbhədə saxlaya bilmədi. Öz hərbçi dostları ilə birlikdə könüllü şəkildə cəbhəyə yollandı. Halbuki onun üç azyaşlı övladı vardı. O, ata idi. Evinə, balalarına lazım idi. Amma yaxşı anlayırdı ki, əgər Vətən qorunmasa, heç bir evin, heç bir uşağın sabahı olmayacaq.

Əvvəlcə 701 saylı briqadada silah üzrə rəis təyin edilir. Lakin masa arxasında qalmaq istəmir. Dəfələrlə ön cəbhəyə göndərilməsini xahiş edir. Şuşanın işğalından sonra isə artıq qəti qərarını verir: nəyin bahasına olursa olsun döyüşə gedəcəkdi.

Məhz həmin dövrdə tam əksəriyyəti yerli sakinlərdən ibarət olan 713 saylı Laçın taboru formalaşırdı. Süleyman Əhmədov da bu taborun komandiri kimi Kəlbəcərdən Laçına uzanan döyüş yolunda böyük şücaətlər göstərir.
Laçın və Ağdərə istiqamətində aparılan əməliyyatlarda birbaşa iştirak edir, döyüşlərə rəhbərlik edir. Əsgərlərinin arxasında yox, önündə gedən komandirlərdən olur. O dövrün ağır, qarışıq və xaotik savaş şəraitində belə iradəsini itirmir.

Həyat yoldaşı Gülüstan xanıma belə deyirmiş:
“Çox yaxın zamanda biz ermənilərə sarsıdıcı zərbə endirəcəyik. Bizim Əliyar Əliyevlə 3 oktyabrda görüşümüz olacaq. O görüşdə Əliyarın Qubadlı istiqamətindən, bizim isə Laçın istiqamətindən həyata keçirəcəyimiz əks-hücumun detalları müzakirə ediləcək...”

Həyatın qəribə qanunauyğunluğu var...
3 oktyabrda Əliyar Əliyev, 6 oktyabrda isə Süleyman Əhmədov Şəhid olur.
Əliyar Əliyevə ölümündən sonra Milli Qəhrəman adı verilsə də, Süleyman Əhmədova bu günədək heç bir fəxri ad verilməyib. Amma bəzi insanların ən böyük adı elə xalqın yaddaşında yaşamaq olur.

Beləcə Süleyman Əhmədov 1992-ci ilin 6 oktyabrında Hoçaz yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid oldu.

O, sadəcə bir tabor komandiri deyildi. O, deportasiya olunmuş bir nəslin qüruru, Vətən qarşısında son nəfəsinə qədər borcunu yerinə yetirən Azərbaycan zabiti idi.

Onun taleyində bir xalqın faciəsi də vardı, dirənişi də...

Göyçədən didərgin salınan o yeddi yaşlı uşaq illər sonra yenidən silaha sarılıb torpaq uğrunda döyüşdü. Və ömrünü Vətənə verərək adını Şəhidlik zirvəsinə yazdırdı.

Bu gün Bakının Şəhidlər Xiyabanında uyuyan Süleyman Əhmədov kimi insanlar sayəsində bu xalq hələ də ayaqdadır.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.


İGİD TEYMURLU
Tv713.az
15-05-2026, 22:02
Вернуться назад